Məhkəmə qərarları › İş №2(103)-4151/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4151/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4151/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərinin əvəzinin və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-750/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

2. İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2022-ci il tarixli akt əsasında 1.036,80 manat məbləğində ziyan hesablanmışdır.

3. Abonentin saldosuna əsasən cavabdehin sayğac üzrə debitor borcu 19.20 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 1.036,80 manat, debitor borca görə 19,20 manat və dövlət rüsumuna görə 30,56 manat olmaqla, cəmi 1.086,56 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019- cu il tarixində AKX-01174xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1.036,80 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 19,20 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 1.056 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində, vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 750/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 19,20 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan akt üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.

8. Məhkəmə həmçinin bildirmişdir ki, təbii X2nın pozulması haqqında xx.xx.2022ci i l tarixli ******* saylı akt üzrə təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz Cavabdeh tərəfindən törədilməsi halı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, qaz xəttindən qanunsuz qoşulma faktı mövcud olmuş olsa belə, tərtib olunmuş aktın cavabdehə məxsus mənzilə aid olması mötəbər sübutlarla təsdiqini tapmadığından, cavabdeh qanunsuz qoşulma halına yol vermədiyindən, tərtib edilmiş akt üzrə zərər məbləği cavabdehdən tələb edilə bilməz. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz.

9. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən – cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 19,20 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X2nın” 1.3, 1.4, 3.4.1, 6.5-6.7-Ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında məhkəməyə vəsatət verilmişdir ki, məhkəmə tərəfindən cavabdehə məxsus ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirilsin. Lakin məhkəmə yerli baxış keçirilməsindən imtina etmişdir. Daha sonra isə məhkəmə trasoloji ekspertizanın təyin edilməsi ilə bağlı da vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti də təmin etməmişdir. Hesab edirlər ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi ilə bağlı mübahisə olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (xx.xx.2023-cü il tarixinədək olan redaksiya).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli akta əsasən sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbindən cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 1.036,80 manat məbləğində borc tələb edilmişdir.

22. İşdən həmçinin görünür ki, abonentin saldosuna əsasən akt tərtib olunan aydan öncəki ay – fevral ayında cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə 70 manat, akt tərtib edilən ay 40 manat və növbəti ay 30 manat məbləğində ödəniş edilmişdir.

23. Göründüyü kimi, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hər ay ödənişlər edilmişdir.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt özüözlüyündə cavabdehin qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Belə ki, akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır.

25. Həmçinin, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən hər hansı ekspertizanın keçirilməsi barədə vəsatət məhkəməyə verilməmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil.

27. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 750/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar