Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4178/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qərardaddan iddiaçıların birgə verdikləri şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 22.07.2018-ci il tarixdən başlayaraq qətnamə qəbul edilən tarixədək əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə hər gün üçün 40 manat, həmin müddətə görə dayanacaq haqqının ödənilməsi məqsədi ilə hər gün üçün 1 manat vəsaitin hesablanaraq cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İşin baxılmasına iştirak etmiş cavabdeh işə baxan Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçıların ona qarşı irəli sürdükləri bu iddia tələbi əvvəllər məhkəmə baxışının predmeti olmuş və həmin işə baxmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.04.2019-cu il tarixli qətnamə ilə iddianı qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən iddiaçıların verdikləri apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 01.07.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9123/2019) ilə apellyasiya şikayətinin qismən təmin etmişdir. Göründüyü kimi, məhkəmənin icraatında olan mülki iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində öz əksini tapmış tələbdir. Odur ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. İş baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.022021-ci il tarixli qərardad ilə hazırki mülki işin icraatına xitam vermişdir. İddiaçılar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki işdə tərəflər və mübahisə predmeti eyni olsa da, hazırki işin başlanmasına əsas olmuş iddianın əsasları əvvəlki işin başlanmasına əsas olmuş iddianın əsaslarından fərqlidir. Belə ki, əvvəlki iş üzrə qətnamə qəbul edildikdən sonra da avtomobil bir müddət cərimə meydançasında qalmışdır. Buna görə də iddiaçılar, qətnamənin qəbulundan sonrakı müddət üçün dayanacaqda qalmış avtomobilə görə dayanacaq xərclərini ödəmiş, həmin müddət ərzində avtomobilin dayanacaqda qalması səbəbində əlavə fayda itirmişlər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən ləğv edilməli və həmin hissədə mülki işə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə icraata xitam verən Rayon Məhkəməsinin istinad etdiyi Nərimanov Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4.600 manat maddi zərər, 250 manat ekspertiza xərci və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.07.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hüquqi xidmətə görə 600 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıların xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə iddiaçılar 22.07.2018-ci il tarixdən hesablanmaqla, 179 gün üçün hər günə görə 40 manat əldən çıxmış faydanın və avtomobilin meydançada qalmasına görə hər günə görə 1 manatın tutulmasını xahiş etmişlər. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, 22.07.2018-ci il tarixdən hazırki iş üzrə qətnamə qəbul edilən tarixədək hər günə görə 40 manat əldən çıxmış faydanın və avtomobilin meydançada qalmasına görə hər günə görə 1 manatın tutulmasını xahiş edirlər. Göründüyü kimi, iddia tələblərinin əsasları mahiyyətcə qismən fərqlidir. Belə ki, iddiaçılar 22.07.2018-ci il tarixdən həmin vəsaitlərin tutulmasını xahiş etsə də, eyni zamanda yuxarıda qeyd olunan qətnamələr qəbul edildikdən sonra da avtomobilin cərimə meydançasında qalmasına görə onlara vurulmuş maddi ziyanın ödənilməsini də tələb edirlər. Barəsində verilmiş qərardaddan isə görünür ki, hazırki iş üzrə icraata xitam verən Rayon Məhkəməsi yuxarıda qeyd edilən xüsusatları müəyyən etməmiş, onları araşdırmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, 22.02.2021-ci il tarixli qərardad iddia tələbinin bir hissəsinin, yəni 22.07.2021-ci il tarixdən başlayaraq 179 gün üçün pulun tutulması hissəsində mülki iş üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, digər hissədə, yəni iddia tələbinin 22.07.2021-ci il tarixdən başlayaraq 179 gündən sonrakı günlərə görə pulun tutulması hissəsində icraata xitam verilməsi hissəsində qərardad ləğv edilməli və həmin hissədə mülki işə mahiyyəti üzrə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı qismən ləğv edilməli, və həmin hissədə mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qərardad qismən, iddia tələbinin 22.07.2021-ci il tarixdən başlayaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilmiş müddətdən sonrakı müddətə görə cavabdehdən iddiaçıların xeyrinə pulun tutulması hissəsində icraata xitam verilməsi hissəsində qərardad ləğv edilsin və həmin hissədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilsin. İddia tələbinin 22.07.2021-ci il tarixdən başlayaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilmiş müddətdə görə cavabdehdən iddiaçıların xeyrinə pulun tutulması barədə hissəsində işin icraatına xitam verilməsi hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4178/2021
16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver