Məhkəmə qərarları › İş №2(103)-4170/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4170/2021

14.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4170/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(005)-1871/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərindəki 113,3 kv.m. olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi, cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2 000 000 (iki milyon) manat zərərin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində aparılan bütün tikinti işlərinin dayandırılması, həmin ərazidən istifadə edilməsinin, o cümlədən həmin əraziyə daxil olunması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərilməsinin cavabdehə və bu işə cəlb olunan başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(003)-1871/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, sözügedən mülki iş üzrə yeni qərardad qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən 427.8 kv.m. torpaq sahəsində aparılan bütün tikinti işlərinin dayandırılması, həmin ərazidən istifadə edilməsi, o cümlədən həmin əraziyə daxil olunması, həmin ərazidə hər hansı fəaliyyətin göstərilməsinin cavabdehə və bu işə cəlb olunan başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, cavabdehin ünvan 2 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində aparılan tikinti işlərinə heç bir hüquqi və faktiki bağlılığı yoxdur. O, qeyd edir ki, iddiaçıya cavab verən şəxs deyil. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli 75 saylı sərəncamından da görünür ki, tikintinin ona heç bir aidiyyatı yoxdur. Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,24 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(005)-1871/2021 saylıqərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlülüyünü (MPM-in 164cü maddəsi) nəzərdə tutmuşdur. Lakin, iddianı təmin tədbiri seçilərkən həm də qarşılıqlı rəqabətdə olan iki maraq - qətnamənin gələcəkdə icrasına nail olunmasına dair iddiaçının marağı və cavabdehin mülkiyyət və digər hüquqlarının həddən artıq məhdudiyyətlərə məruz qoyulmaması marağı - arasındakı ədalətli tarazlığa nail olunmalıdır. Belə ki, hüquqi müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazlığa nail olunması baxımından mütənasib olmalıdır. Həmin maraqlar məhkəmədən tələb edir ki, tətbiq etdiyi iddianı təmin tədbirlərini mütənasiblik prinsipi baxımından ciddi şəkildə dəyərləndirsin. İş materiallarından görünür ki, iddiaçının mülkiyyət hüququ ilə bağlı çıxarış olmaqla yanaşı, adına olan texniki pasportda tikililərlə yanaşı, istifadəsində 427,8 kv.m torpaq sahəsinin olduğu müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(005)-1871/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar