Məhkəmə qərarları › İş №2(103)-4160/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4160/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4160/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması, mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması, mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsiylə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(011)-136/2023 nömrəli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində girov predmeti olan ümumi çəkisi 25,7 qr, xalis çəkisi 25,7 qr olan 3 ədəd 875 prob 10-luq qızıl qəpik, ümumi çəkisi 17,72 qr, xalis çəkisi 17,32 qr olan 3 ədəd 875 prob kulon, ümumi çəkisi 13,46 qr, xalis çəkisi 13,46 qr olan 2 ədəd 875 prob üzük, ümumi çəkisi 10 qr, xalis çəkisi 10 qr olan 1 ədəd 875 prob qolbaq, ümumi çəkisi 59,32 qr, xalis çəkisi 54,32 qr olan 2 ədəd 750 prob boyunbağı, ümumi çəkisi 73,30 qr, xalis çəkisi 72,30 qr olan 3 ədəd 750 prob kulon, ümumi çəkisi 19,8 qr, xalis çəkisi 16,6 qr olan 1 ədəd 583 prob ağlı komplekt, ümumi çəkisi 15,06 qr, xalis çəkisi 15,06 qr olan 1 ədəd 750 prob üzük ağlı, ümumi çəkisi 14,90 qr, xalis çəkisi 14,10 qr olan 1 ədəd 750 prob sırğa ağlı, ümumi çəkisi 8,7 qr, xalis çəkisi 8,7 qr olan 1 ədəd 750 prob sırğa, ümumi çəkisi 26,23 qr, xalis çəkisi 22,23 qr olan 2 ədəd 585 prob üzük, ümumi çəkisi 196 qr, xalis çəkisi 50 qr olan 1 ədəd 750 prob saat zinət əşyalarının iddiaçıya geri qaytarılması və yaxud cavabdeh zinət əşyalarını qaytara bilməyəcəyi təqdirdə, zinət əşyalarının bazar dəyəri hesablanaraq pul məbləği şəklində iddiaçıya geri qaytarılması, 10000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh özbaşınalıq edərək iddiaçını təzyiqlərə məruz qoyaraq qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək qızıl əşyalarını satdığına görə, iddiaçını aldadaraq 5600 ABŞ dolları pul tələb etdiyinə görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(011)- 136/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul vəsaitinin İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

3. İddiaçı qətnamədən şikayət verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə; 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; Maddə 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6. Apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. İşdən müəyyən olunur ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) qızıl-zinət əşyalarının qaytarılması; 2) mənəvi zərərin tutulması. Bu tələblərin hər ikisi qiymətləndirilən iddia növünə aiddir və mövcud qanunvericiliyə əsasən, qiymətləndirilən iddialar üzrə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunda göstərilən formada hesablanaraq müəyyən edilməlidir.

7. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq, 50 manat məbləğdə dövlət rüsumu ödəmiş, bunun əsası olaraq isə iddianın qiymətinin 1000 manatadək olmasını göstərmişdir.

8. Halbuki, iddiaçının biri “10000 manat məbləğdə mənəvi zərərin ödənilməsi” olmaqla, iki qiymətləndirilən iddia növündə tələbi mövcuddur və dövlət rüsumu da bu tələblərin hər ikisinin ümumi qiymətinə münasibətdə “Dövlət rüsumu haqqında” Qanunda göstərilən formada hesablanaraq ödənilməlidir.

9. Lakin, birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(011)-136/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar