Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4159/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1278/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına ayrı-ayrı vaxtlarda 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat köçürülmüşdür.
2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 20.09,2022-ci il tarixdə Yasamal RPİ-nin 28- cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə qeyri-rəsmi birlikdə yaşadığı İddiaçı onu, bacısıgildə olan zaman ora gələrək onu təhqir və təhdid edıb özüylə getməsini tələb edərək zorla öz avtomobilinə əyləşdirdiyini, daha sonra avtomobildə olan zaman İddiaçı ona fiziki zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirdiyini, avtomobildə səsküy salmasından sonra Farizin onu yolda düşürərək mobil telefonunu özündə saxladığını bildirmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Faiq Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 17 noyabr 2022-ci il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə qərar qəbul edilmiş və material əlavə araşdırma apanlması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin material üzrə araşdırma davam etdirilmiş və Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin, CM-nin 180, 182-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yasamal RPİ-nin 28-ci PB-nə göndərilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 40000 manat məbləğində pulun və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuş, həmin şəxslə nikahdan X6 və X4 dünyaya gəlmişdir. Cavabdeh 2010-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin reyestr xidmətində işləyərkən tanımışdır. Həmin vaxt Ruqiyyə arxiv şöbəsində mütəxəssis işləyirmiş, o da həmin orqanda ekspert olmuşdur. 2013-cü il tarixdə onunla Ruqiyyə arasında sevgi münasibətləri yaranmışdır. O, Ruqiyyəyə 01 ədəd boz rəngli “Mercedes-Benz” markalı, 01 ədəd də ağ rəngli “Hundai ix 35” markalı avtomobil almışdır. Bununla yanaşı, Ruqiyyənin özünün, anasının da evlərini təmir etdirmiş, bir sözlə sözügedən şəxslərin bütün maddi ehtiyaclarını qarşılamışdır. Onunla Ruqiyyənin münasibətləri 2019-cu ilin sonu-2020-ci ilin əvvəllərində soyuqlaşmağa başlamışdır. Həmin tarixdən qabaq da bir sıra münaqişələri olmuşsa da, o qədər də kəskin xarakter daşımamışdır. Lakin, Ruqiyyənin ona qarşı hədələri 2019-cu il taixdən də qabağa dayanmışdır. Ruqiyyə onu hədələyərək ayrılacaqları təqdirdə birlikdə olduqları şəkilləri arvadı X1 göstərəcəyini demişdir. 2019-cu ilin sonlarından etibarən onun Ruqiyyə ilə olan münasibətlərinin daha da pisləşməsinin səbəbi Ruqiyyə və ailəsinin ondan daha bir avtomobil almasını tələb etmələri olmuşdur. Belə ki, Ruqiyyə onun almış olduğu ag rəngli “Hundai ix 35” markalı avtomobili ondan xəbərsiz satmışdır. Bu səbəbdən 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində o, Ruqiyyəyə münasibətləri kəsməli olduqlarını bildirmişdir. Bu zaman Ruqiyyə onu hədələyərək “whatsapp” profilinə öz şəklini qoyub davamlı olaraq ona həmin proqramdan zəng edəcəyini, ailəsini münasibətləri barədə xəbərdar edəcəyini demişdir. O, arvadının İİ qrup əlil olduğunu və Ruqiyyə ilə olan münasibətləri öyrənməyin arvadına pis təsir edə biləcəyini düşünüb Ruqiyyə ilə razılaşmışdır ki, maaş kartına "hər ay pul göndərəcək. Çünki, pulları ondan istifadə edərək almış, onu arvadı ilə hədələmişdir. O, bundan qorxaraq və ehtiyat edərək ilk əvvəllər Ruqiyyənin "xxxx" ASC-yə məxsus kartına hər ay təxminən 500-700 manat pul göndərirmişsə də, sonralar Ruqiyyə həmin pulun bəs etmədiyini, daha çox pul göndərməyimi tələb etmişdir. Bundan sonra o, Ruqiyyənin kartına aylıq minimum 1200 manat, ortalama isə 1400-1500 manat pul göndərirmişdir. Bu proses 2022-ci ilin sentyabrına kimi davam etmişdir. 2022-ci ilin sentyabrın 19-u o, Kərbaladan Bakıya gəlmişdir. 20 sentyabr 2022-ci il tarixdə Ruqiyyə “077-583- 77-00” mobil nömrəsindən onun “***-***-**-**” mobil nömrəsinə yığaraq təcili şəkildə kartına 500 manat pul göndərməsini bildirmişdir. O da Ruqiyyəyə dünən Bakı şəhərinə qayıtdığını, üzərində 500 manat pul olmadığını dedikdə, Ruqiyyə pulu çatdırmayacağı təqdirdə evinə zəng edəcəyini söyləmişdir. O, Ruqiyyədən vaxt istədikdə isə Ruqiyyə ona yaşadığı evə gəlməsini və başqa bir yerə getmələrini bildirmişdir. Bundan sonra Ruqiyyə onu işdən çıxarılmağı ilə bağlı hədələmiş, onu Daxili Audit İdarəsinin müdiri Nadir Teymurovla qorxutmuşdur. Ruqiyyə sonradan həmin şəxsin vasitəsi ilə onu işdən çıxartırmışdır və hazırda işsizdir. O, Ruqiyyənin hərəkətlərindən bezərək polisə müraciət etmişdir. Polisdə onun müraciətinin mülki xarakterli olması bildirilmişdir və cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılmışdır. O və həyat yoldaşı 2-ci qrup əlildir. Həyat yoldaşı şəhid qızıdır. X10 müharibəsində şəhid olmuşdur. Hazırda həmin pula ehtiyacları var. Cavabdehin ona borclu olduğu pulun ümümi məbləği 40000 manat təşkil edir. Həmin pulu müxtəlif vaxtlarda ondan aldadaraq, onu evi və ailəsi ilə hədələyərək almışdır. Ruqiyyə onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1278/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini və cavabdehin həmin pul məbləğini ondan şantaj və ya hədə-qorxu yolu ilə tələb etməsini, beləliklə də cavabdehin əsassız varlandığını sübuta yetirməlidirlər. İddiaçı nə tələb etdiyi 40000 manat pulun cavabdehə verdiyini nə də cavabdehin həmin pul məbləğini ondan şantaj və ya hədə-qorxu ilə tələb etməsini təsdiq edən sübutları məhəməyə təqdim etməmiş, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İş materiallarına əsasən, iddiaçının cavabdehin bank hesabına 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat köçürdüyü təsdiq edilsə də, cavabdehin həmin pulları iddiaçıdan şantaj və ya hədə-qorxu ilə tələb etməsi təsdiq edilmir. Kommunal ödənişlərin və hava yolları üçün ödənilmiş pulun, iddiaçının bankdan kreditlə götürdüyü pulun isə ümumiyyətlə cavabdehlə bağlılığı təsdiq edilmir. Həmçinin, işin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Belə olan halda, iddiaçının həmin pulu cavabdehə könüllü şəkildə verməsi istisna olunmur. Həmçinin qeyd edilməlidir ki, iddiaçının cavabdehin ondan iki il ərzində şantaj və ya hədə-qorxu ilə pul tələb etdiyi halda bununla bağla polisə müraciət etməməsi də ağlabatan qəbul edilmir. Əksinə, iş materiallarına əsasən görünür ki, cavabdeh iddiaçı barəsində ona fiziki zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirməsi əsası ilə polisə müraciət etmiş, həmçinin iddiaçı cavabdehi idarədə işçilərlə və ailəsi ilə şantaj etməycəyinə dair iltizam yazmışdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1092.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Yasamal rayon məhkəməsinin e- 2(004)-1278/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı hesab edir ki, cavabdeh əsassız əldə etdiklərini cavabdehə qaytarmalıdır. Tərəflərindən təqdim edilən sübutlara məhkəmə tərəfindən heç bir qiymət verməmişdir. Ödəniş qəbzləri işin düzgün həll olunması üçün sübut idi. Cavabdeh tərəfindən iddiaçıya zərər vurulmuş və o da zərərin əvəzini tələb etmək hüququna malik olan şəxsdir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Göründüyü kimi cavabdeh iddiaçının hesabına avtomaşınlar əldə etmiş, ümumiyyətlə bütün xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə aydınlaşdırmadığı hallar ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ayrı-ayrı vaxtlarda olmaqla 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat köçürülmüşdür. Həmçinin, iş materiallarına əlavə edilmiş BBLK1416898A103 nömrəli müqavilə üzrə ödəniş qəbzlərindən görünür ki, həmin müqavilə üzrə 977 manat ödəniş edilmişdir. Ümumiyyətlə iddiaçının cavabdehə yazdığı qəbzin heç bir hüquqi əsası yoxdur. Çünki həmin qəbzdə pulun qaytarılmamasından və tələb edilməyəcəyindən söhbət getmir. Həmin qəbzin özü şantajla alınmış qəbzdir. Ümumiyyətlə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da görünür ki, cavabdeh iddiaçını əsassız olaraq Polisə şikayət edir. Onun cinayət törətməsini bildirir və bu hal təsdiqini tapmır. Ümumiyyətlə Cavabdeh pulların göndərilməsi və pulun onun tərəfindən qəbul olunması öz təsdiqini tapmışdır. Ümumiyyələ cavabdehin qazancı onun avtomaşın almasına və evi saxlamasına eyni zamanda evini təmir etdirməsinə yetmir. Görünən odur ki, həmin xərclər İddiaçı tərəfindən qarşılanmışdır. Cavabdeh pulu qaytarmamaq üçün İddiaçı Polisə şikayət etmişdir. Göstərilən bu halları məhkəmə araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı və cavabdeh arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Cavabdeh və iddiaçı 2013-cü ildə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Reyestr Xidmətində işləyərkən tanış olublar. Həmin vaxt Ruqiyyə arxiv şöbəsində mütəxəssis, iddiaçı isə ekspert işləmişdir.İddiaçının anası cavabdehin evinı belə gedib, elçilik də olub. Münasibətdə olduqları zaman iddiaçı cavabdehə həddiyyələr almışdır. Daha sonra cavabdeh iddiaçının evli olduğunu öyrənmişdir. İddiaçı cavabdehə bu barədə heç nə deməmişdir. Mübahisə yaranıb və onlar ayrılıblar. İddiaçı onu şantaj etməyə və döyməyə başlamışdır. Cavabdeh iddiaçı barəsində polisə şikayət etmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı qadına qarşı zor tətbiq etmişdir. Cavabdeh yenidən polisə şikayət edəndə iddiaçı yazılı iltizam yazaraq cavabdehi narahat etməyəcəyini, onu şantaj etməyəcəyini bildirmişdir. Lakin, üstündən 2-3 ay sonra iddiaçı pul tələbi qaldırır. İddia əsassızdır. Onlar pulun verilməsini təsdiq edir. Hədiyyələr də verilib. Lakin, heç biri qaytarılma şərti ilə verilməmişdir, əvəzsiz şəkildə cavabdehə verilmişdir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iddiaçı cavabdehdən 40.000 manat məbləğində pulun tutulmasını xahiş edir.
20. İddiaçı mübahisənin predmeti olan pul vəsaitlərinin cavabdehi onu şantaj etməsi, zorakılıq etməsi və s. nəticəsində verməsinə istinad etmiş olsa da bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən edilmiş kommunal ödənişlərlə bağlı qəbzlər, hava yolları ilə bağlı ödənilmiş məbləğlərlə bağlı məhkəməyə sənədlər, iddiaçının bankdan kredit götürməsinə dair sənədlər təqdim edilməsinə baxmayaraq, bu sənədlərin cavabdehlə əlaqəsi təsdiq edilmir. İddiaçı məhkəməyə cavabdehə məxsus bank hesabına ayrı-ayrı vaxtlarda 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat pul köçürməsinə dair sübutlar təqdim etmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının pulu cavabdehə könüllü şəkildə hədiyyə olaraq verməsi istisna olunmur. Çünki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlə aralarında sevgi münasibəti olmuş, cavabdehə bir ədəd boz rəngli “Mercedes-Benz” markalı, bir ədəd də ağ rəngli “Hundai ix 35” markalı avtomobil almış, onun evini təmir etdirmiş, maddi ehtiyacını qarşılamışdır.
22. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cavabdeh iddiaçı barəsində ona fiziki zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirməsi əsası ilə polisə müraciət etmiş, həmçinin iddiaçı cavabdehi idarədə işçilərlə və ailəsi ilə şantaj etməyəcəyinə dair iltizam yazmışdır. İddiaçı isə əksinə olaraq iddia ərizəsində qeyd edildiyi kimi cavabdehin ondan iki il ərzində şantaj və ya hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə müraciət etməmişdir. Qeyd edilənlər iddiaçının əsası kimi istinad etdiyi halların həqiqətə uyğun olmaması və hər hansı sübutlarla təsdiq edilməməsi barədə qənaətə gəlməyə əsas verir.
23. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
25. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1278/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev