Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4146/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, onun vəkili X8, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(004)-2097/2024 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil bir pay kimi verilir. Müqavilənin 2-ci maddəsinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 250 ABŞ dolları təyin edilir. Cəmi 104 kv.m sahə üçün 26000 ABŞ dolları təşkil edir. Ödəniş “payçı” tərəfindən 5000 ABŞ dolları ödənilmişdir. Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyekti bir pay kimi verilir. Müqavilənin 2-ci maddəsinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 350 ABŞ dolları təyin edilir. Cəmi 135,5 kv.m sahə üçün 47400 ABŞ dolları təşkil edir. Ödəniş “payçı” tərəfindən 5000 ABŞ dolları ödənilmişdir. 10 oktyabr 2007-ci il tarixli, 442 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 10000 ABŞ dolları kassaya mədaxil edilmişdir. 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 30000 ABŞ dolları kassaya mədaxil edilmişdir. 10 may 2008-ci il tarixli, 595 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən ticarət obyekti almaq üçün 10000 ABŞ dolları kassaya mədaxil edilmişdir. 17 iyun 2008-ci il tarixli, 637 nömrəli kassa mədaxil orderin surətindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 5000 ABŞ dolları kassaya mədaxil edilmişdir. 05 avqust 2008-ci il tarixli, 801 nömrəli kassa mədaxil orderin surətindən görünür ki, İddiaçı tərfindən ticarət obyekti almaq üçün 5000 ABŞ dolları kassaya mədaxil edilmişdir. Hazırda iddiaçı ödədiyi pulu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının Xanlar şəhəri, (hazır ki Göy-Göl şəhəri) R.Nəsibov küçəsi Xanlar- Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 135,5 kv.m olan qeyri-yaşayış sahəsinə, Xanlar şəhəri, (hazır ki Göy-Göl şəhəri) R.Nəsibov küçəsi Xanlar - Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbələi yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kv.m olan yaşayış sahəsinə köçürülməyinə dair maneənin aradan qaldırılmaqla köçürülməyinə, bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri-yaşayış sahələrinin payçı olaraq tərəfindən ödənilmiş 58000 ABŞ dolları pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan payçı olaraq ödənilmiş 58000 ABŞ dolları pulun tutularaq iddiaçıya ödənilməsi iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, iş üzrə cavabdeh «Avaqard- İnşaat» ilə aralarında bağlınmış 11 avqust 2007-ci il tarixli ilkin müqaviləyə əsasən Xanlar şəhəri, (hazırda Göy-Göl rayonu) R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda 1-ci mərtəbəsində 135, 5 kv.m olan ticarət obyektini və həmin yaşayış binasında 104 kv.m olan sahəni dəyərini tam olaraq ödəyərək almışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 1.2-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən təmin edilsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini yəni, qeyd olunan sahələri iddiaçının istifadəsinə, sahibliyinə və sərəncamına verməkdən imtina edir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərədə tutulmuş maddi hüquq normalarının tələbləri pozulur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ilkin müqavilələrdən və ödəniş qəbizlərindən də görünür ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək payçı kimi bütün ödənişlər edilmiş və hazırda bina tam hazırdır. Müqavilədədə göstərildiyi kimi iddiaçı tərəfindən payçı olaraq pay tam ödənildikdən sonra və bina tam olaraq hazır olduqda müqavilə üzrə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-256/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı 58.000 ABŞ dolları pul tələbinə dair 2(125)-256/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 70000 ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(004)- 2097/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MTK-dan 70000 (yetmiş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, cavabeh Cavabdeh MTK ilə İddiaçı arasında 11 avqust 2007-ci il tarixdə ilkin müqavilələr bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, müqavilədə göstərilmiş məbləği 70000 ABŞ dolları cavabdehə ödəmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi məbləği cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin ediməlidir. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə istinad edilən Göygöl rayonu, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa edilən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində sahəsi 104 kv.m olan mənzil mövcud deyildir. Eyni zamanda cavabdeh "xxxx" MTK xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən yeni təsisçilərə satılmışdır. Nə alqı-satqı olan zamanadək, nə də alqı-satqıdan ondan sonra binanın layihə sənədlərində ümumiyyətlə 104 kv.m mənzil nəzərdə tutulmamışdır. İddiaçı ilə keçmiş təsisçi arasında bağlanmış müqavilənin hansı şəraitdə və zərurətlə bağlandığı barədə məlumatları yoxdur. Məhkəmənin istinad etdiyi ödəniş qəbzlər sadəcə olaraq “mənzil” və “ticarət obyektinin” alınması məqsədilə verildiyi qeyd edilmişdir. "xxxx" MTK-nın inşa etdiyi bir çox binalar mövcuddur ki, bu qəbzlər onlardan hansına verildiyi məlum deyildir. Hətta mümkündür ki, iddiaçı hansısa binadan mənzil və ya ticarət obyekti əldə etmişdir. "xxxx" MTK-nı cəmi 2 il əvvəl əldə edildiyi üçün bu nüansı tam araşdıra bilməmişlər. Eyni zamanda məhkəmə də bu halı nəzər almamışdır. Bundan başaqa əslində iddiaçının mənzil almaq kimi bir niyyəti olmamışdır. Belə ki, keçmiş təsisçinin onlara şifahi olaraq bildirdiyinə görə o, həmin dövrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışırdı. Çalışdığı dövrdə Nəsir adlı bir şəxsə torpaq satmışdır. Torpağın pulunu ala bilmədiyi üçün əslində torpağın pulunu Nəsirdən alandək faktiki olaraq öhdəliyin təminatı qismində hazırkı alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni müqavilə formal olmuş və verilmiş qəbzlər də formal xarakter daşımışdır. Təsadüfi deyildir ki, alqı-satqı müqaviləsi üzrə cəmi dəyəri 26000 ABŞ dolları olan mənzilə görə qəbzlərə istinad edilsə aydın olur ki, 45000 ABŞ dolları ödənilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər araşdırılsa idi o zaman müəyyən olunardı ki, hazırkı alqı-satqı müqaviləsi əslində digər bir aktı pərdələmək niyyəti ilə formal olaraq bağlanmışdır və etibarsız əqddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili X10 ayrıayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o əvvəllər "xxxx" şirkətinin təsisçisi olmuşdur. 2007-ci ildə İddiaçı Göygöl İcra hakimiyyətində işləmişdir. İddiaçı ona müraciət edərək onların tikdiyi binada bir mənzil və qeyri-yaşayış sahəsinin almaq istədiyini bildirmişdir. Bununla bağlı həm mənzilə həm obyektə görə ilkin müqavilələr bağlanaraq İddiaçı ona 20000 ABŞ dolları pul ödəmişdir. Sonradan neçə dəfə İddiaçı yanına gedib ki, obyekti götürür ya götürmür, pulu tam ödəsin müqaviləni imzalasınlar. Amma müqavilələri tam bağlaya bilmədilər. İddiaçı həqiqətən də mənzil və obyekt almaq niyyəti olub, bu səbəbdən ilkin müqavilələr bağlanıb, 20000 ABŞ dolları pul ödəyib, digər məbləğ ödənilmədiyindən müqavilələr bağlanılmayıb. Müqavilələrdəki və kassa məxaric orderlərdəki imzalar X2 məxsusdur, 637 və 801 saylı qəbzlərin surətləri olsa da imzalar ona məxsusdur, qəbzləri qəbul edir, 595 saylı qəbzi qəbul etmir, kimin tərəfindən imzalanmasını bilmir, möhür amma şirkətin möhürüdür. 30000 ABŞ dolları ilə bağlı qəbz isə Nəsirin borcuna görə İddiaçı təqdim edilmişdir, həmin məbləğ İddiaçı tərəfindən kassaya mədaxil olunmamışdır. O, 20000 ABŞ dolları pul, 5000 ABŞ dolları bir, 5000 ABŞ dolları bir, sonra da 10000 ABŞ dolları Atəşdən pul alıb. Torpaq sahəsi var idi, İddiaçı 80000-ə satırdı, əvvəl 50000-ə danışılmışdı, Nəsir almaq istəyirdi o torpağı. Nəsir Atəşə 50000 ödədi və Nəsirin xahişi ilə o da 30000 ABŞ dollarlıq qəbz yazdı Atəşə verdi, həmin pul kassaya mədaxil olunmayıb. Nəsir ondan xahiş etdi ki, o qəbzi Atəşə versin. Müqavilə bağlanandan 2-3 il sonra torpaq alqı-satqısı oldu. O, Nəsirdən 30000 manata beton alırdı, ona görə Atəşə qəbz vermişdi. 30000 pul ödənilməli idi, dedi ya betona hesablayaq, ya da Atəşdən bu pulu almalıdı. Nəsir dedi 30000 onluqdur, amma 30000 kassaya mədaxil olmadı. Sadəcə 30000-i deyib əvəzləşdirsinlər. Atəşə çox zəng etdi ki, bu müqaviləni bağlasınlar ama müqavilə bağlanmadı. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı X1 ev və obyekt almış, lakin həmin əmlaklar ona təqdim edilməmişdir. Camaləddinin dedikləri yalandır. Birincisi betonun məbləği 30000 ABŞ dolları yox 30000 manat idi. Cəmaləddinin indi də ona borcu var, onun əvəzindən Atəşə pul ödəməyib, heçnə ilə də əvəzləşdirilməyib. Təklif edib ki, onun əvəzindən ödəsin, amma ödəmədi. Atəşin ev ilə obyektin alınmasında onunla Camaladdinin arasındakı söhbətlərə aiddiyatı yoxdur. Cəmaləddinin ona borcu var idi, 30000 manatı da ödəməyib. Cəmaləddinin ona borcu var idi və borcunu ödəməmişdir. 30000 pulun ona və Atəşə aidiyyatı yoxdur, onun əvəzindən Atəşə pul verməyib, betonla bağlı heç bir əvəzləşdirmə olmayıb. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarında cavabehlə Cavabdeh MTK ilə İddiaçı arasında arasında 11 avqust 2007-ci il tarixdə ilkin müqavilələr olsa da, iddiaçı tərəfindən onlar imzalanmamışdır. İddiaçı bunun səbəbini müqavilələr tərtib edilən tarixdə ilkin ödəniş kimi cəmi 10000 ABŞ dolları ödəsə də, ona müqavilələrdə göstərilən məbləğin tam ödənildikdən sonra imzalamağa verəcəklərini bildirməsi olmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etməyərək iddiaya mövqeyini bildirməmiş, apellyasiya şikayətində iddiaçı ilə keçmiş təsisçi arasında bağlanmış müqavilənin hansı şəraitdə və zərurətlə bağlandığı barədə məlumatları olmamamasını, Göygöl rayonu, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində inşa edilən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində sahəsi 104 kvm olan mənzil mövcud olmamasını, həmçinin keçmiş təsisçinin məlumatlarına əsasən göstərilən müqavilələrin əslində digər bir aktı pərdələmək niyyəti ilə formal olaraq bağlanmasını qeyd etməklə iddiaya etiraz etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 10 oktyabr 2007-ci il tarixli, 442 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərfindən mənzil almaq üçün 10000 ABŞ dolları, 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderinə əsasən 30000 ABŞ dolları, 10 may 2008-ci il tarixli, 595 nömrəli kassa mədaxil orderinə əsasən ticarət obyekti almaq üçün 10000 ABŞ dolları, 17 iyun 2008-ci il tarixli, 637 nömrəli kassa mədaxil orderinin surətinə əsasən mənzil almaq üçün 5000 ABŞ dolları, 05 avqust 2008-ci il tarixli, 801 nömrəli kassa mədaxil orderinin surətinə əsasən ticarət obyekti almaq üçün 5000 ABŞ dolları Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş, qəbzlər həmin MTK-nın möhüru ilə təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 əsilləri məhkəməyə təqdim edilmiş ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektinə dair bağlanmış ilkin müqavilələr zamanı hər müqavilə üçün iddiaçı tərəfindən ödənilmiş 5000 ABŞ dolları, cəmi 10000 ABŞ dolları məbləğində vəsaitin tərəflərindən qəbul edildiyini, iş materiallarında kserosurət olan 637 və 801 nömrəli qəbzlərdəki imzanın ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, şahid ifadəsində əsilləri məhkəməyə təqdim edilmiş ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektinə dair bağlanmış ilkin müqavilələr zamanı hər müqavilə üçün iddiaçı tərəfindən ödənilmiş 5000 ABŞ dolları, cəmi 10000 ABŞ dolları məbləğində vəsaitin tərəflərindən qəbul edildiyini bildirməklə və 637 və 801 saylı qəbzlərdəki imzanın ona məxsus olmasını etiraf etməklə həmin hissədə iddiaçını 20000 ABŞ dolları vəsaitin cavabdehə təqdim edilməsini sübutetmə yükündən azad etmişdir. Məhkəmə kollegiyası şahid ifadəsinə əsasən həmin qəbzləri subut növü kimi qiymətləndirməklə yanaşı apellyatorun da həmin qəbzlərin mövcudluğu qəbul etdiyi üçün məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən qəbzlərin əsli deyil, kserosurət olmasına dair dəlilini artıq əhəmiyyətsiz və əsassız olmasını qeyd edir. Həmçinin şahid ifadəsində 30000 ABŞ dolları məbləğinin əks edildiyi 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderinin də onun tərəfindən imzalanmasını göstərməklə yanaşı bildirmişdir ki, iddiaçı tərəfindən 30000 ABŞ dollar məbləğində vəsait ödənilməmiş, bu məbləğin X4 olduğu borca görə əvəzlənməsini göstərməklə bu barədə təqdim edilmiş mədaxil qəbzi mötəbər sübut kimi qəbul edilməli olmamasını göstərmişdir. Lakin bu məbləğin X7 şahid qismində verdiyi ifadəsində və iddiaçı izahatında bu faktı təsdiq etməyərək həqiqət olmadığını bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, şahid Cəmaləddin Məmmədov 30000 ABŞ dollar məbləğində vəsait ödənilmədiyini bildirsə də iş materiallarına əlavə edilmiş 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən mənzil almaq üçün 30000 ABŞ dolları kassaya mədaxil edilmişdir və həmin mədaxil orderində göstərilən məlumatların həqiqətə uyğun olmaması barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, şahid X3 iş materiallarında olan 10 may 2008-ci il tarixli, 595 nömrəli kassa mədaxil orderinə əsasən ticarət obyekti almaq üçün 10000 ABŞ dolları almasına dair təqdim edilmiş qəbzdə olan imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə kollegiyası həmin qəbzin əslində şahidin təsisçisi olduğu Cavabdeh MTK-nın möhürü vurulmasını nəzərə alaraq şahidin ifadəsini inandırıcı saymır, qeyri səmimi verilmiş ifadə kimi qiymətləndirir və hesab edir ki, iddiaçının ev və ticarət obyekti almaq üçün sözügedən MTK-nın hesabına 70000 ABŞ dolları ödəməsi işin faktiki araşdırılmış və tədqiq edilmiş sübutları ilə tam öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi digər dəlillərə dair mötəbər sübut təqdim edə bilməməsini də xüsusilə qeyd etməyi zəruri sayır. Belə ki, işin faktiki halları ilə Cavabdeh MTK-nın keçmiş təsisçisi Nəsir adlı bir şəxsə torpaq satması, torpağın pulunu ala bilmədiyi üçün əslində torpağın pulunu Nəsirdən alandək faktiki olaraq öhdəliyin təminatı qismində hazırkı alqı-satqı müqaviləsi bağlanması müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəf binanın layihə sənədlərində ümumiyyətlə 104 kv.m mənzil nəzərdə tutulmadığını bildirsə də tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil bir pay kimi verilir. Digər tərəfdən iddiaçı tələbində ev və obyektin verilməsini artıq tələb etməyərək tələbini dəqiqləşdirsə də, apellyasiya şikayətinin dəlillərinə qiymət vermək baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf bina layihəsində qeyd olunan sahəyə malik mənzilin olmamasına dair mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərini mübahisələndirərək apellyasiya şikayətində göstərmişdir ki, “ödəniş qəbzlər sadəcə olaraq “mənzil” və “ticarət obyektinin” alınması məqsədilə verildiyi qeyd edilmişdir. "xxxx" MTK-nın inşa etdiyi bir çox binalar mövcuddur ki, bu qəbzlər onlardan hansına verildiyi məlum deyildir. Hətta mümkündür ki, iddiaçı hansısa binadan mənzil və ya ticarət obyekti əldə etmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə məxsus hər hansı binadan – hazırki müqavilələrdən başqa mənzil və ya ticarət obyekti əldə etməsi barədə də mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, bu sübutu təqdim etmək üçün kollegiya tərəfindən məhkəmə iclası təxirə salınmış, növbəti iclasda cavabdeh tərəf belə bir halın mövcud olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi həyata keçirsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə ödədiyi ümumilikdə 70000 ABŞ dolları məbləğində vəsait cavabdehdən tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Müddətin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi-vəkilinin təqdim etdiyi ərizəsinə kollegiya qiymət verərək qeyd edir ki, iş materiallarında olan 79-cu səhifədən görünür ki, mülki işə Gəncə şəhər Məhkəməsindən baxılarkən cavabdeh tərəfindən hüquqi ünvanla bağlı ərizə göndərilmişdir, yəni aidiyyat mübahisələndirilmişdir. Bundan başqa Yasamal rayon Məhkəməsində işə baxılarkən məhkəmənin hazırlıq iclasının təxirə salınması xahiş edilmişdir. ( səhifə 92 ). Bu isə cavabdehin hazırki mübahisədən nə vaxtdan məlumatlı olmasını təsdiq edir. Belə olan halda təqdim olunmuş ərizənin müzakirəsi məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili müqavilələrin iddiaçı tərəfindən imzalanmamasını və həmin müqavilələrin etibarsız hesab edildiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı imzalamadığı müqavilələri bəyənmiş, onun şərtlərinə uyğun ödəniş aparmışdır. Bu halda müqavilədə onun imzasının olmaması həmin əqdlərin etibarsız sayılması üçün əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(004)- 2097/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Günel Abbasova