Məhkəmə qərarları › İş №2(103)-4191/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4191/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4191/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mahmud qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4191/2023 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Mahmud qızının, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mahmud qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-139/2023 saylı 16 fevral 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 29, mənzil 74 iddiaçılar İddiaçı1 və İddiaçı2, 80 nömrəli mənzili isə Cavabdeh Mahmud qızının mülkiyyətindədir.

2. İddiaçılar cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını iddia edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mahmud qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mahmud qızının üzərinə ünvan 2, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması, onlara məxsus ünvan 2, mənzil 80-ə su sızması nəticəsində vurulmuş 2360 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, məhkəmə məsrəfləri kimi 210 manat vəkil haqqının, 200 manat mütəxəssis rəyinin və 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, zərər vurulmuş ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Mahmud qızı iddiaçı ilə qonşuluqda, üst mərtəbədə yaşayır və mənzilin sahibidir. Artıq 10 ilə yaxındır ki, həmin mənzildən mütəmadi olaraq yaşadıqları mənzilin mətbəxinə, vanna otağına və tualetə su axıdılır. Bunun nəticəsində tavan bərbad hala düşmüş, çürümüş, divarların suvağı çatlamış, bir çox yerdə töklümüşdür. Göstərilən sahənin kafelləri qopmuş, divarların kərpicləri görünmüşdür. Dəhlizin bitişik divarları daima nəm və rütubətdir, artıq uzun illərdir ki, kif əmələ gəlmişdir. Bundan başqa divarların nəm olması su qızdırıcısını sıradan çıxartmış, onun işləməməsi səbəbindən məcburən sonuncunu yığışdırmışlar, bu da öz növbəsində rütubətin daha da artmasına səbəb olmuşdur. Bir sözlə mənzildə qəzalı antinsanitariya vəziyyəti yaranmışdır. Hazırkı vəziyyət nəticəsində səhhətləri kəskin şəkildə pozulmuşdur. Demək olar ki, hər an mərtəbələr arası tavan çökmə təhlükəsi ilə üz üzə qalmışdır. Bu isə nəinki sağlamlığa eləcə də insan həyatına da təhlükə yaratmışdır. Artıq vəziyyət dözülməz həddə çatmış nəticədə hər gün əsəb, stress hisləri keçirmiş dəfələrlə bununla əlaqədar tibbi yardıma müraciət etmişlər. Bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara həm mənəvi, həm də maddi zərər dəymişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, sonuncu bu halların aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Cavabdeh su borularının nasaz vəziyyətdə olduğu mənzili kirayə vermiş və ondan gəlir götürmüşdür. Kirayədə yaşayan şəxsləri bu vəziyyət qətiyyən maraqlandırmamışdır. Təbii ki, mənzilin mülkiyyətçisi bununla əlaqədar tam olaraq məsuliyyət daşıyır və nasazlıqların aradan qaldırılması bilavasitə onun borcudur. Mənzilə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssisə müraciət olunmuş və rəy alınmışdır. Belə, aparılmış hesablama və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilə su basması nəticəsində dəymiş maddi ziyanın məbləği 26 may 2022-ci il tarixinə 2360 manat müəyyən edilmişdir. Rəyə əsasən “mənzilə su sızmanın mənbəyi üst qatdan daxil olmuş boru suyudur”. Yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzilin tavanında və divarlarında su sızması nəticəsində izlərin olmaması ona dəlalət edir ki, yuxarı mərtəbədən su sızması yoxdur və sızma məhz 80 saylı mənzildə baş vermişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-139/2023 saylı 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh Mahmud qızının üzərinə ünvan 2, mənzil 80-in su və kanalizasiya borularında su sızmasına səbəb olan nasazlıqların aradan qaldırılması öhdəliyi qoyulməsı, Cavabdeh Mahmud qızından 1712 manat məbləğində maddi ziyan, mütəxəssis rəyinin verilməsi ilə bağlı 200 manat, ümumilikdə 1912 manat və 39.12 dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 manat Cavabdeh Mahmud qızından tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, 1098.2, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. Apellyasiya şikayətində göstərilmişdir ki, baş vermiş qəzada, cavabdehin təqsiri yoxdur. Yəni, bu qəza tikinti şirkəti tərəfindən həyat keçirilmiş tikinti quraşdırılma işlərinin nöqsanıdır ki, onun burada heç bir günahı yoxdur. Məhkəmə tərəfindən ilkin olaraq qəzanın səbəbkarı müəyyən edilməli və sonradan iş davam etməli idi. İkinci tərəfdən məhkəmə tərəfindən cavabdehdən mütəxxəsis üçün 200 manat pulun tutulması da təmin edilmişdir. Mütəxxəsisin hansı kriteriyalardan çıxış etməsi, hansı qiymətlərlə müqayisə etməsi məlum olmadan və hallar aydınlaşdırılmadan rəy vermiş, alınmış mütəxxəsis rəyi iş üzrə maraqlı şəxslər tərəfindən tərtib edilmiş hesablama əsasında yazılmışdır. Digər bir tərəfdən ekspertiza keçirilmiş və nəticədə mənzilin su kanalizasıya və boru xəttində baş vermiş texniki nasazlıqdan baş verməsi ehtimal olunur. Faktiki halın biri də ondan ibarətdir ki, ekspert cavabdehin evində olmamış və qəzanın mənbəyinin haradan başlanmasından belə xəbəri olmamışdır. Bu barədə məhkəməyə məlumat verilsə də, iddiaçıların iddiasının təmin edilməsi önə çıxarılmışdır. Qəzanın onun tərəfindən törədilməsinə dair hər hansı bir dəlil, sübut, fakt müəyyən edilməsi sübut olunmamışdır. Aydındır ki, cavabdeh iddiaçılardan üst mənzildə qalır. Bu o demək deyil ki, ekspert altdan yuxarı baxıb qəzanın baş vermə səbəbi barədə rəy versin. Bütün bunların nəticəsində gəlinmiş səhv nəticə olan qətnamə ortadadır ki, bu da cavabdehin hüquqlarını pozmaqla haqsız olaraq üzərinə icra və pul öhdəliyi qoymuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçıların mənzilinə suyun axıdılması onlara məxsus mənzildən baş verməyib. Halhazırda da heç bir su sızması halı müşahidə olunmur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

11. Apellyasiya baxışında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini bildirirb, apellyasiya şikayətinintəmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Apellyasiya baxışında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

17. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

18. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

22. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

24. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndirir. Ona görə də hazırki iş üzrə qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. Belə ki, iş materiallarında olan 26 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilə su basması nəticəsində dəymiş maddi ziyanın məbləği 26 may 2022-ci il tarixinə 2.360 manat təşkil edir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5573 nömrəli rəyinin nəticə hissəsinə əsasən ünvan 1-un 74 saylı mənzilin yuxarıda göstərilən tikililərin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 74 saylı mənzilə 80 saylı mənzildən su axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmanın texniki səbəbi 80 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. ünvan 1-un 74 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1712 manat məbləğində olduğu müəyyən edilmişdir.

36. Apellyasiya baxışında obyektiv həqiqətin müəyyən edilməsi və cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 10/5621 nömrəli eksper rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 74 saylı mənzilə suyun sızması mənzilin üstündəki 80 saylı mənzildən su sızması nəticəsində yarana bilər, lakin baxış zamanı 74 və 80 saylı mənzillərin yerləşdiyi pilləkən qəfəsəsinin divarı üzərində (ümümi kanalizasiya xətti keçən hissədə) su sızma ləkələrinin, eləcə də, boya qatının qabarması kimi halların olduğu müəyyən edilmişdir. Qeyd olunanları, o cümlədən 74 saylı mənzildə yaranmış qüsurların pilləkən qəfəsi tərəfdəki divarda olduğunu, divarın su və kanalizasiya xəttinin keçdiyi hissəsində su sızma ləkələrini (boya qatının qabarması və divarda kif göbələklərin və s.) yarandığını nəzərə alaraq, 74 saylı mənzilə su sızması ümumi su və ya kanalizasiya xəttində baş verən qəzadan (nasazlıqdan) ola bilər.

37. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyini verən ekspert X4 dindirilmişdir. Ekspert bildirmişdir ki, ekspertiza keçirilən zamanı cavabdehin mənzilində hər hansı bir təmir işləri aparılmadığı müəyyən edilmişdir, iddiaçının mənzilinə məhz qəza nəticəsində su sızma halları baş verməmişdir, lakin səhlənkarlıq nəticəsində cavabdeh tərəfindən iddiaçının evinə su sızma halı ola bilər. Həmçinin, qeyd etmişdir ki, blokda ümumi kanalizasiya xətti və su xətti keçdiyini və blokda olan divar hissədə təmir işlərinin aparıldığını müşahidə etmişdir. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, kanalizasıya xətləri evlə blokun arasında yerləşən ümumi şaxtadan keçir, kanalizasiya xətləri daima işləyir, iddiaçının evinə daha öncə su sızıb, su sızma halı baş vermişdir, amma tədqiqat zamanı su sızma halı müəyyən edilməmişdir, səhlənkarlıq nəticəsində cavabdeh tərəfindən iddiaçının evinə su sızma halı ola bilər.

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

40. Məhkəmə kollegiyası iş materiallarında olan mütəxəssis rəyini, ekspert rəylərini əlaqəli şəkildə tədqiq edərək və işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılması halı baş vermişdir.

41. Cavabdeh tərəfindən isə iddiaçının mənzilə olan sızıntının onun mülkiyyətində olan mənzildən olmadığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir. Ekspertiza xərcinin dəyəri isə cavabdehdən tutulmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-139/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. İş üzrə apellyasiya icraatı zamanı keçirilmiş ekspertizasının xərci qismində 100 (yüz) manat Cavabdeh Mahmud qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar