Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4184/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-587/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 05.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh MMC tərəfindən ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün hesablanmış faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə onun arasında bağlanmış müqavilələrə əsasən o, qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə saxlanca qoymaqla 4495 manat pul götürmüşdür, bu barədə ona girov biletləri verilmişdir. O, aylıq ödənişləri vaxtında etmişdir. Ölkə ərazisində “Covid-19” pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə bağlı 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri üzürlü səbəblərdən Cavabdeh MMC-yə ödəyə bilməmişdir. Cavabdeh təşkilata müraciət edərək onun qeyd edilən aylar üçün faizlərinin silinməsinin və yerdə qalan pulun ödənilməsinə razı olduğunu bildirsə də, cavabdeh ona bir ay vaxt vermişdir. 2020-ci ilin sentyabr ayında cavabdeh təşkilata gedərək aylıq ödənişi etmək istəmiş, cavabdehin nümayəndəsi həmin pulun faiz borcundan çıxılaçağını, qalan pulu isə ödəməli olduğunu bildirmişdir. Hesab edir ki, üzürlü səbəblərdən aylıq ödənişləri gecikdirdiyinə görə, cavabdeh ona həmin aylar üzrə faiz hesablaya bilməzdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-587/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004) 587/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004) 587/2021 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 571818; 571477; 571842; 571944; 571827; 571746; 571533 və 571841 nömrəli girov biletlərindən müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda özünə məxsus olan qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə girov qoyaraq ssuda (borc pul) götürmüş və aldığı məbləğləri müəyyən edilmiş müddətdə ssuda faizləri ilə birlikdə Cavabdeh MMCyə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Girov haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən girov haqqında müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, girovsaxlayan girov qoyulmuş əmlakın hesabına borcun faktiki ödənilməsi müddəti üçün müəyyənləşdirilmiş bütün tələblərini, o cümlədən faizləri, icranın gecikdirilməsi nəticəsində dəymiş zərəri, girovla təmin olunmuş tələbin həyata keçirilməsi və girov qoyulmuş əmlakın saxlanması ilə bağlı xərcləri, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda isə dəbbə pulunu tam həcmdə ödəmək hüququna malikdir. MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. MM-nin 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının girov biletləri üzrə cavabdehin qarşısında girov müqaviləsindən irəli gələn əsas və faiz borcunu ödəmək öhdəliyi yaranmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçının yaranmış faizlərin silinməsini tələb etməsi, tərəflər arasında bağlanmış girov müqaviləsinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Çünki, ölkə ərazisində “Covid-19” pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq iddiaçının 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri üzürlü səbəblərdən gecikdirməsi, onu həmin aylar üçün hesablanmış faizləri cavabdehə ödəməkdən azad etmir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4184/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4184/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver