Məhkəmə qərarları › İş №2(103)-4156/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4156/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4156/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-744/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X2 (bundan sonra, cavabdeh) qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 2167,80 manat, debitor borca görə 808,90 manat və dövlət rüsumuna görə 49,77 manat olmaqla, cəmi 3026,47 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə AK-1/29549 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında abonentə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmşdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1468,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat olmaqla, cəmi 2656,80 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Cavabdeh 1468,80 manat zərərdən 489 manat ödəniş etmişdir. Bundan başqa, cavabdehin ödənilməmiş 2021-ci ilin aprel-dekabr ayları üzrə 378 manat sərfiyyat borcu və limitdən əlavə 8,10 manat sərfiyyat borcu, 2022- ci ilin yanvar-dekabr ayları üzrə 426,80 manat sərfiyyat borcu və limitdən əlavə 24,70 manat sərfiyyat borcu, 2023-cü ilin yanvariyun ayları üzrə 271,32 manat sərfiyyat borcu və limitdən əlavə 34,08 manat sərfiyyat borcu, cəmi 1143 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 334,10 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 808,90 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 2976,70 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 744/2024 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia qismən təmin edilmiş, cavabdehdən 808,30 manat təbii qazdan istifadəyə görə yaranmış borcun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təimn olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən qanunsuz qoşulma halının müəyyən olunması, bu barədə aktın tərtib olunması, aktın və sübutların (fotoların) məhkəməyə təqdim olunması, aktın qanuni olması, ekspertizanın təyin olunması barədə vəsatətlərin rədd edilməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan “Abonentin Saldosu” adlı hesabat sənədindən görünür ki, abonent tərəfindən qaz sayğacına müəyyən dövri ödənişlər edilmiş, 2023-cü ilin oktyabr ayına qalıq borcu 2976,70 manat təşkil edir. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2021-ci il tarixli aktdan və dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında cavabdeh X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazan istifadə olunduğu aşkar olunmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 11880 m3 itki hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, təbii X3nın pozulması haqqında xx.xx.2021-ci il tarixli akt qanunla və qaz istismarı qaydalarına uyğun olaraq, cavabdeh istifadə etdiyi qaz sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə iddiaçı olan İddiaçı daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, cavabdeh məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə, o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. İddiaçı sayğaca cavabdeh tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən iddiaçıya zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qeyd olunan akt üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutları, yəni akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdehə aktın, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi barədə sübutları əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmış, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Həmçinin, abonenti saldosunda akt üzrə 2018-ci ilin may ayında 1468,80 manat hesablansa da, təbii X3nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdehin abonent hesabına borcun hesanlanmasına dair əsaslar iddiaçı qurum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdeh barəsində 25 may 2018-ci il tarixdə və 29 yanvar 2021-ci il tarixdə müvafiq aktlar tərtib olunmasını göstərsə də, 25 may 2018-ci il tarixli aktı ümumiyyətlə məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etməsinə baxmayaraq, iddiaçı apellyasiya şikayətində bu hala münasibət bildirməmiş, həmin aktın mövcudluğu və onunla əlaqəli sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının 25 may 2018-ci il tarixli aktın mövcudluğuna istinad etməklə cavabdehi hər hansı qanunsuz hərəkətlərdə təqsirləndirməsi və buna görə əlavə sərfiyyat hesablaması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, əsassızdır. İşdə olan, 29 yanvar 2021-ci il tarixli aktdan isə görünür ki, həmin akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin və ya onun hər hansı ailə üzvünün iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. İddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə iddiaçı sayğaca müdaxilə və ya kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması əsası ilə müvafiq pul vəsaiti hesablamaqda və onu tələb etməkdə haqlı olmamışdır. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də müdaxilə faktının olmasını birmənalı müəyyən etmək mümkün olmur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-744/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-744/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar