Məhkəmə qərarları › İş №2(103)-417/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-417/2023

17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-417/2023 17.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X11 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, vəkili Vəkil, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə 17 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beynəlxan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Nümayəndə3 (0,79 ha), X6 (0,79 ha), X3 (0,79 ha), İddiaçı (1,58 ha) adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

2. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Beyləqan rayon 1-ci DNK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-197 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən İddiaçı 3,95 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı tərtib edilmiş və X27 kitabında uçota alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı RƏF-nin Beyləqan rayon Qəbul Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı DSMF publik hüquqi şəxsin 10 saylı Regional Ərazi Filialından İİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə 273,02 manat məbləğində əmək pensiyası alır. Əmək pensiyasının təyinat müddəti ömürlükdür.

4. İş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli 28/21E007 nömrəli aktın surətindən görünür ki, Beyləqan rayon sakini İddiaçı Energetika Nazirliyinə daxil olmuş şikayəti əsasında yerində araşdırma zamanı məlum olmuşdur ki, ailəyə məxsus pay torpağından yeni çəkilməkdə olan 110 kv-luq 2 dövrəli hava xətti keçir. Xəttin çəkisi zamanı 1 ədəd dayaq pay torpağında quraşdırılmışdır və xəttinin trası boyu ağır texnika işlədiyindən su kanalları dağılmış, yonca əkin sahəsinə ziyan dəymişdir. Pay torpağının 160 metr uzunluğu, 4 m enində olmaqla yararsız vəziyyətə düşmüşdür. Yararsız sahə 2 zonadır, ödənilməsini tələb edir.

5. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Beyləqan rayonu, Şitilçilik qəsəbəsi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış dayağın ərazidən kənara çıxarılması barədə müraciəti ilə bağlı bildirirlər ki, "xxxx" MMC tərəfindən 110 kv-luq İİ Beyləqan hava xəttindən Şükürbəyli budaqlanmasının 2-ci dövrəsinin çəkilməsi üçün dayaqlar quraşdırılmışdır. Xəttin tikintisi, əkin torpağının zəbt edilməsi ilə bağlı bütün məsələlər, o cümlədən dəymiş ziyana görə kompensasiyanın ödənilməsi üçün qeyd olunan təşkilata müraciət etməsi daha məqsədəuyğundur.

6. İş üzrə Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən ailəyə pay torpağının daxilindən keçən yüksək gərginlikli elektrik xəttinin çəkilişi zamanı əkinlərinin bitki örtüyünə və torpaq qatına dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova ünvanlanmış müraciəti baxmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Müraciəti ilə əlaqədar olaraq müvafiq araşdırma aparmaq üçün X28 İnkişaf Mərkəzinin mütəxəssisi, iş icraçısı və vəkalətli nümayəndəsi olan oğlu Nümayəndə3 iştirakı ilə sözügedən əraziyə yerində baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, xüsusi mülkiyyətində olan 3,95 ha torpaq sahəsindəki yonca əkininə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində həqiqətən ziyan dəymiş və iki zolaqda uzunluğu 160 metr, eni 3 metr olmaqla 0,076 hektar sahədə bitki örtüyü yararsız hala düşmüşdür. Qeyd olunanlarla bağlı baxış aktı tərtib edilmiş və İddiaçı nümayəndəsi bu aktı imzalamaqdan imtina etmişdir. Məlumat üçün bildirirlər ki, torpaq mülkiyyətçilərinə dəymiş zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Odur ki, ərizədə göstərdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyyə olunur.

7. İş üzrə Beyləqan rayon İHB-si aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X10, X28 X8 sektorunun müdiri X19, "xxxx" MMC-nin iş icraçısı X20, Beyləqan şəhər sakini İddiaçı, Beyləqan şəhər sakini X21, Beyləqan şəhər sakini X24 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı, mülkiyyətçi Beyləqan şəhər sakini X21, mülkiyyətçi Beyləqan şəhər sakini X24 Respublikanın direktiv orqanlarına müraciət edərək əkin sahələrinə dəymiş ziyanla bağlı ərizəyə baxış keçirilməsini xahiş etmişlər. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı mülkiyyətində Reyestr nömrəsi **********14 olan 3,95 hektar yonca əkin sahəsinin uzunluğu 320 metr, eni 3 metr olmaqla 0,096 hektra, Beyləqan şəhər sakini mülkiyyətçi X15 mülkiyyətində Reyestr nömrəsi **********01 olan 3.16 hektar buğda əkin sahəsinin uzunluğu 120 metr, 3 metr eni olmaqla 0,036 hektar, mülkiyyətçi X17 mülkiyyətində Reyestr nömrəsi **********55 olan 3,73 hektar arpa əkin sahəsinin uzunluğu 200 metr, 3 metr eni olmaqla 0,06 hektar sahəsi 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində yuxarıda göstərilən həcmdə bitki örtüyü yararsız hala düşmüşdür.

8. İş üzrə Beyləqan rayon İHB-si aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X10, X28 X8 sektorunun müdiri X19, "xxxx" MMC-nin iş icraçısı X20, Beyləqan şəhər sakini İddiaçı, Beyləqan şəhər sakini X21, Beyləqan şəhər sakini X24 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı, mülkiyyətçi Beyləqan şəhər sakini X21, mülkiyyətçi Beyləqan şəhər sakini X24 Respublikanın direktiv orqanlarına müraciət edərək əkin sahələrinə dəymiş ziyanla bağlı ərizəyə baxış keçirilməsini xahiş etmişlər. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı mülkiyyətində Reyestr nömrəsi **********14 olan 3,95 hektar yonca əkin sahəsinin uzunluğu 320 metr, eni 3 metr olmaqla 0,096 hektra, Beyləqan şəhər sakini mülkiyyətçi X15 mülkiyyətində Reyestr nömrəsi **********01 olan 3.16 hektar buğda əkin sahəsinin uzunluğu 120 metr, 3 metr eni olmaqla 0,036 hektar, mülkiyyətçi X17 mülkiyyətində Reyestr nömrəsi **********55 olan 3,73 hektar arpa əkin sahəsinin uzunluğu 200 metr, 3 metr eni olmaqla 0,06 hektar sahəsi 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində yuxarıda göstərilən həcmdə bitki örtüyü yararsız hala düşmüşdür.

9. İş üzrə Beyləqan rayon İHB-si aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X10, X28 X8 sektorunun müdiri X19, "xxxx" MMC-nin iş icraçısı X20 tərəfindən tərtib edilmiş imtina aktın surətindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı, Beyləqan şəhər sakini X21, Beyləqan şəhər sakini X7 aktına imza etməkdən imtina etmişlər.

10. İş materiallarında olan Beyləqan SSİ-nin rəis müavini V.Quliyev, Beyləqan SSİnin baş mühəndisi R.Məstanov, Beyləqan SSİ-nin sahə rəisi B.Tağıyev, Beyləqan SSİ-nin ərazi üzrə hidrotexniki T.Cəfərov, şikayətçi Beyləqan şəhər sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, əkin sahəsinin daxili ilə yüksək gərginlikli elektrik şəbəkəsi çəkilmiş və əkin sahəsinin suvarma suyu ilə təmin edən bir neçə kiçik daxili suvarma arxı oradan keçən ağır tonnajlı maşınlar tərəfindən tapdalanmışdır. Şikayətçi tərəfindən həmin daxili arxlar suvarma üçün hazırlanmış və hazırda suvarma aparılır. Bundan başqa suvarma ilə bağlı ərazidə heç bir problem yoxdur.

11. İş üzrə X12 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.

12. İş üzrə X16 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.

13. İş üzrə Nümayəndə3 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.

14. İş üzrə «Sifarişçi» qismində Cavabdeh3 ASC ilə «Podratçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TM/PKH-20/1189 saylı podrat müqaviləsinin surətindən görünür ki, müqavilənin tərkib hissəsi sayılan Əlavə 1 «X1»da göstərilən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması (L=51kv-1 dövrə) işləri ümumi ƏDV daxil olmaqla 2.850.051,28 manat həcmində «Podratçı» tərəfindən aparılacaqdır. «Podratçı» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan Əlavə 1 «X1»-da göstərilən işləri tam həyata keçirərək onun təhvil verilməsini öhdəsinə götürmüşdür. «Podratçı» tərəfindən yerinə yetirilmiş işlər onun tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmalıdır. «Podratçı» aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. «Sifarişçi» müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində işlərin «Podratçı»dan qəbul edilməsini və dəyərinin müqavilənin xüsusi maddəsində göstərilmiş qaydada ödənilməsini öhdəsinə götürmüşdür.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/537-9/4031 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən: - tədqiqata təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı aqronom rəyinə və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəyə əsasən Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir və bunun səbəbi elektrik xəttinin çəkilişi zamanı olmuşdur (bioloji tədqiqat). - Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubundakı X13 aqronom rəyində və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəydə və rəyin bioloji tədqiqat hissəssində göstərilənlərə əsasən yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir. Lakin həmin mütəxəssis rəylərində dəymiş ziyanın məbləği və məhsuldarlığı barədə heç bir məlumat verilmədiyi üçün qərardda qoyulan «Yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdirsə (elektrik xəttinin çəkilişi ilə əlaqəlidirsə) hansı məbləğdə dəymişdir?» sualı üzrə tədqiqat işləri aparılmadı (əmtəəşünaslıq tədqiqat).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2408 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən təqdim olunmuş mütəxəssis rəylərinə və AKT-ın göstəricilərinə əsasən müəyyən olunmuşdur ki, Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına dəymiş ziyanın səbəbi həmin sahədə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi səbəb olmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1462-9/1538 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən: - Mülki iş materiallarında olan məlumatlara əsasən qərardadın sualı ilə bağlı qeyd olunur ki, hər biri 246 m uzunluqda 0,95 m. dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta baza qiyməti uyğun olaraq 500 manat təşkil edir. Sahə içi 10 ədəd kiçik kanalın bərpası aqrotexniki iş olduğuna görə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. - İş materiallarında dəymiş ziyanla əlaqədar (torpağın münbit qatına və yonca sahəsinə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Belə ki, qeyd edilən ziyanla əlaqədar görüləcək işlərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3,95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyindən görünür ki, əkin yerinə və yonca məhsuluna maddi zərər dəymişdir. Beləliklə, baxış zamanı aşkar olunmuqdur ki, ağır tonnajlı texnikaların işlədiyi zaman torpaq eroziyaya uğramış, əkin sahəsi bərkiyətrək sıxılmış və əkilmiş məhsul (yonca) məhv olmuşdur. Aparılan işlər zamanı ölçüləri 160,0 m x 4,0 m 2 hissədən ibarət əkin sahəsi məhv edilmişdir. Ümumi ciddi ziyan 3,95 ha torpaq sahəsinə dəymişdir. 0,13 ha torpaq sahəsi eroziyaya uğramış. Uzunluğu 246,0 m olan 2 ədəd əsas suvarma kanalı; 10 ədəd uzunluğu 4,0 m, dərinliyi 0,4 m xırda suvarma kanalı tam yararsız vəziyyətə salınmışdır. Sahənin digər hissəsində 60-70 m. uzunluğunda, eni 4,0 m (280,0 kv.m.) əkinə yerinə ziyan vurulmuşdur. Yonca əkin sahəsinin 1,0 ha 750-850 kq toxum əldə edilir. Beləliklə 0,13 ha torpaq sahəsindən əldə olunan toxumdan gəlirliyə zərər dəymişdir. Həmçinin 0,13 ha əkin sahəsinin icarəyə vermək mümkün olmamışdır. Mövsüm ərzində yonca sahəsindən 5 biçim yonca məhsulu yığmaq olar. 1,0 ha yonca sahəsindən 250-300 ədəd bağlama yığmaq mümkündür. Bir biçim əldə etmək mümkün olmayıb. Elektrik xəttinin mühafizə zonası 160,0 x 40,0 m təşkil etdiyi üçün 0,64 ha torpaq sahəsi məhsuldarlığa yararsız sayılır. Elektrik xətti yüksək gərginlikli olduğu üçün mühafizə zolağı mütləqdir. Bu torpaq ümumi mülkiyyət payıdır və nəzərə alsaq ki, 25 il ərzində bu ailəyə məxsus olacaqsa – ailə başçısı itirildikdən sonra bütün vərəsələrə mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək gəliri nəzərə alsaq, elektrik dirəklərinin basdırılan torpaq sahəsinə dəyən zərər 9873,0 manat təşkil edə bilər.

19. Beyləqan rayonu, Şitilçilik qəsəbəsi 3,95 ha yonca sahəsinə dəyən zərərin hesabatı:

1. Əsas suvarma kanalının yenidən çəkilməsi (2 ədəd) - 246 p/m, 2,30 manat (vahidin qiyməti), 565,80 manat (qiymət), cəmi 1131,60 manat;

2. 4 metr uzunluğunda suvarma kanalının doldurulması - 40 p/m, 2,00 manat (vahidin qiyməti), 80 manat (qiymət), cəmi 80 manat;

3. 4 metr uzunluğunda suvarma kanalının yenidən çəkilməsi - 40 p/m, 2,30 manat (vahidin qiyməti), 92 manat (qiymət), cəmi 92 manat;

4. Sahənin yenidən bərpası - 280 kv.m., 1,40 manat (vahidin qiyməti), 392 manat (qiymət), cəmi 392 manat;

5. 0.13 ha yonca əkin yerinin bərpası (şumlama) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat;

6. 0.13 ha yonca əkin yerinin bərpası (mala çəkmə) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat;

7. 0.13 ha sahədən toxumun məhsuldarlığı (7 il) - 682,50 kq., 5,00 manat (vahidin qiyməti), 3412,50 manat (qiymət), cəmi 3412,50 manat;

8. 0,13 ha torpaq sahəsinin icarəsi - 0,13 ha, 500,00 (vahidin qiyməti), 65,00 manat (qiymət), cəmi 455,00 manat;

9. Məhsuldarlığa (yonca) dəyən zərər (3,82 ha) - 840,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3780,00 manat (qiymət), cəmi 3780,00 manat;

10. Məhsuldarlığa (yonca) dəyər zərər (3,95 ha) - 790,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3555,00 manat (qiymət), cəmi 3555,00 manat;

11. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 643,50 manat;

12. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha - 6 il) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 4504,50 manat;

13. Zərər dəyən torpaq - 64 sot, 200,00 manat (vahidin qiyməti), 12800,00 manat (qiymət), cəmi 12800,00 manat, cəmi 30.886,90 manat, 30.867,00 manat,

14. Vərəsəliyi nəzərə almaqla - 25 il - 2113,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 9508,50 manat (qiymət), cəmi 9508,50 manat, yekun 40.375,00 manat təşkil etmişdir. Nəticədə Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən, mülkiyyətdə olan 3,95 ha torpaq sahəsində əkilmiş yonca sahəsinə və məhsuluna xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan zərərin dəyəri 30.867,00 manat, nəzərə alsalar ki, 25 ildə torpaq sahəsi bu ailəyə məxsus olarsa və ailənin vərəsələrinə mülk kimi gəlir gətirəcəyi halda, elektrik xəttindən dəyən zərər 9.508,0 manat təşkil etmişdir. Beləliklə, ümumi zərərin dəyəri 40.375,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: Mülkiyyətçiyə bundan əlavə gələcəkdə nəzərə alsalar ki, əkin sahəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi ərazidə insanlar işləyir və elektrik xətti insanlar üçün təhlükə yaradır. Əkin sahəsində il ərzində iş gedir və təhlükəsizliyi yüksək gərginlik xəttinə cavabdeh müəssisə nəzərə almalıdır. Bunun üçün mülkiyyətçi sığortalanmalıdır. Əkin sahəsində elektrik xəttinə görə qəza baş verərsə, həmin adama sığorta ödənilməlidir. Sığortanın məbləği təqribən 10.000 manat təşkil edə bilər. Göstərilən 10.000 manat sığorta məbləğinin əkin sahəsinə dəyən zərərə aidiyyəti yoxdur.

20. "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 02-71/22 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2022-ci il tarixinə: Ümumi xərclər (1 ha üzrə): - Toxumluğun alınması - 10 kq., 10 manat, 1 ha-ya çəkiləcək xərc 100 manat, - Peyin - 100 kq, 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, - Superfosfat - 250 kq, 0,53 manat, 1 ha-ya çəkiləcək xərc 132,5 manat, - Kalium - 170 kq., 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 34 manat; Ümumi əkin xərci: - Şusun aparılması - 1 ha, 40 manat, 1 ha-ya çəkiləcək xərc 40 manat, - Səpin - 1 ha, 20 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, Toplam: 346,5 manat, cəmi xərclər ərazi üzrə 33,3 manat təşkil etmişdir. İstehlak miqdarı (ərazi üzrə): - 1 ha əraziyə - 1 ha, 2500 kq, - Zərər dəymiş ərazi - 0,096 ha, 240 kq, - Kiplənmiş məhsul - 1,0 kip, 20 kq, əldə ediləcək gəlir - 5 manat, - cəmi kip sayı - 12 kip, əldə ediləcək gəlir - 60 manat, Cəmi istehlak ərazi üzrə 60 manat, toplam - 90,3 manat, digər, cari xərclər, ümumi məbləğin 30%-i həcmində 121,24 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

22. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Beyləqan rayonu ərazisində yaşayır. İddiaçı xırda sahibkarlıqla məşğul olur və qazanc əldə edir. Respublikada islahat gedərkən onlara da ailəlikcə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əkib becərməklə və icarəyə verməklə dolanırlar. Həmin pay torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi Torpaq Sahəsinin plan və ölçüsü ilə 3.95 ha pay torpaq sahəsi qanuni qaydada sənədləşdirməklə mülkiyyətlərinə keçirmişlər. Həmin torpaq sahəsinə təzə vaxtlarda yonca məhsulu əkmişdir. Cavabdeh "xxxx" ASC, "xxxx" MMC iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkməklə yeri və məhsulu məhv etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X14 Filialı xx.xx.2021-ci il tarixdə müraciətindən sonra yerə baxış keçirmiş və iddiaçıya məxsus torpağa və əkilmiş bitkiyə ziyan vurulduğunu 28/21 E-007 aktla bir daha təsdiq etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi şəkillərdən də məlum olur ki, ağır tonnajlı maşınların təkərləri altında torpaq eroziyaya uğramış, yer bərkiyərək sıxılmış və əkilmiş bitki məhv edilmişdir. Beləliklə iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik dirəyinin basdırılması və enerjinin ötürülməsi ilə torpaq sahəsi azalmış və ziyana məruz qalmışdır. 160 metr uzunluğunda, 4 metr enində torpaq və bitki kolları məhv edilmişdir. Belə məhv edilmiş əkin sahəsində iki hissə vardır. Ümumi ciddi ziyan dəyən sahə 0,13 ha pay torpaq sahəsi eroziya uğramışdır. 4 metr uzunluğunda, 0,95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanar məhv edilmişdir, nəticəsində bərpa edilməsi üçün 500 manat xərc tələb edir. Sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları (sahə içi) məhv edilmişdir, bərpası üçün 500 manat xərc tələb edir. Bu da videolarda açıq görünür. Sahənin digər hissəsində əkin sahəsində 60-70 metr uzunluğunda, 4 metr enində əkinin digər hissəsində ağır tonnajlı maşınların hərəkəti nəticəsində 280 kv.m. yerə zərərvurulması nəticəsində və həmin yerin bərpası 400 manat xərc tələb edir. İddiaçı 3,95 ha pay torpaq sahəsindən hr il 4 ton yonca toxumu götürdüyünü nzərə almaqla 0,13 ha pay sahəsindən il ərzində bir mövsümdə 121 kq yonca toxumu götürmək mümkündür. Yonca toxumunun 7 il məhsul verməsini nəzərə alsalar 121x7=847 kq yonca toxumu edir. Yonca toxumunun hazırda region bazarında 6 mnat olduğunu nəzərə almaqla 847x6=5082 manat edir. Əlavə bu hissələrin bərpa edilməsi üçün 600 manat əlavə xərc tələb olunur. Toxum bir ilin 4 ayının məhsuludur, yəni 90-100 günə yetişir. Toxumu sahədən götürdükdən sonra isə torpaq sahəsi növbəti mövsümə qədər payızlıq-qışlıq otarılması üçün heyvandarlıqla məşğul olan şəxslərə icarəyə verilir. Hər hektar bir sezon üçün 1000 manata icarəyə verilir. Beləliklə məhv edilən ərazinin, yəni 0,13 ha pay torpaq sahəsinin satış qiyməti isə 921 manatdır. Yonca bitkisini toxumluq toxumluq saxlanması üçün mövsümü 5 biçinin 1-ci biçildikdən sonra 90-100 gün ərzində, yəni iyun-sentyabr aylarında toxum tədarük edilir. Birinci biçi - may ayında olur, ot-yonca presinin hazırki bazar qiyməti 4.50-5 manat olmaqla hər hektardan iki yüz əlli pres götürmək mümkündür. 4 ha x 250=1000, 1000 x 5=5000 manat ziyan birinci biçində dəymişdir. Bundan əlavə toxum biçilib götürüldükdən sonra toxumaltı sayılan yonca bitkisində satılır ki, hazırki bazar qiymət 3 manatdır. Toxumaltı yonca presinin orta sayı 4 hektara 800 pres ola bilər. Bu da 800 x 3 = 2400 manat edir. Sahəsinə basdırılan dirək gələcəkdə enerji verilişi təmin olunduqdan sona yüksək gərginlikli (110 min kilovatlıq) xətt olduğu üçün bir tərəfdən 20 metr, ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Bu dayerin (40x160) 6400 kv.m. və ya 64 sot (0,64 ha) məhv edir. Yerin hazırki bazar qiyməti hazırda hər hektar üçün 25000 manat təşkil edir. 3.95 ha – 100.000 manatdırsa, 64 sotun qiyməti 16.202 manat təşkil edir. Yüksək gərginlikli elektrik xətti olduğu üçün enerji verilişi haqqında qanuna əsasən 110.000 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır. Bu onların ailəsinin ümumi mülkiyyət payıdır və bunu nəzərə alsalar ki, istahatdan sonrakı 25 ildə onların ailəyə məxsus olubsa – ailə başçısını itirdikdən sonra iddiaçıya, ondan sonra bütün vərəsələrinə (uşaqlarına, nəvələrinə) mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcəkdə nəzərə alınmaqla, dirəyin basdırılmağına torpağa dəyən ziyan 10.000 manat təşkil edir. Bundan əlavə gələcəkdə hər hansı bir qəza zamanı nəzərə alsalar ki, yüksək gərginlikli elektrik xəttinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatı təhlükədir. Təhlükəni əvvəlcədən sığortalamaq düşünülməmişdir. Əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəssisləri tərəfindən hesablanmalıdır. Qəzalardan sığortalanmaq üçün 10.000 manat iddia edir. İddiaçı bütün bu hesablamaları aqronom mütəxəssislə birlikdə araşdırmaqla aparmışlar. İddiaçı bir neçə dəfə cavabdehdən ona vurulan ziyanı istəsə də, onlar ödəməkdən imtina edirlər. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada iddiaçıya məxsus pay torpaq sahəsinə ümumilikdə vurulan 51.605 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

23. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 177/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1648,30 (bir min altı yüz qırx səkkiz manat, otuz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1678,30 (bir min altı yüz yetmiş səkkiz manat, otuz qəpik) manat məbləğində pulun tutulmas, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlara, ekspertiza rəylərinə baxmayaraq birinci instansiya məhkəməsi qərar qəbul edərkən dəymiş zərərin tam məbləğinin cavabdehlərdən tutulmasını nəzərə almamışdır. Təmin olunan məbləğ iddiaçıya faktiki olaraq dəymiş ziyanın sadəcə az bir qismini təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin tam məbləğinin aydın şəkildə müəyyənləşdirilməsinə baxmayaraq qərar qəbul edərkən bunu nəzərə almayaraq zərərin az bir hissəsinin ödənilməsini təmin etmişdir. Lakin həmin məbləğ iddiaçıya dəymiş zərər nəticəsində itirdiyi gəlirinin əvəzini ödəməyə qadir deyildir. Yuxarıda göstərilən maddənin tələbindən də göründüyü kimi, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin də öhdəsinə qoyula bilər. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən quraşdırma işlərinin faktiki olaraq "xxxx" MMC tərəfindən aparıldığı üçün yalnız onun tərəfindən ödənilməsi barədə qərar qəbul edərək sözügedən Podrat müqaviləsinin digər tərəflərinin öhdəliklərini nəzərə almamışdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehlər tərəfindən iddiaçıya dəymiş məənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından və işə əlavə olunmuş sübutlardan da görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübutları tam şəkildə araşdırmamışdır. Belə ki, qətnamənin 22 və 24-cü bəndlərindən də görünür ki, ekspert qarşısına qoyulan sualların hər biri öz cavabını tapmamış və dəymiş zərərin tam həcmi müəyyən edilməmişdir. Bu səbəbdən, "xxxx" MMC tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı sözügedən sahəyə baxış keçirilmiş, qiymətləndirilməsinin nəticələri iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən qiymətləndirmənin nəticəsinə hüquqi qiymət verilməmişdir.

26. Həmçinin, qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq, tərəflərindən məhkəməyə tədim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-71/22 saylı mütəxəssis rəyi əsas götrülməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv və qərəzsiz baxılmamış, prosessual pozuntulara yol verilmiş, nəticədə İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyanın məbləği həddən artıq böyük məbləğdə müəyyən edilmişdir. Bu səbəbdən sözügedən qətnamə iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği ilə bağlı tələb etdiyi məbləğ həddən artıq yüksək olmuşdur. «Sifarişçi» qismində Cavabdeh3 ASC ilə «Podratçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TM/PKH-20/1189 saylı podrat müqaviləsindən aydın olur ki, sözügedən sahəyə tərəflərindən qəsdən ziyan vurulmamışdır. Podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası zamanı ehtiyatsızlıqdan iddiaçıya məxsus olan pay torpağının tapdalanması nəticəsində tələb olunan məbləğdən qat-qat az olan miqdarda ziyan vurulmuşdur. Lakin iddiaçı vurulan ziyanla heç bir uyğunluq təşkil etməyən məbləğdə kompensasiya tələb etməkə əsassız iddia qaldırmışdır. Halbuki həmin məbləğlər həddən artıq şişirdilmiş, vurulan ziyandan qat-qat artıq məbləğ qeyd olunmuşdur. Ziyanın real məbləği tərəfimizdən məhkəməyə təqdim olunmuş olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02- 71/22 saylı mütəxəssis rəyində öz əksini tapır. İddia tələbinə dair etiraz və etirazın əsaslı olmasını təsdiq edən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02- 71/22 saylı mütəxəssis rəyinin qiymətləndirilməməsi birinci instansiya məhkəməsi tərəfindən işə tam, obyektiv və qərəzsiz baxılmadığını təsdiq edir.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

29. Məhkəmə iclasında iştirak edən iddiaçının namayəndəsi və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin həllini isə məhkəmənin mülahizəsinə təqdim edtdiyini bildirdi.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlərin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

35. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin cədvəlindəki 1, 3, 4, 5, 6 və 11-ci abzasları qismən əsas götürülməklə ( 1-ci abzas üzrə əsas suvarma kanallarının yenilənməsi 500 manat, 3-cü abzas üzrə 4 metr uzunluğundakı kiçik suvarma kanallarının yenidən çəkilməsi üçün 92 manat, 4-cü abazasındakı sahənin yenidən bərpası üçün 392 manat, 5-ci və 6-cı abzaslarındakı 0.13 ha torpaq sahəsinin şumlama və mayalanması üçün 20 manat 80 qəpik, 11-ci abzasındakı 0.13 ha torpaq sahəsəsinin məhsuldarlığına dəyən ziyana görə 643,50 manat) iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş maddi ziyana görə ümumilikdə 1648,30 manat məbləğində pul tutulmalıdır.

46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı özü hesablasada bununla bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirmə keçirilmiş, lakin qiymətləndirilmənin rəyində məbləğ qismən olaraq ağlabatan olmamışdır.

47. "xxxx" MMC tərəfindən gələcəyə münasibatdə ( vərəsəlik nəzərə alınmaqla 25 ilə 9508,50 manat, yonca əkimindən gələcək 7 illik məhsuldarlığa görə 3412,50 manat , torpaq sahəsinin icarəsinə 455 manat və s ) ehtimala əsaslanan məbləğlər müəyyən edilmişdir ki, buda iddia tələbinin əsasını təşkil edə bilməz. Həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə əsas iki suvarma kanllarının çəkilməsinə görə 1131,60 manat məbləğ müəyyən etsədə bunun əksinə olaraq AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyində həmin kanalların yenilənməsi üçün 500 manat məbləğ müəyyən edilmişdir.

48. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir.

49. Belə ki, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması işləri "xxxx" MMC-yə həvalə olunmuşdur.

50. Birinci instansiya məhkəməsində iclas zamanı cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mübahisəli torpaq sahəsində onların şirkətdən başqa digər tikinti şirkətinin, həmçinin Cavabdeh3 ASC-nin məsuliyyəti olmamasını etiraf etmişdir.

51. Belə olan halda bininci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş ziyana görə "xxxx" MMC məsuliyyət daşımalı, buna görə də dəymiş ziyan yalnız onun tərəfindən ödənilməlidir. Digər cavabdehlər Cavabdeh3 ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi təmin olunmamalıdır.

52. Bundan əlavə apellyasiya baxışı zamanı iş üzrə komisyon məhkəməaqrotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Beyləqan DAİM aparıcı məsləhətçisi X2 tərəfindən İddiaçı Beyləqan rayonu Şitilçilik qəsəbəsi ərazisində mülkiyyətində olan pay torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsində ot örtüyü olmamış, suvarılma kanallarının dağıdılmasına rast gəlinməmişdir. Həmin məktubda Azərelektrik Tikinti Quraşdırma MMC tərəfindən elektrik dirəyi (dirəkləri) quraşdırılarkən iddiaçıın mülkiyyətində olan torpaq sahəsindəki yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit olan torpaq sahəsinfdəki yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşüb-düşməməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş "xxxx" MMC tərəfindən elektik dirəyi (dirkləri) quraşdırılarkən iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki, yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürmü” sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin bioloji tədqiqat hissəsində və iş materiallarında olan məlumatlara əsasən qaərardadda qoyulmuş 2-ci Suvarma kanalları, yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəymişdir? Sualı üzrə tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim edilmiş mülki işin materiallarında olan Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyi qanunla nəzərdə tutulan hüquqi səlahiyyətverici sənədə malik olmadığından onun əsasında qoyulmuş suallara obyektiv rəy verilməsi üçün əsas ola bilmədiyindən qərardadda qoyulmuş 3) "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3.95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyində göstərilmiş hesabat üzrə nəzərdə tutulmuş məbləğlər bazar qiymətinə uyğundurmu və tədqiq edilmiş sənədlər vurulmuş zərərin cəmi dəyəri nə qədər təşkil edir?” sualı üzrə tədqiqat işləri aparılmadı.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar