Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4166/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz hərəkətləri nəticəsində yəni onun tərəfindən çəkilmiş kanalizasiya xətti və kanalizasiya qoyusu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakındantorpağından çıxarılmalı, 15 ildən çox müdddətə kanalizasiya xətti və kanalizasiya quyusunun çəkilməsinə görə 3 sot torpağını yararsız hala saldığı üçün bunun əvəzi olaraq 15.000 manat, 3 sot torpağını zəbt etdiyi üçün 150.000 manat kompensasiya və həmçinin daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Şirinbala qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9-cu döngəsində yerləşən 416 saylı evin həyətyani torpaq sahəsindən Cavabdeh ASC tərəfindən çəkilmiş kanalizasiya xətti və kanalizasiya quyusu həmin torpaq sahəsindən çıxarılması və bu işlərin yerinə yetirilməsi Cavabdeh ASC-nin üzərinə qoyulması, Cavabdeh ASC-dən İddiaçı Şirinbala qızının xeyrinə vurulmuş ziyanın əvəzi kimi 417 (dörd yüz on yeddi) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh ASC-dən dövlət nəfinə keçirilmiş məhkəmə-tikinti ekspertizasının əvəzi kimi 50 (əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsində inşa olunan kanalizasiya xətti və quyusu vətəndaşın razılığı ilə inşa edilmişdir. Xəttin və quyunun inşası zamanı xəttin çəkilməsi ilə bağlı vətəndaşın heç bir şikayəti olmamış və bununla bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Eyni zamanda iddiaçı kanalizasiya xətti və quyusunun 15 ildən çox müddətdir ki, həyətindən keçməsini, ailəsinin yaranmış vəziyyətdən çox əziyyət çəkdiyini qeyd etsə də, bu illər ərzində Cavabdeh ASCyə heç bir şikayət daxil olmamışdır. Həmçinin iddiaçı sonrakı illərdə kanalizasiya xətti və quyusunun yenidən bərpa olunmasına razılıq vermişdir. Kanalizasiya xətti yenidən bərpa olunsa da, iddiaçı məlum olmayan səbəbdən fikrini dəyişərək kanalizasiya quyusunun dəyişdirilməsinə icazə verməmiş və bütün narazılıqlar bundan sonra başlamışdır. İdidaçı iddia ərizəsində qonşularına kompensasiya ödənildiyini qeyd etsə də, ona heç bir kompensasiya ödənişi olunmadığını qeyd etmişdir. Lakin iddiaçının kompensasiya ilə bağlı iddiası heç bir formada sübut olunmamışdır. İşə baxılması vaxtı və yeri haqqında iş üzrə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilllərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-12286H seriyalı, KOD 00400016 nömrəli şəhadətnamənin notarial qaydada tədiq edilmiş çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə/3-389 saylı alqı-satqı müqaviləsi ilə satılmış Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngədə yerləşən 416 saylı evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, hal-hazırda Cavabdeh ASC tərəfindən Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Yenidən qurma işləri çərçivəsində qəsəbənin Heydərbəy Mahmudbəyov küçəsində inşa olunan yeni kanalizasiya xəttinin Cavabdeh ASC-yə məxsus mövcud və istismarda olan kanalizasiya xəttinə birləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Gələcəkdə baş verəcək qəzaların aradan qaldırılması məqsədilə mövcud kanalizasiya xəttinin yenisi ilə əvəz olunması qərara alınmışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı və həyat yoldaşının iştirakı ilə Səbail rayon Sukanal İdarəsinin, podratçı şirkəti “xxxx” MMC və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həyətindən D400 asbest-sement kanalizasiya xəttinin bir hissəsi keçir və bu xəttin üzərində kustar üsulla bir quyu tikilmiş və evin kanalizasiya xətti həmin quyuya birləşdirilmişdir. Alternativ variantların mümkün olmadığı aşkarlanmış və onun razılığı ilə həyətin hasarı sökülmüş (sonrakı əvvəlki vəziyyəti bərpa olunmuşdur), mövcud kanalizasiya xəttinin bir hissəsi, o cumlədən həyətdəki xətt, yenisi ilə əvəz olunmuşdur. Yeni inşa edilən kanalizasiya xəttinin qüsursuz işləməsi məqsədilə onun razılığı ilə həyətdəki kanalizasiya quyusunun da yenisi ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanmışdır. Lakin məlum olmayan səbəblərdən sonradan İddiaçı fikirləri dəyişmiş və yeni quyunun inşası yarımçıq qalmışdır. Hal-hazırda həmin ərazidə tikinti-quraşdırma işləri yekunlaşmış və evlər yeni inşa edilmiş su təchizatı və kanalizasiya sisteminə qoşulmuşlar və bu yaranmış problemlərə görə ərazinin qazılmış yerlərində asfalt örtüyünün bərpası hələ də təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq kustar üsulla tikilmiş kanalizasiya quyusunun yerində yeni quyunun tikilməsi işlərinin davam etdirilməsinə şərait yaradılması tövsiyyə olunmuşdur. Əks halda yeni inşa edilən kanalizasiya sistemində baş verəcək qəzalara görə məsuliyyət İddiaçı üzərində qalacaqdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 17801 №-li rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanın həyətyanı torpaq sahəsindən kanalizasiya xətti keçir və həmin ərazidə kanalizasiya quyusu mövcuddur. Həmin torpaq sahəsindən keçən kanalizasiya xətti və kanalizasiya quyusunun mövcudluğu iddiaçının istifadəsində olan torpaq sahəsində çalanın yaranmasına səbəb olmuşdur. Həmin çalanın doldurulması üçün görüləcək təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 417,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması ilə əlaqədar torpaqlar dövlət ehtiyacları alına bilər. Həmin Qanunun 4.1-ci madəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Göstərilən Qanunun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi kanalizasiya xətti çəkilərkən dövlət ehtiyacları üçün alınmadığından və buna görə iddiaçıya hər hansı kompensasiya ödənilmədiyindən, iddiaçı həmin kanalizasiya xəttinin mülkiyyətindəki torpaq sahəsindən çıxarılmasınə tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4166/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4166/2020
01.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver