Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4160/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(005)-3435/2020 nömrəli qətnaməsindən Cavabdeh1 oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1138,68 (min yüz otuz səkkiz manat, altmış səkkiz qəpik) manat, 2318,91 (iki min üç yüz on səkkiz manat, doxsan bir qəpik) manat vaxtı keçmiş əsas borc, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat manat, səkkiz qəpik) manat, hesablanmış adi faizlər üzrə borc, 909.69 (doqquz yüz doqquz manat, altmış doqquz qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 5258,36 (beş min iki yüz əlli səkkiz manat, otuz altı qəpik) manatın, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın, ümumilikdə 5288.36 (beş min iki yüz səksən səkkiz manat, otuz altı qəpik) manatın İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(005)-3435/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, borclu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3457,59 (üç min dörd yüz əlli yeddi manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat, səkkiz qəpik) manat, hesablanmış cərimə üzrə 30 (otuz) manat olmaqla ümumilikdə 4378,67 (dörd min üç yüz yetmiş səkkiz manat, altmış yeddi qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu əvəzi tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməni qismən əsas borc üzrə 3457,59 manat, faiz borcu üzrə 891,08 manat, hesablanmış cərimə üzrə 30 manat olmaqla, ümumilikdə 4378.67 manat borcun tutulması hissəsində ləğv edilməsini, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbi üzrə məbləğin müəyyən edilməsində yanlışlığa yol vermişdir. Belə ki, qətnamə ilə müəyyən edilən məbləğ iddia ərizəsində tələb olunan məbləğə istinad olunmaqla qət edilmişdir. Halbuki, iddia olunan məbləğə dair iddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi düzgün deyildir. Hesab edir ki, bunun üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsini əsas götürərək iddianı təmin etmişdir, lakin o, bir daha bildirir ki, tələb olunan məbləğ həddindən artıq şişirdilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh1 ilə arasında bağlanmış 23.02.2018ci il tarixli 00910 nömrəli Kredit Müqaviləsinə əsasən 36 ay müddətinə, illik 22.17 faizlə 5350 manat kredit verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 3457,59 (üç min dörd yüz əlli yeddi manat 59 qəpik) manat, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat məbləğində pul tutulmalıdır. Cərimə borcu isə əsas borc məbləği ilə qeyri mütənasib olduğu üçün 909.69 manat cərimə borcu məbləği azaldılmalı və 30 manata endirilməlidir. Eyni zamanda 20 manat dövlət rüsumu və ümumilikdə 4378,67 (dörd min üç yüz yetmiş səkkiz manat 67 qəpik) borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, borc məbləğinin şişirdilməsi bildirilsə də bu dəlillər əsassızdır. Çünki, bu barədə heç bir sübut təqdim edilməmişdir. Yəni, cavabdehlər borcun şişirdildiyini bəyan edirlərsə, bunun yoxlanılması üçün mütləq öhdliklərini lazımi qaydada icra etmələrinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idilər. Əks halda yalnız şəxsi mülahizəsinə söykənən bu cür dəlillər göstərilməsi əsaslı ola bilməz. İkincisi, iddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Cərimə məbləğini isə məhkəmə əhəmiyyətli dərəcədə azaltmışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 oğlunun və Cavabdeh2 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(005)-3435/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4160/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4160/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver