Məhkəmə qərarları › İş №2(103)-4162/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4162/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4162/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5697/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 8 saylı X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il tarixli 69 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC-nin Cəlilabad filialı tərəfindən X5 verilmiş kreditin təminatı olaraq xx xxxxxx 2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Masallı şəhəri H.Əliyev prospektində yerləşən 44 saylı 5 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 1 saylı mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5697/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxx» ASC ilə X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən X1 15 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 15.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli 69 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Masallı şəhəri Heydər Əliyev prospektində istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən, 44 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 32,9 m2 ümumi, 18,6 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borc tam olaraq ödənilmişdir. İddiaçı bildirir ki, banka olan borc tam olaraq ödənilib qurtarsa da, mənzili ipoteka yüklülüyündən azad edilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, X7 «xxxx» ASC-dan xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixlərdə yenidən kredit götürmüşdür. xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə onun hal-hazırda banka 2352,93 manat, xx.xx.2009-cu il tarixli müqavilə üzrə 21489,04 manat məbləğində borcu qalmışdır. Hər iki kredit müqaviləsi üzrə pulun X2 tutulmasına dair məhkəmə qətnamələri mövcuddur. Banka olan borcun ödənməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi, gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. Bu hal məhkəmə qətnamələrinin gələcəkdə vaxtında icra olunmayacağına və zərərçəkmiş şəxslərin hüquqlarına toxunacağına və pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, xx.xx.2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsi borc alan X6 həmin müqavilə üzrə bank qarşısında olan öhdəliyini tam icra etmişdir. Belə olan halda onun bank qarşısında olan öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsinə görə xitam verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1 və 48.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Bu baxımdan kollegiya hesab edir ki, ipotekaya xitam verilməli və ipoteka predmeti olan mənzil ipotekadan azad edilməlidir. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, X4 xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə borcunun olmasının mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki hazırda ipotekadan azad olunması tələb olunan əmlak həmin kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5697/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar