Məhkəmə qərarları › İş №2(103)-4180/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4180/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4180/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 04.11.2014-cü il tarixli “Kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 489,66 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış borcun ödənilməsi məqsədi ilə 353,20 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankın Mərkəzi filialı ilə cavabdeh arasında bağlanmış 04.11.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, cavabdeh, 12 ay müddətində hissə-hissə qaytarmaq şərti və illik 22 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit almışdır. Cavabdeh, kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə 489,66 manat məbləğində əsas kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Bunun nəticəsində, Bank, müqavilənin bitdiyi 04.11.2015-ci il tarixdən sonra həmin məbləği faizlə dövriyyə buraxıb ondan fayda əldə imkanından məhrum olmuşdur. Bu səbəbdən də, Bank, illik 5 faiz dərəcəsi ilə cavabdehə 353,20 manat faiz hesablamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.02.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 04.11.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 489,66 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və rüsumun ödənilməsi üçün tutulmuş 0,40 manat məbləğində xidmət haqqının yarısının əvəzinin – 15,20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni müqavilənin bitdiyi 04.11.2015-ci il tarixdən sonrakı müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 353,20 manat məbləğində faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməsini və həmin tələbin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən tələbi təmin etməyən Rayon Məhkəməsi hesab etmişdir ki, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddətinin 04.11.2015-ci il tarixdə bitməsinə baxmayaraq 24.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə hüquqlarından sui-istifadə etmişdir. Bank hesab edir ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun deyil. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Bank isə qətnamənin “Kredit müqaviləsinin” bitdiyi 04.11.2015-ci il tarixdən sonrakı müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 353,20 manat məbləğində faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsini mübahisələndirir. Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir. Belə ki, iddiaçı Bankın Mərkəzi filialı ilə cavabdeh arasında bağlanmış 04.11.2014cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, 12 ay müddətində hissə-hissə qaytarmaq şərti və illik 22 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit almışdır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh, kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun bir hissəsini Banka qaytarmışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh tərəfindən ödənilməmiş borcun məbləği 489,66 manatdır. Müqavilənin bitdiyi 04.11.2015-ci il tarixdən sonra illik 5 faiz dərəcəsi ilə cavabdehə hesablanmış faiz borcu 353,20 manatdır. Bank bildirir ki, müqavilənin bitdiyi 04.11.2015-ci il tarixdən sonra həmin məbləği faizlə dövriyyə buraxıb ondan fayda əldə imkanından məhrum olmuşdur. Apellyasiya baxışının predmetini təşkil iddia tələbinin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və “Kredit müqaviləsinin” müddətinin 04.11.2015-ci il tarixdə bitməsi aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, Bankın gecikdirilmiş günlərə görə əsas borcun 5 faiz hissəsində pulun ödənilməsini tələb etmək hüququ var. Lakin Məhkəmə hesab edir ki, Bank, kredit müqaviləsinin müddətinin 04.11.2015-ci il tarixdə bitməsinə baxmayaraq, iddia ərizəsi ilə 24.11.2020-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etməklə uzun müddət gözləyərək hüquqdan sui-istifadə edir. Mülki Məcəllənin 16.1-ci maddəsinin tələbinə görə isə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Lakin Məhkəmə hesab edir ki, müzakirə edilən tələbin tam həcmdə rədd edilməsi ədalətsizdir. Kredit müqaviləsi bitdikdən sonrakı 1 ilə görə əsas borcun beş faizi məbləğində, yəni 58,87 manat pulun tutulması ağlabatandır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi illik 5 % ilə bağlı tələbin təmin edilməməsi hissəsində ləğv edilməli, bu tələb qismən təmin olunaraq cavabdehdən iddiaçı Bankın xeyrinə 58,87 manat məbləğində gecikdirilmiş faizin tutulması qət edilməlidir. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 376, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni “Kredit müqaviləsinin” bitdiyi 04.11.2015-ci il tarixdən sonrakı müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 353,20 manat məbləğində faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı irəli sürdüyü iddianın «“Kredit müqaviləsinin” bitdiyi 04.11.2015-ci il tarixdən sonrakı müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 353,20 manat məbləğində faiz borcunun tutulması barədə hissəsi» qismən təmin edilsin. “Kredit müqaviləsinin” bitdiyi 04.11.2015-ci il tarixdən sonrakı 1 il üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 58 (əlli səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 04.02.2020-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 04.11.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 489 (dörd yüz səksən doqquz) manat 66 (altmış altı) qəpik, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının əvəzinin – 15 (on beş) manat 20 (iyirmi) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar