Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4188/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı QSC “Bank Standard” KB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. QSC “Bank Standard” KB (bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli KX1341 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 18 faiz ödəməsi şərtilə 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh müəyyən edilmiş müddətdə krediti və faizlərini banka geri ödəməyi öhdəsinə götürmüşdür.
2. Bankın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair 2022-ci ilin oktyabr ayında məhkəməyə təqdim etdiyi iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
3. Bank tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.
4. 15.11.2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh xx.xx.2007-ci il tarixli KX1341 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 1355,80 ABŞ dolları əsas, 1828,96 ABŞ dolları faiz, 400,33 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3585,09 ABŞ dolları borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Bank Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 14 sentyabr 2007-ci il tarixli KX1341 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1355,8 ABŞ dolları məbləğində əsas, 1828,96 ABŞ dolları məbləğində faiz, 400,33 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 3585,09 ABŞ dolları məbləğində borcun və 82 manat dövlət rüsmunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla cavabdeh arasında 14 sentyabr 2007-ci il tarixdə KX1341 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, bunun nəticəsində onun banka 1355,8 ABŞ dolları məbləğində əsas, 1828,96 ABŞ dolları məbləğində faiz, 400,33 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 3585,09 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-4352/2019 saylı qərardadı ilə müki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar geri qaytarılmışdır. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu ilin dekabr ayının 31-də başa çatmasına baxmayaraq tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-3378/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə geri qaytarılmışdır.
7. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372-ci, 373-cü, 377-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarlarına istinad etmişdir.
11. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etmədiyini, cavabdehə qarşı xx.xx.2019-cu il tarixdə qaldırılmış iddianın Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar geri qaytarıldığını, lakin müəyyənləşdirilən müddət ərzində cavabdehin həmin Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlamaq üçün müraciət etmədiyini, sonradan – xx.xx.2022-ci il tarixdə qaldırılan iddianın da ərazi aidiyyatına əməl edilməməsi səbəbindən geri qaytarıldığını, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə görə, iddia müddətinin axımının tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirmələrindən sonra başladığını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
20. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
23. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.
24. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
25. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
26. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
27. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
28. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli KX1341 nömrəli kredit müqaviləsində kredit vəsaitindən istifadə müddətinin xx.xx.2008-ci il tarixdə bitəcəyi razılaşdırılmış, cavabdeh tərəfindən bu tarixdən sonra hər hansı ödəniş həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim olunmamışdır.
43. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, cavabdehlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2008-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
46. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 14 sentyabr 2008-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir, iddiaçı isə, hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.
47. Apellyasiya şikayətində iddiaçı bankın xx.xx.2019-cu il tarixdə də məhkəməyə müraciət etdiyi, həmin iddia ərizəsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar geri qaytarıldığı, bu səbəblə iddia müddətinin ötürülməmiş olduğu irəli sürülsə də, kollegiya qeyd edir ki, birincisi həmin halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır; digər tərəfdən isə, iddia müddəti xx.xx.2011-ci il tarixdə başa çatan tələb üzrə xx.xx.2019-cu il tarixdə iddia qaldırılmış olması müddətin ötürülməmiş olması nəticəsinə gəlməyə əsas verə bilməz.
48. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
49. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1688/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən QSC “Bank Standard” KB tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə