Məhkəmə qərarları › İş №2(103)-4153/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4153/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4153/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsinin cavabdehlər tərəfindən sökülməsi nəticəsində Mərkəzi Bank tərəfindən "X13” ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq borc tələbi həddində, yəni 1470065,10 manat əsas, 365214,21 manat faiz borcu, cəmi 1835279,31 manat məbləğində pulun cavabdehlərdən tutularaq Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X13” ASC arasında illik 13% dərəcəsi ilə ******* manat məbləğində əsas borcun 21 iyun 2008-ci il tarixinədək ödənilməsi şərtilə kredit verilməsi barədə 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi bağlanmışdır. 19 iyun 2008-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək, kredit üzrə əsas borcun illik 15% dərəcəsi ilə 18 dekabr 2008-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 24 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsi əsasında X3 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərtilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, “Debüt” SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. Mərkəzi Bank tərəfindən özgəninkiləşdirilməyə etiraz edilməməsi barədə 12 may 2014-cü il tarixli məktub verildikdən sonra əmlakın özgəninkiləşdirilməsi barədə Mərkəzi Banka nə yeni mülkiyyətçi, nə də digər aidiyyatı dövlət orqanları tərəfindən hər hansı məlumat verilməmişdir. Aktivlərinin qeyri-qənaətbəxş olması, likvidliyini itirməsi, vaxtı çatmış maliyyə öhdəliklərini icra etmək iqtidarında olmaması səbəbindən Azərbaycan Respublikasının 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli qərarı ilə “X13” ASC müflis elan olunmuş və hazırda barəsində iflas proseduru həyata keçirilir. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Mərkəzi Bankın kreditor tələbləri “X13” ASC-nin ləğvedicisinə 04 may 2011-ci il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 15 yanvar 2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Belə ki, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. Bununla da ipoteka ilə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Hazırda “X13” ASC-nin 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ödənilməmiş 1470065,10 manat əsas borc, 365 214,21 manat faiz borcu, cəmi 1835279,31 manat kredit borcu vardır. Özünü yeni mülkiyyətçi kimi təqdim edən Cavabdeh1 qeyriprudensial idarəetmə nəticəsində müflis vəziyyətə düşmüş “X13” ASCnin səhmdarlarından biridir. Bu baxımdan da, bankın müflis vəziyyətə düşməsinə məsuliyyət daşıyan şəxslərdən biri də odur. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraqlarına külli miqdarda zərər vurulmuş və bu da hazırkı iddianın irəli sürülməsi zərurətini yaratmışdır. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)- 317/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)- 6289/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(102)- 42/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-6289/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli 2(103)- 335/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)- 317/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 1835279,31 manat məbləğində pul birgə qaydada tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdehlər kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlərr. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(102)- 2539/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...baxılan iş üzrə tələb irəli sürülən şəxslər ipoteka qoyan statusundadırlar. Onlar kredit müqaviləsinin tərəfi deyildirlər, yalnız kreditin təminatı olan ipoteka predmetini alqı-satqı müqaviləsi əsasında əldə etmiş, ipoteka qoyanın hüquq və vəzifələri onlara keçmişdir. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən müvafiq kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası təyin etmiş və tələb olunan müddət üçün kredit müqaviləsi üzrə əsas borclunun icra edilməli olan öhdəliyinin həddini müəyyən etmiş (1.835.279,31 manat məbləğində) və həmin məbləğdə pulun cavabdehlərdən (Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutulmalı olmasını qeyd etmişdir. Lakin göstərildiyi kimi nəzərə alınmamışdır ki, ipotekanın cavabdehlər ipoteka qoyanın hüquq və vəzifələrini əldə etmişlər, ipoteka saxlayanın tələbini faktiki təminat məqamında malik olduğu həcmdə təmin edə bilərlər. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi zərəri kredit müqaviləsi üzrə yaranmış borca münasibətdə deyil, ilkin olaraq ipotekanın faktiki təminat məqamında malik olduğu həcmini araşdırmalı və həcmə münasibətdə zərər məbləğini müəyyən edilməsi məsələsinin müzakirəsini təmin etməli idi. Digər tərəfdən kassasiya şikayətinin digər dəlilində göstərilmişdir ki, «iddiaçının hazırkı iş üzrə cavabdehlər tərəfindən sökülmüş girova görə «X13» ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq tələb etdiyi məbləği başqa bir şəxsdən tələb edərək pulun tutulmasının onun mülkiyyətində olan əmlakına yönəldilməsi qət edilmiş və iş icraya yönəldilmişdir. Həmin məhkəmə qərarlarına əsasən iddiaçı xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi (hazırkı iş üzrə tələb həmin müqavilə üzrə və həmin məbləğdədir) üzrə 1.515.065,10 manat əsas və 365.214,21 manat faiz borcunun tutulması X8 (baxılan iş üzrə cavabdeh olmayan şəxs) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,02107 ha torpaq sahəsində yerləşən 38 a nömrəli binanın birinci mərtəbəsində 640.2 kv.m ümumi, 11,1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi qərara alınmışdır. Belə olan halda hazırkı ipoteka predmetinin sökülməsi nəticəsində kredit müqaviləsinin təminatsız qalmasına dair mövqeyi düzgün deyildir.» Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən kassasiya şikayətində göstərilən həmin dəlillə bağlı istinad olunan məhkəmə aktlarının mövcud olması, qanuni qüvvədə olub-olmaması, icraya yönədilməsi və icrasının nəticəsinin araşdırılmasını təmin etməli, tələbin əmlaka yönəldilməsinin başa çatıbçatmamasını müəyyən etməklə (hansı həcmdə icranın təmin edilməsini) qalıq zərər məbləğini baxılan iş üzrə ipoteka predmetinin faktiki təminat məqamında malik olduğu həcmə münasibətdə qiymətləndirilməlidir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarından görünür ki, kreditor Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X13” ASC arasında xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən kreditor tərəfindən borcluya 21 iyun 2008-ci il tarixədək illik 13 faiz ödəmək şərti ilə 3.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X13” ASC və X4 arasında 24 dekabr 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03453 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin tərəflər arasında 19 iyun 2008-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək, kredit üzrə əsas borcun illik 15%-lə 18 dekabr 2008-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli 2(81)-3323/2010 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilərək, müəssisənin iflas prosesinin başlanması, "xxxx" ASC-nin ləğvedicisi qismində "xxxx" MMC-nin təyin edilməsi qərara alınmışdır. Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05- 00283-2014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Məktubda, həmçinin, o da qeyd olunmuşdur ki, “Debüt” SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. İş materiallarından, həmçinin, görünür ki, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X4 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılmış və sonuncuların ümumi birgə mülkiyyətinə çevrilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2016-cı il tarixli 242 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında özlərinə məxsus 0,24 ha ərazidə yerləşən və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisinin aparılmasına icazə verilmiş və həmin ünvanda tikintinin başlanması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi, X14 Xidmətinin müvafiq rəyləri alınmışdır. Həmin sənədlərə əsasən mübahisəli fərdi yaşayış sahəsi sökülmüşdür. Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(008)-653/2017 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, “X13” ASC-nin 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1470065,10 manat əsas borc, 365214,21 manat faiz borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdeh X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc və tutmanın yönəldilməsi ilə bağlı xərcin əvəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh X5 və iş üzrə maraqlarına toxunulan Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 2(103)-10758/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnamənin ləğv olunması və iddianın rədd olunması qət edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinə əsasən Mərkəzi Bank tərəfindən özgəninkiləşdirilməyə etiraz edilməməsi barədə 12 may 2014-cü il tarixli məktub verildikdən sonra əmlakın özgəninkiləşdirilməsi barədə Mərkəzi Banka nə yeni mülkiyyətçilər, nə də digər aidiyyəti dövlət orqanları tərəfindən hər hansı məlumat verilməmişdir. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Mərkəzi Bankın kreditor tələbləri “X13” ASC-nin ləğvedicisinə 04 may 2011-ci il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 15 yanvar 2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Söküntü prosesi barədə ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək, Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. Bununla da, iddiaçı ipoteka ilə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraqlarına külli miqdarda zərər vurulmuş və bu da hazırkı iddianın irəli sürülməsi zərurətini yaratmışdır. İşin faktiki hallarından görünür ki, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X6 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılarkən sonuncular həmin evi yüklü vəziyyətdə almışlar. Belə ki, əmlakın satılmasına dair məktubda evin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274-cü maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişdirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində ipoteka qoyanın vəzifələri kimi ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək təsbit edilmişdir. İş materiallarından görünür ki, ipoteka qoyanın qanunla müəyyən edilmiş bu vəzifələri cavabdehlər tərəfindən sökülən əmlakın yüklülüyünə dair Mərkəzi Bankla ipoteka qoyan arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndində də ipoteka qoyanın öhdəliyi kimi göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən, bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.1-ci maddəsinə əsasən, ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Beləliklə, işin hallarından da müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini cavabdehlərin özbaşına sökməsi nəticəsində faktiki olaraq ipoteka saxlayan zərərə məruz qalmışdır. Vurulmuş ziyanın məbləği ilə bağlı hissədə kollegiya qeyd edir ki, iş materiallarında olan Mərkəzi Bankın 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktubda qeyd olunmuşdur ki, “Debüt” SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. İş materiallarında olan olan Mərkəzi Bankın xx.xx.2017-ci il tarixli 05-00099-2017 saylı maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixədək 1.480.000 manat məbləğində əsas borc üzrə ödəniş edilmişdir. Həmçinin, mübahisəsiz qaydada müəyyən edilmişdir ki, qeyd olunan məbləğin 1.400.000 manat hissəsi hazırki iş üzrə cavabdehlər tərəfindən ipoteka əmlakı əldə ediləndən sonra məhz hazırki iş üzrə cavabdehlər tərəfindən ödənilmişdir. Ona görə də, kollegiya hesab edir ki, cavabdehlər tərəfindən vurulmuş ziyanın məbləği 600.000 manat (2.000.000-1.400.000) müəyyən edilməlidir və həmin məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mütərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməlidir. Həmçinin, iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-490/2017 saylı 17 may 2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "X13" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 986-180-07 nömrəli kredit müqaviləsi üzrə 7.222,25 manat faiz borcu, xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1.515.065,10 manat əsas borc və 365.214,21 manat faiz borcu, xx.xx.2008-ci il tarixli 1073-180-08 nömrəli kredit müqaviləsi üzrə isə 1.700.000 manat əsas və 209.555,56 manat faiz borcu olmaqla, ümumilikdə 3.215.065,10 manat əsas, 581.992,02 manat faiz borcu, xx.xx.2007- ci il tarixli ipoteka və xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, X10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.m ümumi, 11.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X10 verilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10212/2017 nömrəli iş üzrə 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-490/2017 saylı 17 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunan əmlak artıq satılmış və digər müqavilə üzrə borca yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 600.000 (altı yüz min) manat mütərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlər rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar