Məhkəmə qərarları › İş №2(103)-4148/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4148/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4148/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(001)-1104/2025 saylı mülki iş üzrə qəbul etdiyi 18 aprel 2025-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 5 ədəd "xxxx" üzrə yaranmış və MMC tərəfindən ödənilməmiş qalan icarə haqqının ödənilməsi məqsədi ilə cəmi 3.150 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, həmin müqavilələrin predmeti olan və ona məxsus 5 ədəd nəqliyyat vasitəsinin MMC-dən alınaraq ona qaytarılması, həmin nəqliyyat vasitələri ona qaytarılanadək MMCdən hər aya görə 1.050 manat məbləğində icarə haqqının MMC-dən tutular ona ödənilməsi, nəqliyyat vasitələrinin naturada qaytarılması mümkün olmadığı halda onların dəyəri olaraq 9.150 manat məbləğində pulun MMC-dən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsindən irəli gələn borc münasibətləri yaranmışdır. Cavabdeh MMC isə bu günə kimi borcunu qaytarmamışdır. Qeyd olunan kateqoriya işlər üzrə iddiaçının cavabdeh MMC ilə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi nəzərdə tutulduğu halda, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən isə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin mövqeyi səhvdir, çünki iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbləri onlar arasında bağlanmış “İcarə müqavilələrinin” dəyişdirilməsi və ya ləğv edilməsi ilə deyil, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak tələbi ilə bağlıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin iddiaçının Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbləri öhdəliyini yerinə yetirməyən cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi və əmlak tələbi barədədir. Göründüyü kimi Rayon Məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Şikayətin dəlili əsassız deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 18 aprel 2025-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı irəli sürdüyü “maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar