Məhkəmə qərarları › İş №2(103)-4189/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4189/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4189/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və azyaşlı Cavabdeh2 (qanunu nümayəndəsi Qanuni nümayəndə) qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adınan iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X1 Bank ilə bağladığı xx.xx.2022-ci il tarixli, CL-EE000420264 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.708,9 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 71,07 manat, öhdəliyin gecikdirlməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 0,01 manat, cəmi isə 4.779,98 manat, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun (xidmət haqqı daxil olmaqla) əvəzinin – 68,20 manat məbləğində pulun mərhum borcalanın vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 (qanunu nümayəndəsi Qanuni nümayəndə) tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şakir Əzizov, onunla Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 18,89 faiz dərəcəsi ilə 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 5.717 manat məbləğində borc götürmüşdür. Şakir Əzizov xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı Şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Şakir Əzizovun eyni dərəcəli vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” 2 ədəd şəhadətnamə verilmişdir. Şəhadətnamələrdən birində qeyd edilmişdir ki, miras əmlak, mərhumun sağlığında almadığı 280,35 manat məbləğində pensiyasında və 59 manat məbləğındə Prezident təqaüdündən vəsaitindən ibarətdir. Digər Şəhadətnamədə isə qeyd edilmişdir miras əmlak, mərhumun sağlığında "xxxx" QSC-dən almadığı 3.324,69 manat məbləğində pul vəsaitindən ibarətdir. Cavabdehlər mərhumdan qalmış mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın iddiaçı Banka olan kredit borcunu ödəməmişlər, baxmayaraq ki, Bank, Cavabdeh1 və azyaşlı Cavabdeh2 qanunu nümayəndəsi Qanuni nümayəndə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərmişdir. Buna baxmayaraq borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 67,80 manat məbləğində dövlət rüsumu, rüsumun ödənilməsi üçün isə 0,40 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (“qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardad nəzərə alınmaqla) iddianın qismən təmin edilməsini, borcalan Şakir Əzizovun ölümündən sonra mirası qəbul etmiş mərhumun vərəsələri olan Cavabdeh1 və azyaşlı Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə mərhum Şakir Əzizovun iddiaçı Banka olan kredit borcunun bir hissəsinin ödənilməsi məqsədi ilə 3.664,04 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 51,5 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin, onların adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında qəbul etdikləri miras əmlak (280,35+59+3.324,69=) 3.664,04 manat məbləğində pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddia ərizəsi ilə cavabdehlərdən Bankın xeyrinə tutulması xahiş edilən borc məbləği mərhum borcalanın vərəsələrinin miras əmlak kimi qəbul etdikləri pul vəsaitinin məbləğindən çox olduğundan iddia tələbi qismən, yəni miras əmlak kimi qəbul edilmiş pul vəsaiti həcmdə təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. c) apellyasiya şikayəti və apellyasiya şikayətinə etiraz barədə məlumat

5. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 1307-ci maddəsinin tələbinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşə baxmış Rayon Məhkəməsi vərəsənin (vərəsələrin) miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçı Bankın tələbini qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsalar da bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda iddia, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən tam təmin edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

8. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi.

9. Digər cavabdehin qanunu nümayəndəsi apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

11. Belə ki, Şakir Əzizov ilə iddiaçı Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Şakir Əzizov həmin müqaviləyə əsasən Bankdan illik 18,89 faiz dərəcəsi ilə 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 5.717 manat məbləğində borc götürmüşdür.

12. Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 350361 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Şakir Əzizov xx.xx.2023-cü il tarixdə ölmüşdür.

13. Bakı Şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Şakir Əzizovun eyni dərəcəli vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə verilmiş, reyestrdə 2V-119 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, miras əmlak, mərhumun sağlığında almadığı 280,35 manat məbləğində pensiyasında və 59 manat məbləğındə Prezident təqaüdündən vəsaitindən ibarətdir.

14. Həmin Notariat Ofisi tərəfindən Şakir Əzizovun eyni dərəcəli vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə verilmiş, reyestrdə 2V-118 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, miras əmlak, mərhumun sağlığında "xxxx" QSC-dən almadığı 3.324,69 manat məbləğində pul vəsaitindən ibarətdir.

15. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, Şakir Əzizovun öldüyü tarixə yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun məbləği 4.708,9 manat, faiz borcunun məbləği 71,07 manat, öhdəliyin gecikdirlməsinə görə hesablanmış cərimənin (dəbbənin) məbləği 0,01 manat olmuşdur.

16. “Ödəniş qəbzindən” görünür ki, hazırkı iddianın məhkəməyə verilməsi üçün Bank tərəfindən dövlət büdcəsinə 67,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu ödənilərkən Bankdan 0,40 manat məbləğində xidmət haqqı tutulmuşdur.

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307.).

18. İş materiallarından görünür ki, iddiaçı Bank mərhum borcalanın yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış və iddia ərizəsində qeyd edilən məbləğdə olan əsas kredit borcunun, faiz borcunun və cərimənin (dəbbənin) ödənilməsini mərhumun vərəsələri olan cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər həmin borcu ödəməmişlər. İşə baxmış Rayon Məhkəməsi isə cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdə göstərilən mirasın cəmi 3.664,04 manat məbləğində puldan ibarət olmasını nəzərə alaraq Bankın iddiasının qismən təmin edilməsini və cavabdehlərdən Bankın xeyrinə yalnız 3.664,04 manatın tutulması hissəsində iddianı təmin etmişdir.

19. Qətnamədən görünür ki, Rayon Məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbini nəzərə alsa da, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbini nəzərə almamışdır.

20. Cavabdeh tərəf, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər.

21. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, Bankın iddia ərizəsi və apellyasiya şikayəti tam həcmdə əsaslıdır. f) apellyasiya baxışının nəticəsi

22. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, dəlillər əsaslıdır.

23. MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinin tələbinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır.

24. Bunlardan başqa Məhkəmə bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 382, 384, 392, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və azyaşlı Cavabdeh2 (qanunu nümayəndəsi Qanuni nümayəndə) qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiası təmin edilsin. Vəfat etmiş borcalan X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 08 avqust 2022-ci il tarixli, CL-EE000420264 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.708 (dörd min yeddi yüz səkkiz) manat 90 (doxsan) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 71 (yetmiş bir) manat 07 (yeddi) qəpik, öhdəliyin gecikdirlməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 01 (bir) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat 80 (səksən) qəpik, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 40 (qırx) qəpik məbləğində pul mərhum borcalanın vərəsələrindən – Cavabdeh1 və azyaşlı Cavabdeh2 (qanunu nümayəndəsi Qanuni nümayəndə) bərabər hissələr ilə tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otu üç) manat 90 (doxsan) qəpik Cavabdeh1 və azyaşlı Cavabdeh2 (qanunu nümayəndəsi Qanuni nümayəndə) bərabər hissələr ilə tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar