Məhkəmə qərarları › İş №2(103)-4148/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4148/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4148/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh "X7 Azərbaycan" QSCnin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil1 vasitəsilə) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, iki fərqli şəxsin mülkiyyətində olan iki əmlak ipoteka ilə yüklü edilmişdir. Hazırda əmlaklardan birinin dəyəri kredit müqaviləsi əsasında tələb olunan borcdan artıqdır. Bu hala əsaslanan iddiaçı digər əmlakın ipoteka yüklülüyünə xitam verilməsini tələb etmiş, məhkəmə tərəfindən qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh "X7 Azərbaycan" QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətmanə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə cavabdeh bank ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan "xxxx" MMC-yə digər öhdəliklərinin bağlanması ilə bağlı 1.951.000 ABŞ dolları məbləğində kreditə pul verilmişdir. Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ "Polad” MMC-yə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi cavabdeh bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirməyə görə 2.460.062 manat məbləğində müəyyən edilmişdir. Həmçinin borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ İddiaçı məxsus və ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil cavabdeh bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirməyə görə 1.187.500 manat məbləğində müəyyən edilmişdir. Sonradan “X7 Azərbaycan” QSC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, “Asmet LTD" MMC-dən, "xxxx" MMC-dən, X1 və İddiaçı müştərək (birgə) qaydada ümumilikdə 2.092.643,21 manat məbləğində kredit borcunun və s. xərclərin tutulması, eyni zamanda borcun hər iki ipoteka predmetinə yöndəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi ilə tələbin icrası üçün ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri demək olar ki, eynidir. Lakin həmin əmlakların orta bazar və likvid dəyərləri öncəki qiymətləndiricilər tərəfindən süni şəkildə endirildiyindən məhkəmə tərəfindən ekspertizalar təyin edilmişdir. İş üzrə ipoteka predmeti olan mənzilin dəyərinin müəyyən edilməsi üçün məhkəmə eskpertizası keçirilmiş və mənzilin bazar dəyəri 2.450.000 manat, likvid dəyəri isə 2.220.000 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, digər ipoteka predmeti olan əmlak kompleksinin dəyərinin müəyyən edilməsi üçün 2 məhkəmə ekspertizası keçirilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, əmlak kompleksinin bazar dəyəri 6.550.000 manat, likvid dəyəri isə 6.300.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, yuxarıda qeyd edilən əmlak kompleksinin bazar dəyəri 6.380.000 manat, likvid dəyəri isə 6.060.000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, müəyyən etmək olur ki, ipoteka predmeti olan əmlak kompleksinin ümumi dəyəri mövcud kredit borcundan dəfələrlə yüksəkdir. Belə olan təqdirdə, digər əmlakın, yəni ipoteka predmeti olan mənzilin ipoteka ilə yüklü qalmasına heç bir ehtiyac qalmır. Çünki ən riskli halda belə ipoteka predmeti olan əmlak kompleksinin dəyəri hesabına hazırkı kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyac qalmayacaq, ən əsası da bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə, digər əmlakın, yəni ipoteka predmeti olan mənzilin girovda qalması mülkiyyətçinin konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad edilməlidir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(006)-1868/2024 nömrəli mülki iş üzrə, hakim Ə.Heydərova) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü ipoteka yüklülüyünə xitam verilməsi əsası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsində sadalanan ipotekaya xitam verilməsi əsaslarından heç birinə aid deyildir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunun analogiyasına əsaslanaraq qəti olaraq demək olar ki, əgər qanunverici “qanunla qadağan olunmayan hər şey icazəlidir” prinsipini tanıyırsa və ya əgər qanunverici ipoteka saxlayana tələblərin icrasında növbəlik üstünlüyünün dəyişilməsinə icazə verirsə, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edirsə və ya bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdursa, niyə məhkəmə analogiya tətbiq etməklə bir ipoteka predmeti ilə kredit öhdəliyi tam olaraq ödənilə bilirsə digər ipoteka yüklülüyünə xitam vermir. Belə qərarın verilməsinə birbaşa qadağanın olmaması ilə yanaşı, məhkəmənin mübahisələndirilən mövqeyi ilə iddiaçının Konstitusiyanın 15, 29 və 59-cu maddələrində sadalanan hüquqları pozulur. İddia ərizəsində də qeyd edildiyi kimi, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri mövcud kredit borcundan ən azı 2 dəfə yüksəkdir. Hətta “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ilkin və təkrar hərracların baş tutmadığı halda da ipoteka predmetinin dəyəri azalarsa (əmlak kompleksinin dəyəri müvafiq qaydada 15 və 25 faiz azalsa belə) yenə də həmin dəyər kredit öhdəliyini ödəməyə yetərlidir. Belə olan təqdirdə, digər əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin ipoteka ilə yüklü qalmasına heç bir ehtiyac qalmır. Çünki ən riskli halda belə əmlak kompleksinin dəyəri hesabına hazırkı kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyac qalmayacaq, ən əsası da bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə digər əmlakın, yəni mənzilin girovda qalması mülkiyyətçinin Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra mətndə - Mülki Məcəllə):

12. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

13. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

14. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

15. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

16. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

17. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

18. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 1.0.5. ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir

20. Maddə 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

21. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM):

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri:

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia tələbi rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, cavabdeh bank ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə 20449/2019 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixədək, illik 1 faiz olmaqla 1.951.000 ABŞ dolları məbləğində kredit vermişdir. Bununla yanaşı, cavabdeh bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və "Polad” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə 2.460.062 manat məbləğində müəyyən edilmişdir. Həmçinin cavabdeh bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan İddiaçı arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən, ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyi ilə 1.187.500 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh bank kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyinə görə məhkəməyə müraciət etmiş, borcalan və ipoteka qoyanlardan ümumilikdə yaranmış 2.078.986,21 ABŞ dolları məbləğində borc pulu tələb etmişdir. Kommersiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin hazırkı bazar qiyməti 6.550.000 manat, likvid qiyməti isə 6.300.000 manat məbləğində, ipoteka ilə yüklü edilmiş mənzilin hazırkı bazar qiyməti 2.450.000 manat, likvid qiyməti isə 2.220.000 manat məbləğindədir. Bu hallar müəyyən edildikdən sonra iddiaçı da məhkəməyə müraciət edərək, onun mülkiyyətindəki mənzil üzrə ipoteka yüklülüyünə xitam verilməsini xahiş etmişdir. O, bu tələbini belə əsaslandırmışdır ki, eyni müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, iki əmlak ipoteka ilə yüklü edilmiş, onlardan birinin dəyəri isə kredit müqaviləsi əsasında tələb olunan borcdan artıqdır, bu halda digər əmlakın ipoteka yüklülüyündə qalmasına ehtiyac yoxdur.

29. Qeyd olunanları qanunvericiliyin tələbləri ilə birgə təhlil edən məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin ipoteka hüququnun anlayışını müəyyən edən 269-cu maddəsinə əsasən, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəlləyə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.

31. Beləliklə, ipotekanın məqsədi əsas öhdəliyin icrasının ipoteka predmeti hesabına təmin edilməsindən ibarətdir. İpoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir.

32. İpoteka saxlayanın bu hüququna isə formal mülahizələr əsasında xitam verilə bilməz. Belə ki, qanunvericilikdə ipotekaya xitam verilməsinin konkret əsasları müəyyən edilmişdir. Bu əsaslar isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48ci maddəsində öz əksini tapmışdır. Belə olan halda, mübahisənin düzgün həlli üçün Qanunun məhz bu maddəsinin tələbləri rəhbər tutulmalıdır. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

33. Göründüyü kimi, qanunverici iddiaçının hazırda əsaslandığı halı ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Hazırda da ipoteka öhdəliyinin bağlı olduğu əsas öhdəlik, yəni borc öhdəliyi icra edilməmiş vəziyyətdədir və bununla bağlı kommersiya məhkəməsində iddia tələbi mövcuddur. Əmlakın ipoteka ilə yüklü edilməsindəki məqsədlərdən biri də, məhz borc öhdəliyinin icra edilmədiyi təqdirdə ipoteka predmeti olan əşyanın satılması ilə əldə olunmuş vəsait hesabına tələbin təmin edilməsi olduğundan, ipoteka saxlayanı bu hüququndan məhrum etmək ədalətsiz olar. Bu baxımdan, iddiaçının irəli sürdüyü əsasla ipoteka predmetinin yükülülükdən azad edilməsi ipoteka saxlayanın hüquqularının pozulması ilə nəticələnəcəkdir.

34. Həmçinin nəzərə almaq lazımdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təmin edilməsi ilə bağlanmış eyni tarixli ipoteka müqavilələrinin hər biri ipoteka saxlayanla müxtəlif şəxslər ("xxxx" MMC və İddiaçı) arasında ayrı-ayrılıqda bağlanmışdır. "xxxx" MMC və İddiaçı hər ikisi öz ipoteka müqaviləsini imzalamaqla kredit borcunun ödənilməsinə əmlakları ilə cavabdeh olmuşlar. Belə olan halda, həmin şəxslərdən birinin əmlakının qanunauyğun olmayan faktorlara əsaslanaraq ipoteka yüklülüyündən azad edilməsi, onun bu kredit borcuna münasibətdə cavabdehlikdən azad edilməsi ilə nəticələnəcək və digər ipoteka qoyana münasibətdə ədalətsiz qərar olacaq, onun əsas öhdəliyə cavabdehlik yükünü artıracaqdır. Digər tərəfdən, dəyərinin borc məbləğindən nə qədər artıq olmasından asılı olmayaraq iki əmlakın ipoteka ilə yüklü edilmiş olması cavabdeh bank qarşısında götürülmüş öhdəliklərin icrasının təmin edilməsi prosesini asanlaşdırır, ipoteka müqaviləsi də hazırda məhz qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərə xidmət edir. Odur ki, iddiaçının “mənzilin ipoteka yüklülüyündə qalmasına ehtiyac yoxdur” fikri də əsassızdır.

35. Göstərilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi qanunvericilikdə mübahisənin həlli ilə bağlı konkret əsaslar müəyyən edildiyini, bu əsasların isə hazırkı mübahisə üzrə mövcud olmadığını rəhbər tutaraq, iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

36. İddiaçı isə apellyasiya şikayətində bildirmişdir ki, irəli sürdüyü əsasın qanunvericilikdə öz əksini tapmadığı təqdirdə məhkəmə analogiya tətbiq etməklə mübahisəni həll edə bilərdi. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələrinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məcəllənin tələbindən aydın olur ki, qanunun və ya hüququn analogiyasından istifadə etmək üçün müəyyən şərtlər mövcud olmalıdır və bu şərtlərdən bir də mülki hüquq münasibətlərinin mülki qanunvericiliklə birbaşa tənzimlənməməsidir. Bu məqamda mülki qanunvericilik anlayışına diqqət edilməlidir. Belə ki, mülki hüquq normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, mülki hüquq normalarını əks etdirən aktların məcmusuna mülki qanunvericilik deyilir. Mülki Məcəllənin 2-ci maddəsində də qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.

37. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu da mülki hüquq normalarını müəyyənləşdirən normativ-hüquqi aktdır və mülki qanunvericiliyə daxildir. Odur ki, mövcud mübahisənin həlli mülki qanunvericiliklə, yəni qeyd olunan Qanunun 48-ci maddəsi ilə tənzimləndiyindən birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə analogiyanın tədbiq olunması qanunazidd olardı.

38. Bununla yanaşı, qanunvericilikdə analogiyanın tədbiq edilməsi üsullarının daha geniş əks olunduğu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüququn və ya qanunun analogiyasından istifadənin istisna edildiyi hallar qeyd olunmuşdur. Konstitusiya Qanununun 16.0-cı maddəsinə görə, aşağıdakı hallarda hüququn və ya qanunun analogiyasından istifadə oluna bilməz: - qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda; - normativ tənzimləmə zərurəti olmadıqda; - normativ tənzimləmə qanunla qadağan olunduqda; - normativ tənzimləmə mövcud olduqda.

39. Göründüyü kimi, analogiyadan istənilən şəraitdə istifadə oluna bilməz və bu qanunvericiliklə məhdudlaşdırılmışdır. Hansı ki, bu hallardan biri də normativ tənzimləmənin mövcud olmasıdır. İpoteka yüklülüyünə xitam verilməsinin əsasları da “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsi ilə tənzimləndiyindən analogiyanın tədbiqindən istifadə oluna bilməz.

40. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, əmlakının zərurət olmadığı təqdirdə ipoteka yüklülüyündə qalması onun mülkiyyət hüququnu pozur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 138.1-ci maddəsinə uyğun olaraq, əşyaya mülkiyyət hüququnun qanun və ya əqd əsasında məhdudlaşdırılması mümkündür ki, bu əşyanın yüklülüyü adlandırılır. Mülkiyyətçi bağladığı əqdlərlə, o cümlədən ipoteka müqaviləsi üzrə ona məxsus əşya üzərində mülkiyyət hüququnu yüklü edə bilər. İddiaçı ilə cavabdeh bank arasında bağlanmış ipoteka müqaviləsindən müəyyən edilir ki, iddiaçı könüllü olaraq mülkiyyət hüququnun əqd əsasında məhdudlaşdırılmasına razı olmuş və bununla bağlı müqavilə imzalamışdır. Odur ki, bu hal onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

41. Beləliklə, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh olunanları və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1868/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar