Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4186/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğlu, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhər 43 saylı Notariat Kontorunun xüsusi notariusuna qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğlu, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhər 43 saylı Notariat Kontorunun xüsusi notariusuna qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yasamal rayon məhkəməsinin 2(004)-9465/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçılar xx xxxxxx 2020-ci il tarixində şikayət vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, 2(004)-9465/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardad iddiaçılara xx xxxxxx 2015-ci il tarixdə göndərilmişdir. Həmin qərardad iddiaçılara çatmaması səbəbindən məhkəməyə geri qaytarılmamışdır. Və belə olan halda qərardad iddiaçılar tərəfindən alınmış hesab edilməlidir. İddiaçıların xx xxxxxx 2020-ci il tarixli qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, onların qərardaddan xəbəri olmamış və qərardad poçt vasitəsilə onlara təqdim olunmamışdır. Qeyd edilən qərardad xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək rəsmi qaydada qəbul etmişlər. İddiaçıların məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəməni əvvəlcədən məlumatlandırmadan iclasa gəlmədiklərindən, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalı, mülki iş xx xxxxxx 2015-ci il tarixli qərardaddan iddiaçıların verdiyi şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx xxxxxx 2015-ci il tarixli qərardaddan iddiaçıların verdiyi şikayəti geri qaytaran birinci instansiya məhkəməsi qərardadın rəsmi qaydada xx.xx.2015-ci il tarixdə göndərildiyini, lakin onun xx.xx.2020-ci il tarixdə şikayət verməklə prosessual müddəti ötürdüyünü qeyd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu qənaətini əsassız hesab edir. Belə ki, işdə olan məktubdan və poçt reyestrindən aydın olur ki, xx.xx.2015-ci il tarixli qərardad iddiaçılara göndərilməsi üçün xx.xx.2015-ci il tarixdə poçt xidmətinə təhvil verilsə də, iş materiallarında həmin korrespondensiyanın iddiaçılara çatdırılmış olduğuna dair sübut (poçt xəbərnaməsi) mövcud deyildir. Əksinə, iş materiallarından görünür ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə qərardadın surətinin təqdim olunması üçün məhkəməyə ərizə ilə müraciət etmiş və həmin tarixdə qəbzə imza etməklə qərardadı almışlar. Göründüyü kimi, qəbul olunmuş məhkəmə aktı iddiaçılara faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. MPM-nin 268.1-ci maddəsinə müvafiq olaraq, şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilə bilər. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Qoyulan belə məhdudiyyətləri o zaman Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun hesab etmək olar ki, məhdudiyyətlər qanuni məqsəd güdsünlər və istifadə olunan vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik mövcud olsun. Çünki demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ mühüm yer tutur və həmin hüququn tərkibinə həmçinin hüquq və vəzifələrlə bağlı qəbul edilmiş məhkəmə qərarlarını yuxarı instansiya məhkəmələrində mübahisələndirmək imkanı daxildir. Şərh olunanların hazırki işin hallarına tətbiqi baxımından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadının xx.xx.2015-ci il tarixdə və ya bundan sonra iddiaçılara rəsmi qaydada təqdim olunması sübuta yetirilmir. Qərardadın surətinin rəsmi qaydada təqdim olunduğunun yeganə sübutu ondan ibarətdir ki, iddiaçıların bununla bağlı müraciətindən sonra nümayəndə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qərardadın surəti alınmışdır. Ona görə də, məhz həmin tarix qərardadın iddiaçılara rəsmi qaydada verildiyi tarix kimi qəbul edilməlidir. İddiaçılar isə qərardadı rəsmi qaydada əldə etdikdən sonra 10 gün müddət keçmədən şikayət verdiklərindən, onlar tərəfindən müvafiq prosessual müddət buraxılmış hesab oluna bilməz. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş xx xxxxxx 2015-ci il tarixli qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4186/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4186/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver