Məhkəmə qərarları › İş №2(103)-4163/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4163/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4163/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1528/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahdan xx.xx.2015-ci il tarixdə X20 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-570/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 735/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən cavabdeh hazırda "xxxx" MMC-də direktor, kredit ittifaqının sədri vəzifəsində çalışır, aylıq əmək haqqı 500 manat təşkil edir. İddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. İddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra cavabdeh yenidən X17 ilə nikaha daxil olsa da, sonradan həmin nikah da pozulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-761/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək X1 üçün 50 manat, ümumilikdə 243 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdeh X14 ilə nikahdadır və həmin nikahdan xx.xx.2023-cü il tarixdə X18 doğulmuşdur. Bu nikah pozulmamış və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, uşaq məktəblidir, onun gündəlik tələbatı, sağlamlığı, məktəb ləvazimatları üçün kifayət qədər maddi vəsait tələb olunur. O, heç yerdə işləmir, azyaşlı uşağa qulluq edir. Cavabdehin şəxsi biznesi, maddi gəlirləri, imkanı kifayət qədər yüksək olmasına baxmayaraq, övladına alimentdən əlavə heç bir maddi köməklik göstərmir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, onun maddi vəziyyətinin əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra yaxşılaşmasına dair heç bir sübut təqdim edilməmişdir. Halbuki, onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçıdan doğulmuş uşağının saxlanılması ilə yanaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan Əsgərova (Məmmədova) Afaq Novruz qızından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 üçün də hər ay 193 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi ana üçün 50 manat məbləğində pul tutulur. Bundan başqa, o, yenidən ailə qurmuş və həmin nikahdan xx.xx.2023-cü il tarixdə X18 doğulmuşdur. Bu uşaq onun himayəsində yaşayır. O, hər ay hər iki övladının saxlanılması üçün məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Belə ki, həm aliment ödəmək, həm də himayəsində olan ailəsinin maddi cəhətdən saxlanılması onun maddi vəziyyətini ağırlaşdırır. Aylıq əmək haqqı hesabına məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Bundan başqa, X15 da hazırda ona qarşı alimentin məbləğinin artırılması tələbinə dair ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Belə olan halda, alimentin məbləğinin artırılması onun ailə vəziyyətinin olduqca ağırlaşmasına, ailəsinin, əvvəlki nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsində onun üçün ciddi çətinliklər yaratmış olacaqdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1528/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-570/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X16)

6. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, iddia qismən təmin edilərək, cavabdehdən uşaq üçün yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78.1-ci, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 112.1.3-cü, 119-cu, 233.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qismən qəbul edərək, cavabdehin ailə və maddi vəziyyətini də nəzərə alaraq müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmişdir.

13. İddiaçının bu mövqeyinə münasibət bildirən Cavabdeh nümayəndəsi X13 uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulan alimentin 200 manat miqdarında müəyyən edilməsinə razı olduğunu vurğulamış və buna uyğun olaraq apellyasiya şikayətini artıq qismən müdafiə etdiyini bildirərək, uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində cavabdeh ilk olaraq qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini tələb etsə də, sonradan tərəflər cavabdehdən uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına razı olmuşdular. Bundan sonra cavabdeh apellyasiya şikayətini qismən müdafiə etdiyindən, qətnamə yalnız uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasının mümkünlüyü hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin hazırda tərəflər uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğundan və bu razılaşma qanuna zidd olmadığından qətnamə müəyyən edilmiş alimentin miqdarı hissəsində dəyişdirilməlidir.

24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

25. Nəzərə alınmalıdır ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçı ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı 170 manat məbləğində aliment öhdəliyi vardır. Hazırda cavabdeh uşağın saxlanılması üçün alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq hər ay 235 manat məbləğində aliment ödəmək imkanına malik olmadığını bildirir. Cavabdeh öz mövqeyini əvvəlki məhkəmə qətnaməsi çıxarıldıqdan sonra maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişikliyin olmaması, əksinə əmək haqqının 500 manat olması, digər nikahdan doğulmuş övladının və onun 3 yaşına çatanadək keçmiş arvadının saxlanılması üçün aliment ödəməsi, hazırki nikahından da bir uşağının olması ilə əsaslandırır. Lakin nəticə etibarı ilə bu uşağın saxlnaılması üçün ondan hər ay 235 manat deyil, 200 manat sabit pul məbləğində alimentin tutulması ilə razılaşır.

26. Cavabdehin X17 ilə olan nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə aktına əsasən hər ay ümumilikdə 243 manat məbləğində aliment ödəməsi, habelə hazırda olan nikahından da 2023-cü ildə bir uşağının olması işin mübahisəsiz halıdır.

27. İddiaçı uşağın saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tələb etməsində baxmayaraq, məhkəmə tərəfindən müəyyən edilmiş 235 manat miqdarı ilə razılaşmış və bu nəticəni apellyasiya qaydasında mübahisələndirməmişdir. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə bu barədə ərizə təqdim edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 200 manat məbləğində alimentin tutulmasına da razı olmuşdur.

28. Məhkəmə kollegiyası da uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, tərəflərin hazırki maddi və ailə vəziyyətini, habelə diqqətəlayıq olan digər halları, xüsusilə də tərəflərin alimentin hər ay 200 manat məbləğində müəyyən edilməsi ilə bağlı razılıqlarını nəzərə alıb, hesab edir ki, cavabdehdən tutulan aliment məhz 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

29. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tutulan və cavabdeh tərəfindən mübahisələndirilməyən (cavabdeh ötən dövr ərzində alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmiş, iddiaçı isə aliment məbləğinin gecikdirilməsi və ya ödənilməməsi mövqeyindən çıxış etmir), yəni nəticə etibarı ilə onun tərəfindən ödənilməsi maddi cəhətdən mümkün hesab edilən 170 manatla 200 manat arasında fərq (200- 170=30) cəmi 30 manat təşkil edir. Başqa sözlə, cavabdeh artıq müəyyən edilmiş məbləğdən cəmi 30 manat artıq aliment ödəməli olacaqdır.

30. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 200 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 200 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumuna yaxın olan məbləğdir.

31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1528/2024 nömrəli qətnaməsi cavabdehdən tutulan alimentin miqdarı hissəsində dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi aliment məbləği ilə məhkəmə kollegiyası tərəfindən tutulan aliment məbləği arasında yaranmış fərqin illk məcmusu (235-200 = 35 x12 = 420) 420 manat, cavabdehə münasibətdə isə (200-170=30x12=360) 360 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1528/2024 nömrəli qətnaməsi cavabdehdən tutulan alimentin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar