Məhkəmə qərarları › İş №2(103)-4144/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4144/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4144/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd oğlu, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 116/2021 saylı işi üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000010742 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6775.75 ABŞ dolları məbləğində kredit borcu, 8209.96 ABŞ dolları məbləğində faiz borcu və 4761.05 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19746,76 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə sübut kimi 08.10.2008-ci il tarixli, 05L00000846 saylı kredit müqaviləsi (səh.13); 17 may 2013-cü il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 846 saylı saziş (səh.14); 20.06.2014-cü il tarixli, 05R000010742 saylı kredit razılaşması (səh.15); 20.06.2014-cü il tarixli ödəniş planı (səh.16); 20.05.2015, 18.02.2016, 10.03.2016, 14.07.2016, 06.02.2017 və 10.08.2017-ci il tarixli sazişlər və ödəniş planı (səh.17-28); pretenziya məktubunun surəti (səh.39, 41, 43); 17 may 2013-cü il tarixli, 05S000008248 saylı; 20 iyun 2014-cü il tarixli, 05S000012086 saylı; 24 yanvar 2012-ci il tarixli, 05S000004627 saylı; 28 oktyabr 2014-cü il tarixli, 005S**********1 saylı, 27 oktyabr 2014-cü il tarixli,005S**********1 saylı zaminlik müqavilələləri (səh.30, 31, 33, 35, 37); maliyyə arayışı (səh.6); 12 noyabr 2020-ci il tarixli, 9/4059 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyi (səh.100) tədqiq edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2021 saylı işi üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 "İddiaçı” QSC-nin xeyrinə 6760,20 ABŞ dolları məbləğində əsas borc, 7812,41 ABŞ dolları məbləğində faiz borrcu, 677 ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, qalan hissədə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyərinin 120 manat Cavabdeh1 tutularaq tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448.1, 470, 472, 477; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119-cu maddələrinə; Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 470.2, 471-ci maddələrinin şərh edilməsi haqqında” 04 sentyabr 2012-ci tarixli qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan kredit razılaşması üzrə və ekspertin rəyi nəzərə alınmaqla 6760,20 ABŞ dolları məbləğində kredit borcu, 7812,41 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 4761,05 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 677 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Zaminlərə qarşı iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. Yuxarıda göstərildiyi kimi, cavabdehlər borc müqaviləsi üzrə bank qarşısında Cavabdeh1 zaminidirlər. Bununla əlaqədar olaraq, onlarla iddiaçı arasında yaranmış hüquq münasibətləri mülki qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Cavabdeh1la kredit müqaviləsi 20.06.2014-cü il tarixdə 18 ay müddətinə (20.06.2015-ci il tarixədək) illik faiz dərəcəsi 2.25% olmaqla 18000 manat məbləğinə bağlanmışdır. Buradan görünür ki, zaminlər öz öhdəsinə Cavabdeh1 tərəfindən kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşlər. İddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə 17 iyul 2020-ci il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir. Zaminlər zaminlik müqaviləsinin müddətinin yeni şərtlərlə uzadılmasına dair yazılı razılığı iddia tələbinə əlavə olunmamışdır. Məhkəmə iclasında da belə razılaşma iddiaçı tərəfindən təqdim olunmadı. Şərh olunan hallara və qanunun yuxarıda göstərilən normasının dispozisiyasına əsasən cavabdehlərin zaminlik müqaviləsinin qüvvəsinə 20 iyun 2015-ci il tarixdə xitam verilmişdir və bununla əlaqədar olaraq onlara qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Bu əsasla onlar kredit müqaviləsi üzrə borcluların sırasından çıxarılmalıdır. Ona görə də, onlara qarşı irəli sürülən iddia təmin edilmədən saxlanılmalıdır. İddiaçı QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(009)-116/2021 saylı qətnaməsini qismən - iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd oğlu, Cavabdeh5 və Cavabdeh6 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi; həmin hissədə də tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 477; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18.03.2019-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357, 360, 385.1, 386, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) 04.09.2012-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə əsaslandırılmışdır. a) İlkin olaraq, hazırkı mülki iş üzrə MM-in 477.0.4-cü maddəsinin tətbiqinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və MM-in 477.0.4-cü maddəsində qeyd olunan müddət düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrdən görünür ki, həmin müqavilələr üzrə zaminlik öhdəliyinin qüvvədə olma müddət 08.05.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin giriş hissəsində birbaşa qeyd edilmişdir ki, "... 08.10.2008-cii il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 05L000000846 saylı Kredit xətti müqaviləsi (bundan sonra "Kredit Xətti Müqaviləsi) və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmalı üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışlar: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 100000 (yüz min) ABŞ dollar; Uzunmüddətli Kredit Müqaviləsinin Müddəti: 175 ay." İddiaçı tərəfindən zaminlərə qarşı məhkəmə müstəvisində tələbetmə hüququ həmin müddət çərçivəsində icra edilmişdir, yəni artıq 23.06.2020-cı il tarixində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı iddia tələbi irəli sürülmüşdür. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə cavabdehlər-zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə həmin müddət (yəni 08.05.2023-cü il tarixinə kimi) müəyyən edilmiş və İddiaçı tərəfindən irəli sürülən tələb isə qeyd olunan müddətlər daxilində olmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 116/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasnının 24, 25, 26, 217; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4, 88, 179, 384, 385-ci maddəsinə; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə bildirmək istəyir ki, səhhətimlə əlaqədar ciddi problemlərim vardır. Həmçinin, ailə tərkibimiz 9 (doqquz) nəfərdən ibarətdir və maddi rifahımız olduqca aşağıdır. Həmçinin məhkəmə iclasında iştirak etmələrinə dair məktubların (bildirişlərin) işdə iştirak edən şəxslərə göndərilməsinin təmin edilməsi, məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan digər təşkilati işlərin həyata keçirilməsi, məhkəmə iclasına çağrılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib-verilmədiyinin aydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırılması məhkəmə iclas katibinin vəzifələrinə aiddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnamə qəbul edən zaman MM-in 477.4-cü maddəsinə istinad etdiyini, kredit xətti üzrə zaminlik öhdəliyinin 2023-cü il tarixə kimi qüvvədə olduğunu, 31.03.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarı olduğunu, kredit xətti müqaviləsi üzrə 2017-ci il tarixdə müddətin artırıldığını, zaminlərlə də bağlı eyni dəyişikliklər olunduğunu və onların müqavilələrində bunun öz əksinin tapdığını bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd: 26.04.2021-ci il tarixli məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçı ilə danışıqlar aparıldığını, razılıq əldə edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, Tərəflər arasında mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclası 24.05.2021-ci il tarixə təxirə salınmışdır. Lakin iddiaçının nümayəndəsi M.Hüseynova tərəflər arasında barışığın əldə edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331, 355-357, 385-390, 399, 404, 442, 470-477, 739, 741, 743, 744, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış olsa da, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun zaminlərə münasibətdə düzgün olmayan qənaətə gəlmişdir. Diqqətə çatdırılmalıdır ki, 17.05.2013-cü il tarixli kredit xətti müqaviləsi ilə 100000 ABŞ dollar uzunmüddətli kredit müqaviləsinin müddəti 175 ay olmuş və bu müddəa zaminlik müqavilələrində (dəyişikliklərdə) öz əksini taparaq onlarla razılaşdırılmış, 20.06.2014-cü il tarixli kredit razılaşması üzrə dəyişdirilmə onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olması sübuta yetirilmir. Bundan əlavə, zaminlər (cavabdehlər) məhkəmə prosesində özlərinin müqavilə öhdəliklərinə xitam verilməsi üzrə dəlillər irəli sürməmiş və bu yönəmdə mövqelərini belə nümayiş etdirməmişlər. Diqqətə çatdırılmalıdır ki, müqavilə azadlığı üzrə mülki hüquqların təməl prinsipi onların iradə ifadəsinin bəyan edilməsini ehtiva edir və məhkəmənin öz təşəbbüsü ilə tərəflərin iradə ifadələrinə müdaxilə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməli və zaminlərə aid iddianın təmin edilməyən hissəsində qətnamə ləğv edilməli onların da cavabdehliyi müəyyən edilməklə iddia qismən, yəni məhkəmə tərəfindən müəyyən edilən vəsait üzrə, iddia təmin edilməlidir. Cavabdehin apellyasiya şikayəti əsassız olduğundan və dəlilləri üzrə sübutedici mötəbər sübutlar təqdim edilmədiyindən (faktiki hallara dair ümumiyyətlə dəlillər təqdim etmədiyindən) rədd edilməlidir. Apellyasiya şikayəti üzrə tələb omaldığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onun ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 116/2021 saylı işi üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi qismən (zaminlərə münasibətdə təmin edilməyən hissədə) ləğv edilsin və həmin hissədə (zaminlərə münasibətdə) iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada "İddiaçı” QSC-nin xeyrinə 6760,20 ABŞ dolları məbləğində əsas borc, 7812,41 ABŞ dolları məbləğində faiz borrcu, 677 ABŞ dolları cərimə borcu, cəmi 15209,61 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar