Məhkəmə qərarları › İş №2(103)-4155/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4155/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4155/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Adəm Məmmədovun, Cavabdehin nümayəndəsi və vəkili Ülvi Yusifovun iştirakı ilə, İddiaçı X11 cavabdeh X12 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair 2(010)- 262/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 cavabdeh X12 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X17 və digər üç şəxs tərəfindən “Doggie Couture by Nelya” salonu və işçiləri barəsində “Quçi” ləqəbli iti öldürməkləri ilə, itin qatili olmaqları ilə bağlı yayılmış böhtan xarakterli bütün məlumatların həqiqətə uyğun olmamasının müəyyən edilərək onların təkzib edilməsi, həmin məlumatlar işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və “Doggie Couture by Nelya” salonun əməkdaşlarına rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi, mənəvi ziyana görə 100000 (yüz min) manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ’‘Doggie Couture by Nelya” salonun direktorudur. “Doggie Couture by Nelya” salonun fəaliyyəti növü ev heyvanlarına bərbərlik xidməti göstərməkdən ibarətdir. 13.08.2020-ci il tarixdə X3 yaxınlaşaraq “Quçi” ləqəbli ev heyvanını orada işləyən X16 verib getmişdir. Əməkdaş öz işinə başlayanda itin halı pisləşmiş, ilkin tibbi yardım göstərmək məqsədilə “Quçi”ni hamama apararaq soyuq su ilə üzünü yumuş, ürək nahiyyəsinə masaj etmiş, süni tənəffüs əməkdaşlar tərəfindən həyata keçirilmişdir. İtə ilkin olaraq zəruri tibbi yardımlar edilmişdir. Həmin vaxt itin sahibi X3 daxil olub, itin hələ də sağ olduğunu və əməkdaşlar tərəfindən itə lazımı yardım göstərildiyini görmüşdür. Sonra baytarlıq fəaliyyəti ilə məşğul olan Əziz doktora zəng edib itin vəziyyəti barədə məlumat verilmişdir. Təxminən 3-4 dəqiqə sonra şəxsi avtomobili ilə X19 iti ən yaxın ərazidə yerləşən “X25” baytarlıq hospitalına Əziz doktorun qəbuluna aparmışdır. İti Əziz doktorun qəbuluna aparanda X2 çıxsa da hospitala getməmişdir. Hospitala gedəndə yolun yarısında adı ona məlum olmayan, Aydan Əlibəyovanın yaxın tanışı olan bir şəxs avtomobilin sükanına əyləşmiş və yola davam etmişlər. Əziz doktor iti müayinə edəndə həmin şəxs də əməkdaş Anna Arxipovanın yanında olmuşdur. Həkim hərəkətə keçib itə adrenalin vurmuş, lakin itin həyatını xilas etmək mümkün olmamışdır. İtin vəziyyəti və ölüm səbəbi barədə həmin oğlanın da yanında məlumat verilmiş və Aydan xanımın şəxsən gəlməsini həkim onlara bildirmişdir. Hospitaldan çıxıb gedəndə Aydan Əlibəyovanın tanışı olan həmin şəxs xanımla özü danışacağını demişdir. X19 salona qayıdanda Aydan Əlibəyova və onun yaxın adamlarının orada olduğunu görüb, salona daxil olmamışdır. X2 çıxdıqdan sonra sonuncunun rəfiqəsi salonda itin ölüm səbəbini öyrənib sakit çıxmışdır. Təxminən üç dəqiqə sonra Aydan Əlibəyova və digər adları məlum olmayan 3 şəxs salona daxil olub, nalayiq ifadələrdən istifadə edərək salonun işçilərini təhqir edib hədələmişdir. Həmin ifadələr o qədər qeyri-etik ifadələr olmuşdur ki, bunları ərizədə qeyd etmək mümkün deyil. X17 və digər şəxslərin tərəfindən “İnstagram” və “Facebook” internet sosial şəbəkələrində paylaşılan ifadələrin fotoşəkilləri ərizəyə əlavə edilmişdir. Şikayətçi olduğu X17 “Doggie Couture by Nelya” salonu və əməkdaşlarını əsassız olaraq itin ölümündə günahlandırmışdır. Guya “Quçi”ni qərəzli şəkildə əməkdaşların boğduğunu, 40 (qırx) dəqiqə soyuq su altında saxlanıldığını iddia edir. Lakin salonun əməkdaşları tərəfindən ilkin yardım göstərmək məqsədilə itin üzü soyuq su ilə yuyulub. X9 tələbi ilə salon daxilində çəkilən video görüntülər sonuncuya dərhal təqdim edilmişdir. "Nail Room” salonun müdiriyyəti tərəfindən əraziyə polis əməkdaşları çağırılmış, X17 və digər üç şəxs polis əməkdaşları tərəfindən salondan kənarlaşdırılmışlar. Göründüyü kimi X17 və digər üç şəxsin qanunsuz hərəkətləri “Nail Room” salonunun iş fəaliyyinin pozulmasına da səbəb olmuşdur. Bütün prosses boyu baytar Əziz doktor dəfələrlə zəng edib “Quçi”nin hospitaldan götürülməsini tələb etmişdir. Şikayətçi olduğu şəxs ev heyvanının ölməsində “Doggie Couture by Nelya” salonu və əməkdaşlarını günahlandırsa da mütəxəssis baytarın rəyi əsasında “Quçi” ləqəbli ev heyvanın “ürək çatışmazlığından” vəfat etdiyi bildirilir. Göründüyü kimi “Quçi” ləqəbli ev heyvanı boğularaq öldürülməmişdir. X4 dağıtdırmaqla onları hədələmiş, iş fəaliyyətlərini davam etdirməyə imkan verməmişdir. X5 bununla razılaşmayaraq, şər böhtan dolu məlumatlar paylaşır. X17 öz şəxsi istifadəsində olan “İnstaqram” və “Facebook” səhifələrində sosial şəbəkələrdəki “Doggie Couture by Nelya” salonunun istifadəçi hesablarını paylaşaraq salonun və salon əməkdaşlarının barəsində təhqiramiz sözlərdən, rüsvayedici məlumatlardan istifadə edib hədələmişdir. Bu səbəbdən də X13 istifadəçi hesabına, həmçinin şəxsi nömrəsinə də “Doggie Couture by Nelya” salonu və əməkdaşları barəsində nalayiq ifadələrdən istifadə edərək hədələyib, təhqiredici sözlərlə, şər böhtan dolu ifadələrlə tanımadığı şəxslər tərəfindən mesajlar ünvanlanmışdır. Bu onun üçün xoşagəlməz haldır. “Doggie Couture by Nelya” salonunun direktoru olduğu müddət ərzində heç bir zaman bu kimi hallarla rastlaşmamış, həmişə müştərilərin hörmətini qazanmışdır. X17 və digər üç şəxsin səs-küyündən, qeyri-etik davranışlarından, söyüşlərindən, təhqiredici ifadələrindən, içəridə qadına yaraşmayan hərəkətlər edilməsindən, səs-küylərindən salonun iş fəaliyyətini iki saatdan artıq dayandırmışdır. Salonun iş fəaliyyətini pozmaqla məşğul olmuşdur. Bundan başqa, X17 “Doggie Couture by Nelya” salonu və işçiləri barədə sosial şəbəkələr vasitəsi ilə şantaj dolu məlumatlar yayıb salonun iş fəaliyyətinə və salon əməkdaşlarının işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, X17 və digər üç şəxsin səsküyündən, qeyri-etik davranışlarından, söyüşlərindən, təhqir edici ifadələrindən, içəridə qadına yaraşmayan hərəkətlər edilməsindən, səs-küylərindən salona gələn müştərilər içəri daxil olmayaraq geri qayıtmışlar. Hətta cavabdeh onların da yanında salonun nüfuzuna xələl gətirəcək sözlərdən istifadə edirdi. Bu da illərlə qazandıqları müştərilərin onlara qarşı olan inam və etibarlarının itirməsinə gətirib çıxarır. Belə ki, Aydan Əlibəyova öz instaqram istifadəçi hesabının hekayə hissəsində köpəyi ilə foto paylaşaraq “mənim itimi öldürdülər! “Doggie Couture by Nelya” salonunda işləyən qatillərin yanına öz balalarınızı aparmayın”, “Aydan mən heç təsəvvür edə bilmirəm ki, siz onunla nə edə bilərsiniz. İtinizə görə çox pis olmuşam. Nəolar sakitləşin, ürəyim ağrıyır sizə. Mən bilirəm şiz özünüzü necə pis hiss edirsiniz, amma çalışın ayıq düşünün və ən sərt tədbirlər görün. Bu Nailya nə danışır? Allahdan qorxmur? Həmin insandı da kimki başqasının ailəsini dağıdan. İndi o qədər məlumat və xəbər yazıram ki, burda. “Sabina”da olan vaxtlarını yadına salsın” mətnini və “13 avqust həyatımda əbədi iz qoyacaq bir tarixdir. 13 avqustda sağlam, 2 yaşlı itimi “Doggie Couture by Nelya”da saçını kəsməyə apardım. Mənim şpitsim Gucci, ilk dəfə Nelya tərəfindən “Doggie Couture”də qruminq Anya ilə saç düzümü etdi. Bir salon dediyi kimi “Daimi və sevimli müştəri” deyildi. Anya xanım, köpəyimin ölümünə səbəb olan son dərəcə qısa bir fiksator ipindən istifadə etdi. X24 öldürdü. Anya Guccimin əziyyət çəkdiyini görüb sadəcə saçlarını kəsməyə davam etdi. Siz başa düşürsünüz ki, əgər fiksator çox qısadırsa və üzərində dayandığı masa o tərəfdən bu tərəfə çox kəskin şəkildə hərəkət edərsə boğulma ölümə səbəb olacaqdır. Bütün bunlara cavab olaraq köpəyimin xəstə olduğunu mənə bildirdilər. Aparıcı həkim Tərlan, itin ürək problemi olmadığını bildirdi. Bu həkim Guccinin 2 illik həyatında sağlamlıqla əlaqəli bir patoloji aşkarlanmadı, ancaq salon nümayəndələri günahkar olmadığını söylədi. Başlanğıcda bunun ürək problemi olduğunu, daha sonra epilepsiya olduğunu iddia etdilər. Köpəyim daha əvvəl saçlarını başqa yerlərdə kəsdirmiş və kəsərkən heç bir zaman tutma və ya problem yaşamamışdı. Ölümcül bir səhvə çevrildi mənim öz masterimizin yanında növbə gözləməməyim. Dostlar sizdən kömək diləyirəm. Ədalət qazanmağımda kömək edin. Köpəyimi sevdim, böyütdüm, ona baxdım və o, sadəcə peşəkar olmayan və tamamilə soyuqqanlı bir adamın əlində öldü. Videoya baxın. Köpəyimin ayaqlarının havada sallandığını və çətinliklə masaya çatdığını görəcəksiniz. İfadəmə görə üzr istəyirəm, amma köpəyimin saçlarını kəsərkən altını batırmışdır. Əminəm ki, bir çoxunuz savadlı adamsınız və bilirsiniz ki, asılan insanlar da boğulma anında özlərini batırılar. Mənim Guccim ilk hadisə deyildi. Elə həmin gün Spitz Archie eyni vəziyyətdə idi, ancaq dərhal baytarlığa aparıldı və daha şanslı idi, sağ qaldı. Çox vaxtımı sərf etdim və insanlarla bu salon və Anya haqqında danışdım. Əvvəllərdə boğulma hadisələri olmuşdu. Bir çox it aşınma və kəsiklə salondan çıxırdılar. Bundan başqa Anya evdə köpəkləri saxlamaqla həddindən artıq təsir edirdi və köpəkləri arıq və qorxaq vəziyyətdə geri göndərilməsini it sahibləri mənə bildirmişdilər. Belə bir insan itlərlə necə işləyə bilər? Ona necə etibar edə bilərik? Salon sahibi mənfi rəylər yazanların “2000 müştəri bazasından 10 müştəri” olduğunu bildirmişdir. Dostumu, övladımı, ailə üzvümü itirdim. Mən sadəcə “Doggie Couture by Nelya”nın müştəri bazasından 10 müştəridən biri” deyiləm. Salonda bir neçə ay əvvəl şarlatanlar adlandırdığı baytar həkimlərinin sözlərindən istifadə edir. Bu salonda mümkünsüz şeylər baş verir. Mən köpəyini onlara tapşıran və meyit qəbul edən bir adamam. Bu vəziyyətin sabah təkrarlanmasını istəmirəm. Köpəyimi artıq qaytarmaq mümkün deyil. Ancaq sizin itiniz xilas ola bilər. Dostlarınızla bölüşməyiniz, petisiyanı imzalamağınızı xahiş edirəm. İki dəqiqə vaxt aparacaq. Amma nəticə çox böyük olacaq. Anya xanımın işdən çıxarılmasını və salonun bağlanmasını tələb edirəm. Mən ədalət tələb edirəm.” Məzmunlu “Gucciyə ədalət... Doggie Couture by Nelya qatildilər! Guccimi Anya öldürdü!” adlı petisiyanı paylaşaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Bundan başqa Anna Arxipovanın şəxsi hesabına rrashhadd adlı instagram istifadəçisi “axmaq qadın cinsiyyəti. Görüm əllərin qurusun”, sabi_makh adlı instagram istifadəçisi “Sizə nifrət və qarğış edirik!!!! Öz xoşunuzla işdən çıxın cəhənnəm olun heç olmasa”, dlysml_18 (DELY) adlı instagram istifadəçisi “Axmaq köpək! Öləsən səni fahişə! Sənin bütün ailə üzvlərinin boğularaq ölməsini arzu edirəm cındır”, miss_mlkv adlı instagram istifadəçisi “Öl. Gəbər məxluq. Öl. Fuuusan (iyrəncsən) sən başa düşdün?”, mkhtrvnika adlı instagram istifadəçisi “vəhşi, fahişə, qeyri-insani məxluq!!! Kaş ki, sən də iplə bağlanaraq əzablı ölümə qovuşasan! Unutma ki, həyat bumeranqdı, nə vaxtsa etdiyin hərəkətlər sənə qayıdacaq! Bu belə qalmayacaq! ərgən fahişə!”, _say_meow_ adlı instagrm istifadəçisi “Qatil!! Həyatda hər şey bumeranqla sənə qayıdacaq, içi çürük gombul məxluq!! Gəl səni də elə asaq və sənin boğularaq sənin necə öləcəyini seyr edək necə ki, o balaca və köməksiz it ölürdü!!! Qatil!!! Sənin rahat yatmağını, həyatına davam etməyini başa düşmürəm! Sənin səhlənkarlığın köməksiz itin ölümünə səbəb olmuşdur!!! Cəhənnəmdə yanasan!!!”, gasanova.550 adlı instagram istifadəçisi “Qatil!! Kaş ki, səni də eləcə asıb boğardılar!”, ***-***-**-** mobil nömrədən “Sən necə bir böyük günah törətdiyini hələ də başa düşmürsən. Bax gör nə etmisən! Bütün şəhər sənin səhlənkarlığın ucbatından itin ölümünə səbəb olduğundan danışır. Polisə şikayət etmək yerinə sahibindən üzr istə. Sən həbs edilməlisən. Sənin yerin itlərin yanında salonda deyil. İtləri şikəst etməkdən və ölümünə səbəb olmaqdan əl çək.” “Bax Guccinin əzab çəkdiyindən həzz alırsan, sən qatilsən! Sən əvvəldən bilridin ki, dövlətimizdə heyvanların ölümünə görə cəza verilmir və sənin niyyətində sənin kimi qansızdır, səni müdafiə edəcəklər və buna görə də özünü buraxdın rahat oldun. Sən kimsən?! Sən kimsən axı başqalarının balalarını öldürəsən?! Sən artıq orada işləməyəcəksən, sən daha it öldürməyəcəksən! Biz artıqs alonun bağlanması üçün petisiya imzalayırıq. Bütün Azərbaycan həmin petisiyanı imzalayacaq, bundan sonra sənə heç kim öz köpəyini etibar etməyəcək. Ona görə də Nailya xanımın arxasında gizlənmə. Qanun qarşısında özün tək cavab verəcəksən. “Ən yaxşısı sən itin sahibindən üzr istə, de ki başa düşürsən onun itkisini, de ki, cin aldatdı, çatdırmadım, baxa bilmədim, halbuki, həmin videogörüntüdə sənin vəhşi hərəkətlərin açıqaşkar görsənir, həmin videogörüntüdə öz hərəkətlərinə diqqətlə bax. Səndə bu qədər vəhşilik hardandır? Öz həyatın alınmadı heyvanlara əzab vermək qərarına gəldin?! Nədi şikayət etməyə qaçacaqsan? Qatil! Get başqalarının ** arxasında gizlən! Artıq heç kim öz köpəyini sənə etibar etməz. Ən yaxşısı peşəni dəyiş.”, thereal.said adlı instagram istifadəçisi isə “sən bir **. Yazıq heyvanı öldürdün. Səni tutub elə boğaram **” kimi ifadələr yazaraq onu təhqir etmişlər. Aydan Əlibəyovanın paylaşımları nəticəsində Disput.az xəbər saytlarında “Köpəyin sahibi saçlarının kəsilməsi üçün xüsusi qruminq salonuna gətirib, lakin ona köpəyinin nəşini vermişlər. Salonun daxilində hadisənin videogörüntüləri də qeydə alınıb və köpəyin sahibi itinin öldürülməsini iddia edir” məzmunlu, 15.08.2020-ci il tarixdə 7news.az, pia.az, ulduzumsan.az saytlarında “Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib” başlıqda və 20.08.2020-ci il tarixdə yenisabah.az saytında “Bakıda itə görə kütləvi dava düşdü” başlıqda xəbərlər paylaşmışdır. Aydan Əlibəyova işgüzar nüfuzunu zədələmək üçün insanlar arasında təbliğat işləri aparmışdır. Belə ki, Leyla adlı şəxsdən ona gələn “Sabahınız xeyir Nailya xanım. Sizə baş vermiş hadisə barədə danışmağı unutmuşdum. Təxminən bir həftə bundan əvvəl öz rəfiqəm ilə gəzməyə çıxmışdıq. Torqovuda gəzirdik. Ora mənim evimin yaxınlığındadır. Gəzirdik özümüz üçün. Heç kəsə mane olmurduq. Rəfiqəm isə öz iti ilə idi. Həmin vaxtda bizə iki azyaşlı qızlar yaxınlaşdı, hardasa 10-11 yaşları olardı. Başladılar bizi sorğu-suala tutmağa, kimin yanında itinizin saçlarını kəsdirirsiz və s. kimi suallar verdilər. Petisiyanı imzalamağı unutmayın. Mən isə həmin uşaqlara “Böyükləri bezdirməkdənsə dərslərinizlə məşğul olun, kitablar oxuyun” deyərək rədd etdim onları.” məzmunlu mesaj bunu bir daha təsdiq edir. Xəbər saytları ilə yanaşı Carolina M-va (Disput.az Xüsusi elanlar. Bir-birimizə və heyvanlara köməklik edək) adlı “facebbok” istifadəçisi öz hesabında “Bu hekayə təsadüfən qarşıma çıxdı. Qısa olaraq: it (Gucci - 2 yaşlı) Bakı şəhərində “Doggie Couture by Nelya” salonunda qruminq ustası olan Anna adlı xanım tərəfindən saş kəsimi edildiyi zaman ölmüşdür. Bilirəm hər birimiz öz heyvanlarımız çox istəyirik və ona görə də kiminsə bu acını yaşamasını istəmirəm. Yalnız bu səbəbdən də öz balasını itirmiş bir itin sahibin ədalət əldə etməsi üçün burda həmin xəbərin linkini paylaşıram. Qeyd edilən məsələ ilə bağlı bütün məlumatlarla orada tanış ola bilərsiniz. “İnstaqram” istifadəçisi olan “aydash.000” öz hesabında həmin hadisə ilə bağlı videogörüntüləri də orda paylaşıb. Əgər bu petisiyanın məna daşıdığına və başqa insanların eyni aqibət ilə qarşılaşmamasına köməklik göstərdiyini düşünürsünüzsə həmin petisiyanı imzalamağınızı sizdən xahiş edirəm. Heç bir şəkildə məcbur etmirəm. Diqqətli olmağınızı sizdən xahiş edirəm. Ev heyvanlarınızı hara aparacağınız salon barədə məlumatlı olun. Onlar üçün o adi itdir, lakin sizin üçün o sevimli ev heyvanınız olacaq. Çox kədərli xəbərdir. Qeyd: Mən həm qeyd edilən salonun sahibini, həm də itin sahibini tanımıram. Bir çoxunuz məni paylaşdığım yazılardan tanıyırsınız və paylaşdığım yazıların çoxunun itlər haqqında olduğunu görürsünüz. Mən köpəkləri sevirəm və bu yazının məqsədi yalnız digərlərini xəbərdar etməkdir.” (2) məzmunda mətn paylaşmış, “Carolina M-ova”nın həmin postuna “Rasim Hüseynzadə” adlı facebook istifadəçisi isə “Onlar barəsində və öz hadisəniz barədə paylaşımlar edin. Siz həmin paylaşımlarla digər köpəkləri xilas edə bilərsiniz” rəyini yazmış, ayasha.li adlı instagram istifadəçisi öz hesabının hekayə hissəsində “Doggie Couture by Nelya” instagram səhifəsini qeyd edərək “Burada heyvanların qatilləri işləyir. Biz bir daha sizin salona ayaq basmayacağıq.” kimi ifadələr paylaşmış, feriosman_ adlı instagram istifadəçisi Aydan Əlibəyovanın paylaşımının şərh hissəsində “bax gör necə bir möcüzəni sən öldürdün Anya!!! Sənin rəhbərliyin səni nə qədər müdafiə etsə də, sən də bilirsən, rəhbərliyin də bilir və hər kəs artıq bilir və görür sənin hərəkətinin və hərəkətsizliyinin ucbatından Guccinin ölümünə səbəb olmuşdur. Qatil olduğunu qəbul etmədiyinə görə bu artıq insanlar qarşısında sənin daha da vəhşi olduğunu sübut edir. Daşqəlbli!” kimi rəy yazmış, mimi_accesoriess adlı instagram istifadəçisi hesabının hekayə hissəsində “Mən bu xanımın səsini dünən şəxsən eşitdim mağazanın yanında olarkən. İt sağlam gəlir və can verib çıxır. At kimi hələ camaatın üzünə durursunuz. Mən də Bomini bura aparmışam bir dəfə. Düşünəndəki mənim də itimi ordan asıblar istəyirəm gəlib o əməkdaşın özünü ordan asım” kimi ifadələr paylaşmışdır. Göründüyü kimi cavabdeh Əlibəyova Aydan “Doggie Couture by Nelya” salonunu əsassız olaraq itin ölümündə günahlandırmışdır. “Doggie couture by Nelya” salonu barədə müxtəlif sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayıb, şər böhtan ataraq iddia edir ki, guya “Quçi” salon əməkdaşlarının səhlənkarlığına görə boğulub, 40 dəqiqə soyuq suyun altında saxlanılmışdır. Eyni zamanda, X17 və adları məlum olmayan digər üç şəxs “Doggie Couture by Nelya” və işçiləri barəsində xoşagəlməz sözlər yaymış, ünvanlarına təhqiramiz ifadələr işlətmişlər. Salonda olan və ətrafda olan şəxslərin rahatlığı pozulmuşdur. Ərazidə olan polis əməkdaşları da həmin şəxsin hansı tonda danışmasının, kobud hərəkətlərinin şahidi olmuşdur. Çünki həmin şəxsləri polis əməkdaşları salondan uzaqlaşdırmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X17 tərəfindən iddiaçı X15 məxsus “Doggie Couture by Nelya” salonu və işçiləri barəsində yayılmış “Quççi” adlı itin salon işçiləri tərəfindən öldürülməsi” barədə məlumatın həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi, cavabdeh X17 iddiaçı X11 faktiki yaşadığı ünvana və “Doggie Couture by Nelya” salonunun faktiki yerləşdiyi ünvana məktub göndərməklə həmin məlumatları yaydığına görə yazılı formada üzr istəməsinin, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 1500 (min beş yüz) manat məbləğində pulun cavabdeh X7 tutularaq iddiaçı X11 xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədə cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələ gətirəcək heç bir sübuta istinad olunmamışdır. Yalnız sosial şəbəkələrdə hadisə ilə bağlı istifadəçilər tərəfindən istifadə olunan paylaşımlardı ki, bununda cavabdehə aidiyyətinin olmadığını məhkəmə özü də qətnamədə qeyd etmişdir. Cavabdeh tərəfindən konkret olaraq hansı paylaşımın iddiaçının şərəf və ləyaqətini alçaltması və ya işgüzar nüfuzuna xələl gətirməsi qətnamədə öz əksini tapmamışdır. Mübahisələndirilən qətnamənin 5-ci vərəqi 7-ci abzasında istinad olunan rəydə klinikaya gətirilmiş itin vəziyyətinin ağır olduğu, nəfəs alınmaması, dil göyərməsinin, ürək çatışmamazlığının mövcudluğu, həmçinin infarktın baş verməsi güman etdiyi qeyd edilmişdir. - Burda itin ölmə səbəbinin ifarkt olması güman edilir bu ona əsas vermir ki, həqiqətən də itin infarktdan ölməsi qənaətinə gəlinsin. Həmçinin rəydən də görünür ki, it klinikaya gətirildikdə vəziyyətinin ağır olduğu, nəfəs alınmaması, dil göyərməsinin, ürək çatışmamazlığının mövcudluğu göstərilmişdir. Bu hal isə iddianın təmin olunması əsası kimi deyil əksinə rədd olunması əsası olmalıdır. Mübahisələndirilən qətnamənin 6-cı vərəq 1-ci abzasda hadisədən sonra cavabdehin özünə aid sosial şəbəkə hesablarından hadisə ilə bağlı müxtəlif paylaşımlar etməsi qeyd olunsada konkret hansı paylaşımları etməsi göstərilməmişdir. Mübahisələndirilən qətnamənin 6-cı vərəq 4-cü abzasda iş materiallarına əlavə olunmuş sosial şəbəkələrdən götürülmüş paylaşım və yazışmalara istinad olunaraq iddiaçı və ona məxsus salonun işçiləri barəsində ümumi məzmun olaraq it qatili kimi qeyd olunmaları - bununla bağlı cavabdeh tərəfindən hansı paylaşımın edilməsi qeyd olunmur, cavabdehin itinin həmin salonda ölməsi isə bu danılmaz faktdır. Bəli itin ölməsi səbəbləri müxtəlif ola bilər lakin buna dəqiq rəy bildirilmədiyi halda, salona qarşı iradların istifadəşilər tərəfindən bildirilməsi cavabdehə qarşı iddia tələbinin təmin olunması əsası kimi göstərilə bilməz. Həmçinin “bu Nailə nə danışır, başqasının ailəsini dağıdan, Sabinada olan vaxtlarını yadına salsın” kimi şəxsi alçaldan ifadələrin işlənməsini - qeyd olunan paylaşımların cavabdehə aid olması nə ilə sübuta yetirilir. Əgər qəbul etsək belə ki, belə bir paylaşım olub, burda iddiaçının hansı şərəf və layaqəti və ya işgüzar nüfuzuna xələl gəlməsi qətnamə öz təsdiqini tapmır. Həmçinin cavabdehin paylaşımına əsasən başlanmış petisiya, yazılmış məqalələrə əsasən, məhkəmə iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyi qənaətinə gəlmişdir - petisiya nə vaxtdan işgüzar nüfuza xələl gətirən hal kimi qəbul olunur. Mübahisələndirilən qətnamənin 6-cı vərəq sonuncu abzasda məhkəmə iclasında cavabdehin aydash 000 adlı instaqram sosial şəbəkə hesabının ona aid olması - bu adla hansı paylaşımların edilməsi qətnamədə qeyd edilmir. 13.08.2020-ci il tarixdə iti ünvan 2 ünvanında yerləşən "Doğğie Couture” By Nayle heyvan salonuna gətirmiş daha sonra saat 17:45 radələrində itimi salondan götürmək istəyəndə itin öldüyünü bildirdilər. O, salonda quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntüyə baxmış və itinin boğazına bağlanan xaltanın taram iplə bağlandığını, itin ayaqlarının yerə tam çatmadığını müşahidə etmişdir. Anna adlı ustanın səriştəsizliyi, ehtiyatsızlığı, kobud rəftar etməsi və hətta itin vəziyyətinin pisləşməsinin görən Anna işinə davam etmiş, itin öldüyünü bildikdən sonra iti suya salmış, ayılmadığını görüb iti baytar həkiminə aparmışlar. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən izahatlar və iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı X18 “Doggie Couture by Nelya” adlı ev heyvanlarına bərbər xidməti göstərən salonunun sahibidir. Cavabdeh X17 özünə məxsus Quççi (“Gucci”) adlı iti 13.08.2020-ci il tarixdə bu salona gətirmiş, iti qoyub getmişdir. Bir neçə saat sonra qayıtdıqda isə itin halının pis olduğunu görmüş, baş vermiş hadisədə salon işçilərini günahlandırmışdır. İt həmin gün ağır vəziyyətdə veterinar klinikaya aparılmış, itə baxan veterinar həkim tərəfindən müayinənin nəticəsinə dair verilmiş rəydə itdə ürək çatışmazlığı olduğu və çox güman ki, infarkt nəticəsində öldüyü göstərilmişdir. İtin ölümündən sonra itin sahibi olan cavabdeh X17 özünə məxsus sosial şəbəkə hesablarından hadisə ilə bağlı müxtəlif paylaşımlar etmiş, paylaşımlarında iddiaçıya məxsus salon və salonun işçiləri barədə şəxsin şərəf və ləyaqətini, eyni zamanda işgüzar nüfuzunu ləkələyən bir sıra məlumatlara yer vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bəzi paylaşımların öz sosial şəbəkə hesabından edildiyini bildirmiş, bunu iddiaçıya məxsus salonda itinin öldürülməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, onlarda cavabdeh X17 tərəfindən iddiaçı X1 olduğu salon barəsində xüsusilə əxlaqi prinsiplər və etik qaydalarla açıq şəkildə ziddiyyət təşkil edən, iddiaçı barəsində birbaşa ictimai müzakirə təşkil edərək onu ictimai qınaq və müzakirə obyektinə çevirən, xidməti və ictimai fəaliyyətilə əlaqədar kollektiv və ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradan məlumatlara yer verilmişdir. Bütün bu məlumatların və yazışmaların ümumi məzmunundan görünür ki, başlıca mövzu iddiaçı X10 və ona məxsus “Doggie Couture by Nelya” salonunun işçilərinin “it qatili” olması olmuşdur. Cavabdehin bəzi paylaşımlarında iddiaçı barəsində “ ** bu Nailya nə danışır?” “başqasının ailəsini dağıdan”, ““Sabina”da olan vaxtlarını yadına salsın” kimi aşkar şəxsi alçaltmaq məqsədli ifadələr yer almışdır. Məhkəmə hesab edir ki, bu cür məlumatların iddiaçının şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna xələl gətirdiyi şübhəsizdir. Belə ki, məhz cavabdehin paylaşımına yazılmış müxtəlif məzmunlu rəylərdə salon və salonun işçiləri tənqid, bəzilərində açıq təhqir edilmiş, müxtəlif saytlarda hadisə ilə bağlı “Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib”, “Bakıda itə görə kütləvi dava düşdü” başlıqlı xəbərlərlər yayımlanmış, “Justice to Gucci” adlı petisiya başladılmışdır. Qeyd edilməlidir ki, cavabdeh X17 məhkəmə iclasında verdiyi izahatında “aydash.000” adlı “İnstaqram” sosial şəbəkə hesabının özünə məxsus olduğunu qəbul etmişdir. Lakin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş bəzi paylaşım və şərhlər başqa sosial şəbəkə hesablarından edildiyindən və bu hesabların da məhz cavabdehə məxsusluğu sübut edilmədiyindən məhkəmə həmin məlumatlara münasibət bildirə bilməz. Digər tərəfdən, iddiaçıya məxsus salonun işçisi olan və itin ölümündə cavabdeh tərəfindən birbaşa təqsirləndirilən Anna Arxipovanın sosial şəbəkə hesabına yazılmış ifadələrdə şərəf və ləyaqəti ləkələyən ünsürlər müəyyən edilsə də iddia məhz iddiaçı X11 şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı qaldırılmış olduğundan və Anna Arxipovanın da bu cür iddia qaldırmaq hüququ olduğundan məhkəmə iddia dəlillərinə bu hissədə münasibət bildirmir. Bundan başqa, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Yəni, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməlidir. Belə ki, şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı iddialarda məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yaymış tərəfin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı ilə bağlı yaydığı məlumatlardan hər hansının doğruluğunun sübut edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf itin ölümü ilə bağlı məhkəmədə iddia qaldırdıqlarını bildirsələr də işə baxılmasının nəticəsi və müafiq salonun işçi və ya işçilərinin itin ölümündə təqsirli olduğunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş və itə ilk tibbi müdaxiləni edən veterinar həkim tərəfindən verilmiş rəydə itdə ürək çatışmazlığı olduğu göstərilmiş, hər hansı boğulma halından bəhs edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, yayılmış məlumatlar doğru olmayan məlumatlar kimi qiymətləndirilməlidir. Habelə, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı barəsində doğruluğunu sübut edə bilmədiyi və onun şərəf və ləyaqətini ləkələyən məlumatları “İnstaqram” sosial şəbəkəsində yaymışdır. Məhkəmə xüsusi qeyd edir ki, cavabdeh X9 paylaşımlarından sonra və bu paylaşımların təsiri ilə bir neçə başqa sosial şəbəkə istifadəçiləri tərəfindən də bu məzmunda paylaşımlar edilmiş, bu paylaşımlarda da iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr yer almışdır. Bu istifadəçilərdən bəziləri isə, məsələn, “mimi_accesoriess” adlı istifadəçinin iki yüz mindən çox izləyicisi olmuşdur. Bu isə məlumatların geniş kütlədə yayılmış olduğunu artıq sübut edir. Bu hissədə qeyd etmək lazımdır ki, iddiaçı məhz cavabdeh X17 və digər üç şəxs tərəfindən yayılmış məlumatların təkzib edilməsini tələb etsə də “digər üç şəxs”in kim olması qeyri-müəyyən olduğundan bu hissədə iddia təmin edilə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X8 X6 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Lakin, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə, bu zaman şəxsin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfüzunun ləkələnməsi qəbul edilə bilməz. Odur ki, iddiaçı doğruluğu sübut edilməmiş bu məlumatların təkzib edilməsini və məlumatların yayılmasına görə üzr istənilməsini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması şübhəsiz olsa da dəymiş mənəvi zərərə görə tələb edilən məbləğ hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə kollegiyası, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələməklə yayılan məlumatlara görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 1500 manat məbləğində pulun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X9 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli 2(010)-262/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar