Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5956/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxs Bakı şəhər 43 saylı Notariat Kontorunun xüsusi notariusu cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)-1607/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğluna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(004)- 9465/2015 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçılar şikayət vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, 16 noyabr 2015-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardad iddiaçılara 01 dekabr 2015-ci il tarixdə göndərilmişdir. Həmin qərardad iddiaçılara çatmaması səbəbindən məhkəməyə geri qaytarılmamışdır. Belə olan halda qərardad iddiaçılar tərəfindən alınmış hesab edilməlidir. İddiaçılar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. İddiaçılar həmçinin ərizə verərək, qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpasını xahiş etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(004)-1607/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9465/2015 saylı, 03 dekabr 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən şikayət qanunla müəyyən edilmiş müddətdə verildiyindən şikayət vermə müddətinin bərpası barədə ərizənin verilməsinə zərurət olmamışdır. İddiaçıların həmin qərarddan verdiyi şikayət Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə 04 mart 2021-ci il tarixli qərardad çıxarılmamışdır. İddiaçılar şikayətdə qərardadın tarixini səhv göstərməklə apellyasiya şikayətinin məzmunununa dair tələblərə əməl etməmişlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.04.2021-ci il tarixli, 2(103)- 4186/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2020ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş 16 noyabr 2015-ci il tarixli qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)- 1607/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar və digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. MPM-nin 268.1-ci maddəsinə müvafiq olaraq, şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 399-cu il maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərardadı ilə birinci instansiya məhkəməsinin müddətin keçməsinə əsaslanılaraq şikayətin geri qaytarılması barədə 03 dekabr 2020-ci il tarixli qərardadını ləğv etmiş və mülki iş 16 noyabr 2015-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəməsinin qanuni tələbini nəzərə almayaraq və həmin tələblərə riayət etməyərək, artıq ləğv edilmiş qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin baxılmamış saxlanılmasına dair 03.03.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadı ilə birinci instansiya məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadının ləğv edilməsi, həmin qərardada əsasən edilmiş hərəkətlər üzrə qəbul edilmiş qərardadların hüquqi nəticələrini aradan qaldırır. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.04.2021-ci il tarixli, 2(103)-4186/2021 saylı qərardadı ilə müəyyən edilmişdir ki, işdə olan məktubdan və poçt reyestrindən aydın olur ki, 16.11.2015-ci il tarixli qərardad iddiaçılara göndərilməsi üçün 01.12.2015-ci il tarixdə poçt xidmətinə təhvil verilsə də, iş materiallarında həmin korrespondensiyanın iddiaçılara çatdırılmış olduğuna dair sübut (poçt xəbərnaməsi) mövcud deyildir. Əksinə, iş materiallarından görünür ki, iddiaçılar 23.11.2020-ci il tarixdə qərardadın surətinin təqdim olunması üçün məhkəməyə ərizə ilə müraciət etmiş və həmin tarixdə qəbzə imza etməklə qərardadı almışlar. Göründüyü kimi, qəbul olunmuş məhkəmə aktı iddiaçılara faktiki olaraq 23 noyabr 2020-ci il tarixdə təqdim olunmuşdur. Şərh olunanların hazırki işin hallarına tətbiqi baxımından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qərardadının 01.12.2015-ci il tarixdə və ya bundan sonra iddiaçılara rəsmi qaydada təqdim olunması sübuta yetirilmir. Qərardadın surətinin rəsmi qaydada təqdim olunduğunun yeganə sübutu ondan ibarətdir ki, iddiaçıların bununla bağlı müraciətindən sonra nümayəndə tərəfindən 23 noyabr 2020-ci il tarixdə şəxsən imza etməklə qərardadın surəti alınmışdır. Ona görə də, məhz həmin tarix qərardadın iddiaçılara rəsmi qaydada verildiyi tarix kimi qəbul edilməlidir. İddiaçılar isə qərardadı rəsmi qaydada əldə etdikdən sonra 10 gün müddət keçmədən şikayət verdiklərindən, onlar tərəfindən müvafiq prosessual müddət buraxılmış hesab oluna bilməz. Nəticə etibari ilə, şikayət verilməsi üçün prosessual müddət buraxılmadığından həmin müddətin bərpa edilməsinə dair ərizə təmin edilə bilməz. Beləliklə, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 67, 121, 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)- 1607/2021 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5956/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5956/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver