Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4156/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2438/2011 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2(004)-2438/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2438/2011 nömrəli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2(004)- 2438/2011 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair verilmiş ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Cavabdeh1 geri qaytarılmışdır.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2438/2011 nömrəli qərardadından Cavabdeh1 tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və məhkəmə qərardadından şikayət verilmişdir.
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2438/2011 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, şikayət və ona əlavə edilmiş sənədlər Cavabdeh1 geri qaytarılmışdır.
6. Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2438/2011 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2438/2011 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə bilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 8.Şikayət onunla əsaslandırlır ki, qərardadda qeyd edilir ki, “məhkəmə hazırkı ərizəyə baxılması ilə əlaqədar qanuni və əsaslı qərarın qəbul edilməsindən ötürü məhkəmə iclaslarını 3 dəfə təxirə salmış, Suraxanı və Sabunçu rayon İcra şöbələrinə sorğular göndərmişdir. Lakin həmin sorğulara müsbət nəticə əldə edilməmiş, ərizəçinin özü də ... sübutları təqdim etməmiş, məhkəmə sorğularının icrası ilə bağlı ... cüzi hərəkət göstəməmişdir. ... .” Bu mülahizəyə cavab olaraq bildirmək istərdi ki,cavabdehin buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etməyinin başlıca səbəbi qeyd olunan məhkəmə aktı haqqında məlumatsız olduğudur. 2024-cü ildə təsadüf nəticəsində onun barəsində belə bir qətnamənin mövcudluğu haqqında məlumatı olmuşdur və dərhal məhkəməyə həmin qətnamənin ona təqdim edilməsi üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə göndərdiyi sorğulara müsbət nəticə ala bilməməsinin səbəbi də elə bundan qaynaqlanır, yəni məhkəmə işində Cavabdeh1 qeyd olunan nə məhkəmə prosesi, nə də ki qəbul olunmuş məhkəmə aktından xəbərdar olduğunu təsdiq edən heç bir rəsmi sənəd olmamışdır. Cavabdeh1 xəbərsiz olduğu işə dair ondan nə kimi sübutlar təqdim etməsi gözlənildiyi sual doğurur. Məhkəmənin vurğuladığı digər bir məqam – “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2438/2011 saylı qərardadı xx.xx.2024-cü il saat 14:27-də Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetinə yerləşdirilmiş, ona rəsmi şəkildə təqdim edilmişdir. Deməli, həmin qərardaddan 10 gün ərzində, yəni 9 xx.xx.2024-cü il tarixədək şikayət verilməli idi. Sözügedən qərardad həmçinin Cavabdeh1 şifahi müraciəti əsasında xx.xx.2025-ci il tarixdə məhkəmə aparatı əməkdaşları tərəfindən yenidən əlbə-əl formada təqdim edilmişdir”. Məhkəmə iclası zamanı Cavabdeh1 tərəfindən bildirilmişdir ki, o 1-ci dərəcəli gözdən əlildir, portaldan istifadə etmir, etsə belə xx.xx.2025-ci il tarixdən ona dövlət vəsaiti hesabına təyin olunmuş vəkil tərəfindən portala baxış keçirilən zaman orada “məhkəmə işlərim” siyahısında 2(004)-2438/2011 nömrəli məhkəmə işi mövcud deyildir (elektron məhkəmə sistemində şəxsi kabinetdə “məhkəmə işlərim” bölməsinin scree-ni əlavə olunur). Yuxarıda göstərilənlərdən əlavə onu da qeyd etmək istərdi ki, nəinki “məhkəmə işlərim” siyahısında 2(004)-2438/2011 nömrəli məhkəmə işi mövcud deyildir, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli 2(004)-2438/2011 saylı qərardadının “elektron kabinet”də yerləşdirilməsi haqqında məlumat da Cavabdeh1 nə elektron poçt, nə sms nədə ki sair vasitə ilə göndərilməmişdir. Bundan əlavə, məhkəmə iclası zamanı nəzərə çatdırılmışdır ki, 2022-ci ildə cavabdehin pensiya kartından müəyyən məbləğdə pul silinmişdir. Bunun səbəbini araşdırdıqda Cavabdeh1 həmin pulun silinməsi Suraxanı rayon İcra Şöbəsi tərəfindən icra edildiyini, və bu pulun ondan tutulmalı olmadığını, səhv nəticəsində tutuluduğunu, bu səbəbdən də həmin məbləğin onun kartına qaytarıldığını öyrənmişdir. 2(004)-2438/2011 saylı məhkəmə işi haqqında heç bir məlumat verilməmişdir. Belə olan halda cavabdeh haqlı olaraq zənn etmişdir ki, ondan pul səhvən tutulmuşdur ki, geri qaytarılmışdır, və bu hadisədən sonra ondan bir daha pul tutulmamışdır. Yalnız 2024-cü ildə təsadüf nəticəsində onun kredit müqaviləsi üzrə zamin qismində məhkəmə işinə cəlb olunduğu və həmin iş üzrə barəsində məhkəmə qətnaməsinin olduğunu öyrənmişdir. Cavabdeh1 heç vaxt İddiaçı ASC-yə nə kredit müqaviləsi bağlamaq, nə də ki kiməsə zamin durmaq üçün müraciət etməmişdir. O ümumiyyətlə Cavabdeh2 adda şəxsi tanımır. Bundan əlavə, zaminlik müqaviləsinin Cavabdeh1 rekvizləri hissəsindəki imzası ilə həmin vaxt qüvvədə olan onun şəxsiyyət vəsiqəsindəki imzası arasındakı ciddi uyğunsuzluğu vizual olaraq belə görmək olur. Belə olan halda, Cavabdeh1 heç bir aidiyyəti olmayan zaminlik müqaviləsi ilə, daha sonra xəbəri olmadığı üçün iştirak etmədiyi məhkəmə icraatının nəticəsində Cavabdeh1 pul öhdəliyi yaranmışdır ki, bununla da hüquqları pozulmuşdur. Pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etdikdə isə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 2438/2011 saylı qərardadı ilə buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməyərək Cavabdeh1 Konstitusiyanın 60-cımaddəsinin İ hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatından kənar qalmışdır. Hesab edir ki, məhkəmənin “şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət uzun müddətə ötürülmüşdür. İddia tələbi üzrə iddiaçının hüquqi maraq və mənafelərini nəzərə almaq lazımdır” mülahizəsi nə sözügedən zaminlik müqaviləsindən, nə həmin müqavilədən irəli gələn öhdəliklərdən, nə də ki, bunlarla əlaqədar məhkəmə aktından xəbərsiz olmuş Cavabdeh1 MPM-in 4-cü maddəsi ilə müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan, habelə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı konstitusion hüququndan məhrum edir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
12. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 13.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2438/2011 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 şəxsi elektron kabinetində yerləşdirilmiş, qərardaddan şikayət isə qanunla müəyyən edilmiş 10 günlük müddət 6 ay ötürülərək xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir.
20. Həmçinin həmin qərardad Cavabdeh1 şifahi müraciəti əsasında xx.xx.2025-ci il tarixdə məhkəmə aparatı əməkdaşları tərəfindən yenidən əlbəəl formada təqdim edilmişdir (bildirişə imza edilmişdir). Qərardad təkrar təqdim edilərkən məhkəmə aparatı əməkdaşları tərəfindən cavabdehə həmin qərardadın onun elektron kabinetinə yerləşdirilməsi və şikayətin verilməsi müddəti həmin tarixdən hesablanması barədə məlumatlandırılmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi üzrə xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında şəxsən özü iştirak etmiş, xx.xx.2024-cü il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında isə üzrsüz səbəbdən iştirak etməmişdir. Yəni, o, məhkəmənin gedişatı, iclaslar barədə məlumatlı olsa da, məhkəmənin qəbul etdiyi müvafiq aktın nəticəsi ilə maraqlanmamışdır (özünün deməsinə görə ehtimal etsək ki, qərardad ona faktiki olaraq təqdim edilməmiş, “Elektron məhkəmə” informasiya sisteminə nəzər yetirməmişdir). Hazırda isə üzərindən 6 ay keçəndən sonra məhkəmənin yekun aktından məlumatlı olduğunu bildirərək müvafiq qərardaddan şikayət vermişdir.
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, cavabdeh məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
23. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
24. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
25. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi).
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
27. Hazırkı halda ərizədə göstərilən hallar mübahisələndirilən qərardaddan 6 ay sonra şikayət verilməsinə əsas ola biləcək üzürlü səbəblər hesab edilmir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
29. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2438/2011 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə