Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4172/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)-651/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh Əliqulu qızı tərəfindən iddiaçı «İddiaçı» İB-yə vurulmuş 4500 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında 27.04.2017-ci il tarixində, T/17640 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qeyd olunan ünvana **********01005 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X3nın tələblərinə əməl etmək) və «X3»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «İddiaçı» İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan stifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən iddiaçıya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirilir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4500 manat təşkil etməkdədir. «İddiaçı» İB-nın nümayəndələri tərəfindən cavabdehə 4500 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)- 651/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin olunmuş, Cavabdeh 1139 (bir min yüz otuz doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 50%, yəni 15 (on beş) manatının iddiaçıya aid edilməsi, qalan 50%, yəni 15 (on beş) manat məbləğində pul vəsaitinin Cavabdeh «İddiaçı» İstehsalat Birliyinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, iddanın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin edilsə də, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, tərəflər arasında 27.04.2017-ci il tarixdə qazın alqı-satqısı barədə T-17640 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilənin 4.3-cü bəndində isə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusunun quraşdırılması qeyd edilmişdir. Cavabdehin adına olan **********01005 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 4500 manat borcu yaranmışdır. İşdə olan 26.10.2017-ci il tarixli ******* saylı, 08.12.2017-ci il tarixli ******* saylı, 16.01.2018-ci il tarixli ******* saylı, 23.02.2018-ci il tarixli ******* saylı, 27.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı, 31.05.2018-ci il tarixli ******* saylı, 31.07.2018-ci il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 13.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin aktlarla Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus evdə PQ3, QSSQ və dəmir soba adlı qaz işlədicilərinin quraşdırılaraq istifadə edilməsi bildirisə də, bu hallarada dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 27.04.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T-17640 saylı müqavilənin 4.3-cü bəndində sözü gedən evdə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusunun quraşdırılması göstərilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazlarını, tərəflər arasında qazın alqısatqısı barədə müqavilənin olmasını, eləcə də, iddiaçı tərəfindən ötən müddət ərzində abonentin saldosuna əsasən cavabdeh tərəfindən ödəniş edilməsinin müəyyən edilməməsinə, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamasına, bu müddət ərzində də, qazdan qanunsuz olaraq isdifadə etməsinə və buna dair sübutlar verməsə də, cavabdehin mənzilində əlavə cihazların olmasına əsaslanaraq cavabdehin borcu olmasını iddia etsə də, cavabdeh tərəfindən ona məxsus evdə qaz istehlak edilməsinin qismən etiraf edilməsini və həmin mənzildə cavabdeh aid yalnız 1 ədəd PQ-4 model qaz qurğusunun olmasına dair etirafını nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə iş materiallarında mövcud olan aktlara əsasən 1 ədəd PQ-4 model qaz qurğusu üçün hesablanmış cərimələr, 2017-ci il üçün 7.74 manat (774 kub x 0.10 manat), 2018-ci il üçün 124.6 manat (1246 kub x 0.10 manat), 2019-cu il üçün 564.40 manat (3672 kub (ümumi istifadə) -1700 kub x 0.10 manat = 170 manat, 1972 kub (limitdən sonrakı sərfiyyat) x 0.20 (limit üzrə) manat = 394.40 manat), 2020-ci il üçün 373.20 manat (2966 kub (ümumi istifadə)-2200 kub x 0.10 manat = 220 manat, 766 kub (limitdən sonrakı sərfiyyat) x 0.20 (limit üzrə) manat = 153.20 manat), ümumilikdə aktlar üzrə 1139 (bir min yüz otuz doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin tutulmasını ədalətli və ağlabatan hesab edir. Göründüyü kimi, məhkəmə işdə olan sübutları qiymətləndirərək, iddianı qalan hissədə təmin etməmişdir. İddiaçı isə tələbinin həmin hissədə əsaslı olması ilə bağlı halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının iddia etdiyi aktlardan görünür ki, onlar cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus evdə PQ3, QSSQ və dəmir soba adlı qaz işlədicilərinin quraşdırılaraq istifadə edilməsi bildirisə də, bu hallarada dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 27.04.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T-17640 saylı müqavilənin 4.3-cü bəndində sözü gedən evdə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusunun quraşdırılması göstərilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəf yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)-651/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)- 651/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4172/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4172/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver