Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4187/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1868/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların bu münasibətlərindən 2 uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(004)-5280/2017 saylı qətnaməsi ilə 11 iyun 2005-ci il təvəllüdlü X6 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində və sabit pul məbləğində hər ay hər uşağa 110 (bir yüz on) manat-cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2005-ci il təvəllüdlü X6 və 22 dekabr 2006-cı il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5280/2017 nömrəli, 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə Cavabdeh tutulan 110 manat məbləğində alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 12 oktyabr 2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və buna dair nikahın bağlanması haqqında akt qeydləri kitabında 2868 saylı qeyd aparılaraq nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 11 iyun 2005-ci il təvəllüdlü X6 və 22 dekabr 2006-cı il təvəllüdlü X7 adlı qızları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(004)- 5280/2017 saylı qətnaməsi ilə 11 iyun 2005-ci il təvəllüdlü X6 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində və sabit pul məbləğində hər ay hər uşağa 110 (bir yüz on) manat-cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(004)- 3261/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında 2868 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 iyun 2005-ci il təvəllüdlü X6 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 İddiaçı yanında qalması qət edilmişdir. Alimentə dair məhkəmə qərarının çıxarılmasından 6 il keçmişdir. Həmin müddət ərzində qızlarının maddi ehtiyacları artmış, normal təhsil alması və dünyagörüşünün formalaşması üçün zəruri xərclər yaranmışdır. Eyni zamanda ərzaq və qeyri-ərzaq mallarının qiymətləri dəfələrlə artmışdır.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh xx.xx.2016cı il tarixdən hal-hazıradək "xxxx" MMC-də operator vəzifəsi daşıyır, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbindən əmək qabiliyyətini itirmiş və hazırda öz hesabına məzuniyətdədir. Yəni faktiki olaraq heç bir gəliri yoxdur və eyni zamanda əmək fəaliyyəti də məhdudlaşmışdır. İddiaçı iddia tələbində uşaqların xərclərin artığını və yaşayış minimumunu rəhbər tutmuşdur. Məhkəmə qətnaməsi ilə ondan tutulan aliment məbləğini aylar üzrə əmək haqqından tutulmaqla hər zaman qətnamədə müəyyən edilmiş məbləğdən artıq şəkildə ödəmişdir. Lakin hazırda qeyd etdiyi kimi əmək fəaliyyətinin olamaması alimentin nəinki artırılmış məbləğini qətnamə ilə müəyyən edilmiş məbləğinin də ödənilməsində çox ciddi çətinliklər yaratmışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Eyni zamanda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müracət edərkən cavabdehin maddi durumumun yaxşıya doğru dəyişdiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş iddia ərizəsini sadəcə olaraq minumum yaşayış meyarına münasibətdə əsaslandırmışdır. İddiaçı özü də hazırda əmək fəaliyyəti ilə məşğuldur və "xxxx" MMC də çalışır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1868/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5280/2017 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X3 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış; xx.xx.2005-ci il təvəllüdlü X3 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə iddianın qismən təmin olunması qənaətiə gəlmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə; "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1868/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilrək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən 6 ilə yaxın müddət keçməsini, həmin müddətdən sonra minimum yaşayış tələbatlarının artdığını, digər tərəfdən, uşaqlar böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcminin artdığını, həmçinin "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyini qeyd etmişdir. Lakin məhkəmə yekunda iddianı qismən təmin etmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, X3 və X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 180 manat məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. Lakin məhkəmə tərəfindən onun 6 il ərzində iki uşağını hər birinə 110 manat olmaqla 220 manata saxlamağı nəzərə alınmamışdır. Halbuki cavabdeh tərəfindən 220 aliment mütəmadi ödənmir. Bundan əlavə məhkəmə cavabdehin aylıq 971 manat gəlir əldə etməsi nəzərə alınmamışdır. Halbuki uşaqlar böyükdür repetitor yanına gedirlər heç 440 manat məbləğində aliment onların xərclərini ödəmir. Qeyd olunanlardan müəyyən olunur ki, məhkəmə yanlış nəticəyə gəlməklə, qanunvericiliyə və rəsmi sənədlərə söykənməyən qətnamə qəbul etmişdir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, alimentin müraciət etdiyi tarixdən hesablanmasını xahiş edir. Uşaqlar artıq abituriyent olacaqdır, tələbatları daha da artacaqdır. Həmçinin bildirmişdir ki, uşağın birinin 18 yaşı tamam olubdur. Digərinin isə 18 yaşı gələn il olacaqdır. O, müraciət edəndə uşağın 18 yaşı tamam olmamışdı. Cavabdehin maddi durumu yaxşıdır, rəsmi iş yeri vardır, hətta pensiya da kəsilir. Cavabdeh uşaqlara heç bir köməklik göstərmir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 18.60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 19.78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 20.112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 21.234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun
22. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
23. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
24."Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
25.BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının”18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının
26. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir, həmin hissədə iddia təmin təmin edilməlidir. 28.Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, alimentin hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması mümkündür. Bundan başqa, mavfiq maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. 29.Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. 30.Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. 31.Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
32. Bundan başqa qeyd edilməlidir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. 33.Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, uşaqlardan xx.xx.2005-ci il təvəllüdlü X3 məhkəməyə müraciət edildikdən sonra artıq yetkinlik yaşına çatdığını, xx.xx.2006-cı il təvəllüdlü X4 isə gələn ilin dekabr ayında yetkinlik yaşına çatacağını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 34.MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 35.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin dəyişdirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1868/2023 nömrəli, 18 aprel 2023cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsində dəyişdirilsin. İddia bu hissədə təmin edilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova