Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4188/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Birliyin nümayəndəsi Nümayəndə oğlunun və iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Birlik arasında 01.01.2016-cı il tarixdə bağlanmış “İcarə müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Birliyə ödədiyi 500 manat məbləğində pulun cavabdehdən Birlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Birliyin sədri Fizuli Əşrəfov 2015-ci ildə iddiaçını aldadaraq iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin Daşgil adlanan ərazisində yerləşən torpaq sahəsi guya Birliyə məxsusdur və həmin sahəni Birlikdən icarəyə götürməyi təklif etmişdir. İddiaçı da F.Əşrəfova inanaraq, həmin ərazidə olan ovçuluq-balıqçılıq bazasında 1 ədəd balıqçı budkasının qoymuş və bunun müqabilində 18.04.2015-ci il tarixdə F.Əşrəfov iddiaçıdan 100 manat məbləğində pul almış, bununla bağlı iddiaçıya Birliyin adından 377340 №-li “mədaxil qəbzi” verilmişdir. İddiaçının sözügedən ərazidə torpaq sahəsindən istifadə etməsinə görə, iddiaçı ilə cavabdeh Birlik arasında 01.01.2016-cı il tarixdə “İcarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə görə müqavilə müddəti 3 il, illik icarə haqqı isə 200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı da müqavilə şərtlərinə əməl edərək 2016-2017-ci illər üçün cəmi 400 manat məbləğində icarə haqqı ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçının təsisçisi olduğu “X2” MMC-yə ünvanladığı 14.06.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər X1 07.03.1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə cavabdeh Birliyə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh Birliyin yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir. Göründüyü kimi, cavabdeh Birlik özünə aid olmayan sahəni icarəyə verilməsi barədə əhəmiyyətsiz əqd bağlamış və əsassız olaraq iddiaçıdan 500 manat məbləğində pul almışdır. İş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinin” şərtlərinə görə isə tərəflər arasında müqavilədən gələn mübahisələr qarşılıqlı razılıq ilə həll olunmadığı halda, tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi hüquqi əsasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Birliyin sədri F.Əşrəfov arasında bağlanmış 01.01.2016-cı il tarixli “İcarə müqaviləsindən” görünür ki, həmin müqavilə ilə Birlik, Bakı- Ələt yolunun 65-ci km-də yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərrüfatının ərazisindəki torpaq sahəsini yüngül konstruksiyalı ovçu-balıqçı evciyi yerləşdirmək üçün iddiaçının müddətli (3 il müddətinə) istifadəsinə verməyi, sonuncu isə razılaşdırılmış illik 200 manat icarə haqqını Birliyə ödəməyi öhdələrinə götürürlər. Əmlak Məsələləri Dövlət Komitəsinin 14.06.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının təsisçisi olduğu “X2” MMC-nin istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsində yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X1 07.03.1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Cavabdeh Birliyin Məhkəməyə təqdim etdiyi və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən 0,25 ha torpaq sahəsinin cavabdeh Birliyin icarəsinə verilməsi barədə qeyd 29.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (maddə 706.1). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (maddə 700.2). Qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi, icarə müqaviləsinin predmeti mülkiyyətdə olan əmlak təşkil edir. Lakin iş üzrə tərəflər arasında bağlanmış 01.01.2016-cı il tarixli icarə müqaviləsinin predmeti olan Bakı-Ələt yolunun 65ci km-də yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərrüfatının ərazisindəki torpaq sahəsinin cavabdeh Birliyin mülkiyyətində olması iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi cavabdeh Birlik mülkiyyətində (və ya qanuni sahibliyində) olmayan əmlak üzərində sərəncam verərək, iddiaçı ilə “İcarə müqaviləsi” bağlamışdır. Belə olan halda, müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 01.01.2016-cı il tarixli “İcarə müqaviləsi” etibarsız əqddir. İddiaçının müzakirə olunan hissədə cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. İşdə olan ÇBÜ/2 seriyalı 377340 №-li, ÇBÜ/3 seriyalı 348381 №-li və GİE seriyalı 217499 №-li “Kassa mədaxil orderlərindən” görünür ki, iddiaçı tərəfindən cavabdeh Birliyə cəmi 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının etibarlı olmayan əqd üzrə cavabdeh MMC-yə ödədiyi 500 manat məbləğində pulun tələb edilməsi barədə tələb də əsaslıdır. Lakin Məhkəmə qeyd edir ki, iddia tələbləri əsaslı olsa da, iddiaçı tələb etmə müddətini (kəsici müddəti) ötürdüyü üçün iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorkılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin müddətlərə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi 25.01.2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Mülki Məcəllənin yuxarıda qeyd edilən 354-cü maddəsinin tələbindən göründüyü kimi hazırki iddianın irəli sürülməsi üçün qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur. İddiaçının müqavilənin etibarsızlığına əsas verən halı 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin 14.06.2018-ci il tarixli məktubdan sonra bildiyi müəyyən edildiyi halda, müqavilələrin etibarsızlığı tələbi 19.11.2020-ci il tarixdə irəli sürülmüşdür. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddəti keçirmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsasla iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4188/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4188/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver