Məhkəmə qərarları › İş №2(103)-416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-416/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-416/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarxili 2(004)-8008/2018 nömrəli qətnaməsindən Cavabdeh2 Asifgli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 4906.63 manat əsas borc, 6818.54 manat faiz borcu, ümumilikdə 11725.20 manat kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 12 manat və 30 manat dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarxili 2(004)-8008/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 4906 (dörd min doqquz yüz altı) manat 63 (altmış üç) qəpik əsas, 4902 (dörd min doqquz yüz iki) manat faiz borcu, 12 (on iki) manat müqavilələrin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş xərclər olmaqla, cəmi 9820 (doqquz min səkkiz yüz iyirmi) manat 63 (altmış üç) qəpik vəsaitin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16.20 %-i, yəni 4 (dörd) manat 85 (səksən beş) qəpiyi iddiaçıya aid edilməsi, qalan 83.80 %-i yəni 25 (iyirmi beş) manat 15 (on beş) qəpiyin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 Asifgli oğlu apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin də ona aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 adlı şəxsi tanımır və hər hansı bankla Cavabdeh1 xeyrinə əqd bağlamamışdır. Bundan əlavə, nə 07 noyabr 2014-cü il tarixli, 2278 SBFFK saylı kredit müqaviləsindən, nədə 07 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən məlumatı yoxdur. "İddiaçı" ASC ilə kredit öhdəliyinin təminatı olaraq "Zaminlik" müqaviləsi bağlamamış, əgər onun adından bu müqavilə imzalanıbsa həmin müqavilədə olan imzası saxtalaşdırılmışdır. Məhkəmə iclasında Cavabdeh2 oğlu bildirdi ki, Zahid qohumu və ya hərbiçi yoldaşı deyil. Onun qohumu tanışı olub, ona görə zamin durmuşdu. İndi Zahidi tapa bilmir. Mümkündürsə ayda 200 manat civarında məbləğ ödəyə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, cavabdehin döyüşlərdə iştirak etməsini nəzərə alıb icra mərhələsində güzəşt edə bilərlər. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, 07.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla 5000 manat kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 07.11.2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə xətşünaslıq ekspertizasının 19 fevral 2021-ci il tarixli 100 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı ASC və Cavabdeh2 aralarından olan 07.11.2014-cü il tarixli zaminlik müqaviləsində “Zamin” hissəsində imza qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh2 borc və zaminlik müqavilələrindən məlumatı olmaması, zaminlik müqaviləsindəki imzanın onun olmadığını bildirsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya baxışı zamanı bu məsələ ilə bağlı ekspertiza təyin edilmiş və rəy alınmışdır. Məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə Cavabdeh2 göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. İkincisi, apellyasiya baxışı zamanı da Cavabdeh2 borc məbləğindən hər ay 200 manat ödəmək imkanının olduğunu bildirdi. Bu hal da iddianın ona aid hissədə əsassız olmadığına dəlalət edir. Borc məbləğindən hər ay 200 manatın ödənilməsi isə icra mərhələsinə aid məsələdir və icra sənədinin icrası zamanı nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 ekspertiza xərci 133 (yüz otuz üç) manat, alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar