Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4162/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Həsənova Mehriban Dənizxan qızının iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Həsənova Mehriban Dənizxan qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5551/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Həsənova Mehriban Dənizxan qızından 1680 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə Həsənova Mehriban Dənizxan qızından 1680 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə etiraz edərək məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Daha sonra Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Mehriban Həsənovadan 1680 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulması və məhkəmə xərci 10 manat Həsənova Mehriban Dənizxan qızından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Həsənova Mehriban Dənizxan qızı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(011)-5551/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsini yalnız məhkəməyə ərizə ilə müraciət edərək aldığını və həmçinin məhkəmə qətnamə qəbul edərkən onun iştirakı olmadan baxılmışdır. Buna görə də həmin müddətin ötürülmə səbəbini üzrlü hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, qərardad belə əsaslandırılmışdır ki, qətnamə Mehriban Həsənovaya xx.xx.2018-ci il təqdim edilmişdir. Mehriban Həsənovanın həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəməyə səbəbləri barədə məlumat vermədən iclasa gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixdə qəbul etdiyi qətnamə Mehriban Həsənovaya göndərilmiş, xx.xx.2018-ci il tarixdə poçt qəbzinə imza edilməklə qəbul olunmuşdur. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5551/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4162/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4162/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver