Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-418/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı ləğv prosesində olan “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “Bank Standard” KB və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan «Bank Standart» KB cavabdeh «xxxx» MMC və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, 26 avqust 2015-ci il tarixli müqavilə üzrə 25000 ABŞ dolları əsas borc, 5753.37 ABŞ dolları faiz borcu, 4315.46 ABŞ dolları cərimə, AR MM 445.7-ci maddəsilə 2644.14 ABŞ dolları, ümumilikdə 37712.97 ABŞ dollarının və 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604.05 ABŞ dolları məbləğində əsas borc, 3608.78 ABŞ dolları məbləğində faiz borcu, 5272.96 ABŞ dolları məbləğində cərimə borcu, AR MM 445.7-ci maddəsilə 2520.54 ABŞ dolları, cəmi isə 36006.33 ABŞ dolları məbləğində və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "Bank Standart" KB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: «xxxx» MMC “Bank Standard” KB cavabdeh arasında 26 avqust 2015-ci il tarixində kredit verilməsi haqqında müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə 02 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 26 avqust 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra 26 avqust 2015-ci ildə kredit müqaviləsinə əlavə imzalanaraq kreditin müddəti 5 ay uzadılmaqla 25000 ABŞ dolları kredit xətti verilmişdir. 16 noyabr 2015-ci il tarixində Cavabdeh2 "Bank Standard" Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 25000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Bank tərəfindən Cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə 03 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə «xxxx» MMC arasında 16 noyabr 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka borcu qalmışdır. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, «xxxx» MMC və Cavabdeh2 müştərək qaydada 26 avqust 2015-ci il tarixli müqavilə üzrə 25000 ABŞ dolları əsas borcun, 5753.37 ABŞ dolları faiz borcunun, 15.46 ABŞ dolları cərimənin, ümumilikdə 30768 ABŞ dolları 83 sentin Azərbaycan manatı məzənnəsi ilə və 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604.05 ABŞ dolları məbləğində əsas borcun, 3608.78 ABŞ dolları məbləğində faiz borcunun, 22.96 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 28235 ABŞ dolları 79 sentin Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan «Bank Standart» KB-nin hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan ləğv prosesində olan “Bank Standard” KB vəCavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı ləğv prosesində olan “Bank Standard” KB-nınapellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçının əsaslı olaraq tələb etdiyi cərimə məbləği ilə məhkəmə tərəfindən cavabdehlərdən tutulan cərimə məbləği arasında kəskin azaldılmış fərq var. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh2apellyasiya şikayəti belə əsaslandırılmışdır: Cavabdehlərdən tutulması qət edilmiş faiz və cərimə məbləği çoxdur, düzgün hesablanmamışdır. Bu məbləğ bank tərəfindən şişirdilmişdir. Göründüyü kimi bankla aralarında 26 avqust 2015-ci il tarixdə əvvəl 2 ay müddətinə, daha sonra 5 ay müddətinə müqavilə bağlanmışdır. Eləcə də, 16 noyabr2015-ci il tarixli müqavilə də 3 ay müddətinə bağlanmışdır. Bank isə həmin faizlərdən əlavə məhkəməyə müraciət etdiyi tarixədək olan faizləri də tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, ekspert rəyi ilə faiz məbləği azaldılmışdır. Həmçinin rəy verilərkən müqavilə şərtləri nəzərə alınmışdır. Bank hər gecikdirilmiş vaxt üçün 5% tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: 26 avqust 2015-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, Cavabdeh2 ilə Nizamnamə əsasında fəaliyyət göstərən «Bank Standart» KB ilə illik 19 faiz dərəcəsi tətbiq edilməklə 02 ay ərzində qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. 26 avqust 2015-ci il tarixli kredit müqaviləsinə 10 noyabr 2015-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, 25 000 ABŞ dolları kredit verilmiş və kreditin ödənilməsinin son tarixi 10 fevral 2016-cı ilədək uzadılmışdır. 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, «xxxx» MMC ilə Nizamnamə əsasında fəaliyyət göstərən «Bank Standart» KB ilə illik 19 faiz dərəcəsi tətbiq edilməklə 03 ay ərzində qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Zaminlik müqavilələrindən göründüyü kimi, Cavabdeh2 «xxxx» MMC Nizamnamə əsasında fəaliyyət göstərən «Bank Standart» KB ilə bağlanmış kredit müqavilələri üzrə zamin qismində məsuliyyəti üzərinə götürmüşlər. 07 mart 2018-ci il tarixli arayışdan göründüyü kimi, 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 fevral 2018-ci il tarixə 24604.05 ABŞ dolları məbləğində əsas borc, 3608.78 ABŞ dolları məbləğində faiz borcu, 5272.96 ABŞ dolları məbləğində cərimə borcu, AR MM 445.7-ci maddəsilə 2520.54 ABŞ dolları, ümumilikdə isə 36006.33 ABŞ dolları məbləğində borcu var. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı bank qətnaməni cərimə məbləği və gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz məbləğində pulun tutulmaması hissəsində, cavabdeh isə cərimə və faiz məbləği hissəsində mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, faiz borcunun məbləği müqavilə müddətindən sonraya hesablanmışdır. 26 avqust 2015-ci il tarixli kredit müqaviləsi və ona 10 noyabr 2015-ci il tarixli 01 saylı əlavə saziş ürzə: 26.08.2015-ci il tarixli kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 01 saylı əlavə sazişlə müəyyən olunur ki, kreditor borc alana 25 000 ABŞ dolları məbləğində krediti 5 ay müddətinə illik 19 faiz olmaqla vermişdir. Kreditin ödənilməli olduğu son tarix 10 fevral 2016-cı il müəyyən olunmuşdur. İşə baxan məhkəmə həmin kredit müqaviləsi üzrə 25 000 ABŞ dolları əsas borc, 5753.37 ABŞ dolları faiz borcu və 15.46 ABŞ dolları cəriməni cavabdehdən tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə faiz borcunun müəyyənləşdirilməsi hissəsində səhvə yol vermişdir. Əvvəla, 25 000 ABŞ dollarına 5 ay müddətinə illik 19 faiz olmaqla 5753.37 ABŞ dolları faiz hesablanması ağlabatan deyil. Bundan başqa, məhkəmə həmin kredit müqaviləsinə 01 saylı əlavə sazişin şərtlərini də nəzərə almamışdır. Həmin müqavilələr üzrə cavabdehin əsas və faiz borcunun müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2019-cu il tarixli rəydən görünür ki, 26 avqust 2015-ci il tarixli kredit xətti müqaviləsi və 10 noyabr 2015-ci il tarixli əlavə sazişin şərtlərinə müvafiq olaraq “xxxx” MMC-nin 10.02.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 25 000 ABŞ dolları, faiz borcu isə 470,83 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası həmin rəylə qismən razılaşır. Belə ki, rəyin nəticə hissəsində həm birinci kredit müqaviləsinin, həm də ona əlavənin şərtləri nəzərə alınmaqla borcun məbləğinin müəyyənləşdirilməsi qeyd olunsa da, rəyin təsviri hissəsindən görünür ki, ekspert faiz borcunu yalnız 90 günlük müddət üzrə (10.11.2015-10.02.2016) hesablamışdır. Həmin müddət üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər (791 ABŞ dolları) çıxılmaqla, onun 470.83 ABŞ dolları faiz borcu qalmışdır. Göründüyü kimi faiz borcu 10.11.2015-ci il tarixdən hesablanmışdır. Lakin tərəflər arasında ilkin müqavilə 26.08.2015-ci il tarixdə bağlandığı üçün faizlər də həmin gündən başlayaraq hesablanmalı idi. Ekspert rəyi ilə nəzərə alınmayan müddət isə 76 gündür (26.08.2015-10.11.2015). Rəydən görünür ki, hər günə düşən faiz məbləği 13.19 ABŞ dollarıdır. Həmin məbləği 76 günə vurduqda 1 002,44 ABŞ dolları edir. Beləliklə, müəyyən olunur ki, 26 avqust 2015-ci il tarixli kredit xətti müqaviləsi və 10 noyabr 2015-ci il tarixli əlavə saziş üzrə cavabdehin cəmi 1 473,27 ABŞ dolları (1 002,44+470.83) faiz borcu var. İddiaçı həmin müqavilələr üzrə gecikdirilmiş vaxt üçün əsas borcdan illik beş faiz pulun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2. maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.5. maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, müqavilə müddətinin bitdiyi tarixdən (10 fevral 2016-cı il) məhkəməyə müraciət edildiyi tarixədək 12.12.2018-ci il) gecikdirilmiş vaxt üçün, yəni 20 aya görə beş faiz pulun tutulması qənaətinə gəlir. Tutulmalı olan 25 000 ABŞ dolları əsas borcun 5 %-i 1250 ABŞ dolları, bu məbləği bir ilə böldükdə 104.2 ABŞ dolları təşkil edir. Həmin məbləği 20 aya vurduqda isə 2084 ABŞ dolları olduğu müəyyən olunur. Məhkəmə kollegiyası hər iki tərəfin mənafeyini nəzərə alaraq, həmin müqavilə üzrə 15.46 ABŞ dolları cərimənin tutulmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467. maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Nəzərə almaq lazımdır ki, hazırda iddiaçının gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz məbləğində pulun tutulması tələbi də təmin olunduğundan dəbbə pulunun artırılması digər tərəfin mənafeyinə uyğun deyil.
16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə:
16 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 19 faiz olmaqla 03 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə 24604.05 ABŞ dolları əsas borc, 3608.78 ABŞ dolları faiz borcu, 5272.96 ABŞ dolları cərimə və AR MM 445.7-ci maddəsinə əsasən, 2520.54 ABŞ dollarını tələb edir. Birinci instansiya məhkəməsi 24604.05 ABŞ dolları əsas borc, 3608.78 ABŞ dolları faiz borcu, 22.96 ABŞ dolları cəriməni cavabdehdən tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu müqavilə üzrə də faiz borcunun məbləği düzgün hesablanmamışdır. Belə ki, 25 000 ABŞ dollarına illik 19 faiz olmaqla 3 ay müddətinə 1187.50 ABŞ dolları faiz hesablanacaq (25000 x 19 :100:12 x 3=1187.50). Lakin iddiaçı daha böyük məbləğdə faiz tələb etmiş, işə baxan məhkəmə də əsassız olaraq həmin hissədə tələbi təmin etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən 1 272,51 dollar (396, 394, 482.51 dollar olmaqla) ödənişlər edilmişdir. Həmin məbləğdən 396 ABŞ dolları əsas borcdan çıxılmışdır (iddiaçı 24604.05 ABŞ dolları tələb edir). Beləliklə, cavabdehin həmin müqavilə üzrə 310,99 ABŞ dolları faiz borcu qalmışdır (1187.50-(1 272,51- 396)= 310,99). Məhkəmə kollegiyası Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, hesab edir ki, hazırkı müqavilə üzrə gecikdirilmiş vaxt üçün, yəni 22 aya görə (16.11.2015- 12.12.2018) 2291.67 ABŞ dolları məbləğində pul tutulmalıdır (25 000 x 5:100:12 x 22 = 2291.67). Həmçinin 22.96 ABŞ dolları məbləğində cərimə məbləği müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. «xxxx» MMC və Cavabdeh2 müştərək qaydada 26 avqust 2015-ci il tarixli kredit müqaviləsi və ona 10 noyabr 2015-ci il tarixli 01 saylı əlavə saziş üzrə 25000 ABŞ dolları əsas borc, 1 473,27 ABŞ dolları faiz borcu, 15.46 ABŞ dolları cərimə və gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 2084 ABŞ dolları Azərbaycan manatı məzənnəsi ilə və 16 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604.05 ABŞ dolları məbləğində əsas borc, 310,99 ABŞ dolları məbləğində faiz borcu, 22.96 ABŞ dolları məbləğində cərimə və gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 2291.67 ABŞ dolları Azərbaycan manatı məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan «Bank Standart» KB-nin hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 145 (yüz qırx beş) manatın 72.50 manatı iddiaçıya, 72.50 manatı cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov