Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4174/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2025-ci tarixli, 2(002)-188/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli 109nkYSM/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh bankdan «kredit müqavilələri üzrə borcun bağlanması» məqsədləri üçün 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10935 manat məbləğində kredit almışdır.
2. 07 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə həmin tarixə 10547 manat əsas borc, 965 manat faiz, 50,3 manat cərimə olmaqla, cəmi 11562,30 manat borcunun olduğu qeyd edilmişdir.
3. 04 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə həmin tarixə 10526,99 manat əsas borc olmaqla, cəmi 10526,99 manat borcunun olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. "xxxx" KB ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, 10547 manat əsas borc, 965 manat faiz, 50,3 manat cərimə olmaqla, cəmi 11562,30 manat pul vəsaiti və ödənilmiş 124,69 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə «kredit müqavilələri üzrə borcun bağlanması» məqsədləri üçün 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10935 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 07 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 10547 manat əsas borc, 965 manat faiz, 50,3 manat cərimə olmaqla, cəmi 11562,30 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 9/395 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 avqust 2023-cü il tarixli 109nkYSM/23 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh sualda qeyd edilən tarixə "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 24 may 2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 10591,73 manat; faiz üzrə 426,48 manat. 07 oktyabr 2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 10591,73 manat; Faiz üzrə 924,74 manat. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 07 oktyabr 2024-cü il tarixdən sonra 1320 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 07 oktyabr 2024-cü il tarixə göstərildiyindən 1320 manat məbləğində ödəniş nəzərə alınmamışdır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2025-ci tarixli, 2(002)- 188/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq 9661 manat əsas borc və ödənilmiş 124,69 manat dövlət rüsumunun Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehə göndərilmiş 24 may 2024cü il tarixli bildiriş (pretenziya məktubu) məlumatları, ekspert rəyi və 07 oktyabr 2024-cü il tarixdən sonra edilmiş 1320 manat ödəniş nəzərə alınmaqla, ardıcıllıqla öncə cərimə məbləğindən, daha sonra faizdən, ən sonda əsas borc məbləğindən adi riyazi hesablama ilə çıxılmalı və iddia qismən təmin edilməlidir. Vurğulanmalıdır ki, pretenziya məktubunda əsas borc 10547 manat, ekspert rəyində 24 may 2024-cü il tarixə hesablanmış faiz 426,48 manat, pretenziya məktubunda cərimə məbləğinin 7,52 manat təşkil etdiyi qeyd olunur. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ödənilmiş 1320 manatdan 7,52 manatı cəriməyə, 426,48 manatı faizə hesablanaraq çıxılmalı, 886 manatı isə 10547 manat əsas borcdan çıxılmalı, yerdə qalan 9661 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır..
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, işin halllarından görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. Halbuki, açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. Bildirməlidir ki, məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Bununla bağlı olaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə də söylədiklərinin şahidi olmaq mümkündür. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər (onların nümayəndələri) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı: “ Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.”
Apellyasiya baxışının hədləri
17. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.
20. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür
21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2025-ci tarixli, 2(002)-188/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2025-ci tarixli, 2(002)-188/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.