Məhkəmə qərarları › İş №2(103)-4158/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4158/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4158/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və bununla bağlı iş üzrə icraatın dayandırılması barədə” 15 may 2024-ci il tarixli qərardadının “iş üzrə icraatın dayandırılması barədə hissəsindən” iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü “kredit borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və bununla bağlı iş üzrə icraatın dayandırılmasını qərara almışdır. Cavabdeh həmin qərardadın “iş üzrə icraatın dayandırılması barədə” hissəsindən şikayət verərək, qərardadın həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin onun diqqətinə çatdırdığı xüsusatlara əhəmiyyət vermədən, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmədən və işin aidiyyəti üzrə baxılması məsələsini həll etmədən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini əsas götürərək işin icraatını dayandırmışdır. Halbuki, həmin məsələlərin müzakirə edilərək həll edilməsi işin həlli üçün vacibdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə, Rayon Məhkəməsi, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməklə əlaqədar iş üzrə icraatın dayandırmaqda səlahiyyətli və haqlı olmuşdur. Qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Şikayətdə göstərilən məsələlərin müzakirə edilərək həll edilməsi mülki iş ekspertizadan qaytarıldıqdan sonra da həyata keçirilə bilər. Bu səbəbdən də, Məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərardadın müzakirə edilən hissəsinin ləğv edilməsi üçün əsaslı deyil. Həmin dəlillər işə mahiyyəti üzrə baxılan zaman birinci instansiya və ya apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq dəyərləndirilə bilər. Odur ki yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar