Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4149/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kredit borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(007)-536/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 14 avqust 2015-ci il tarixli 1xx/xx/122966/15 saylı kredit müqaviləsi bağlanılmışdır. Borclu tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilməmişdir. İş materiallarında olan LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanlandığı 09 iyul 2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 294.17 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu, 559.05 manat məbləğində cərimə borcu, 41.92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 895.14 manat borcu qalmışdır. Tələb edilən 895.14 manat borcun 3 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli 1xx/xx/122966/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 294.17 (iki yüz doxsan dörd manat, 17 qəpik) manat məbləğində əsas borc, 185.99 (bir yüz səksən beş manat, 99 qəpik) manat məbləğində faiz borcu, 569.90 (beş yüz altmış doqquz manat, 90 qəpik) manat məbləğində cərimə borcu, 90.64 (doxsan manat 64 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1140.70 (bir min bir yüz qırx manat, 70 qəpik) manat məbləğində pulun, 31.41 (otuz bir manat, 41 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirilir ki, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cü il tarixdə məhkəməyə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2705/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2705/2019 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 aprel 2023-cü il tarixli, 2(007)-536/2023 saylı qətnaməsi ilə (hakim Yusifova Ülkər) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(007)- 2705/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Hazırki iş üzrə məhkəmə tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 13.Maddə 372.1 Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
15. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 16.Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
27. İş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 14 avqust 2015-ci il tarixli, 1xx/xx/122966/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
28. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 28 oktyabr 2022-ci il tarixə cavabdehin banka 294.17 manat məbləğində əsas borc, 185.99 manat məbləğində faiz borcu, 569.90 manat məbləğində cərimə borcu, 90.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1140.70 manat borcu vardır.
29. İş materiallarında olan LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanlandığı 09 iyul 2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 294.17 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu, 559.05 manat məbləğində cərimə borcu, 41.92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 895.14 manat borcu qalmışdır. Tələb edilən 895.14 manat borcun 3 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
30. . İş materiallarında olan - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 31.41 manat dövlət rüsumu ödənilmişdir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 14 avqust 2015-ci il tarixli, 1xx/xx/122966/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddia tələbi 3799.82 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır. 32.Lakin tərəflər arasında 14 avqust 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, 14 avqust 2016-cı il tarixdə kredit müqaviləsinin müddəti bitmiş, cavabdehin sonuncu ödənişi 22 sentyabr 2016-cı il tarixdə olmuşdur. İddiaçı ilk öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müddəti ötürməsə də, iddia ərizəsi baxılmamış saxlandıqdan sonra keçən müddət ərzində, yəni fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq 07 dekabr 2022-ci ilədək hər hansı hərəkətlilik göstərməmi, uzun müddət gözləməklə baxılmamış saxlanmaya əsas olmuş hal aradan qalxdıqdan sonra belə məhkəməyə gec müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 07 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.
33. Kollegiya qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
34. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(007)- 536/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.