Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4191/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cavabdeh Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun sahibliyində olan 2019-cu il buraxılışlı “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində istismara yarasız vəziyyətə düşməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 manat, avtomobilə dəymiş zərərin müəyyənləşdilməsi üçün onun tərəfindən "xxxx" MMC-yə ödədiyi məbləğin əvəzi olaraq 200 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 47 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, “Lexus ES 300” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında edir. xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində iddiaçı həmin avtomobili idarə edərkən, avtomobilini Bakı şəhəri, Cəfər Xəndan küçəsində yerləşən dalanda qısa müddət, yəni 8-10 saniyə ərzində saxlamış və dayanmasına səbəb olan hal aradan qalxdıqdan sonra hərəkətini davam etmək istəmiş, amma bu zaman geriyə hərəkət edən “X4” markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobili görərək, hərəkətə başlamamış, həmin avtomobilin manevrinin sonunu gözləmişdir. Lakin həmin avtomobilin manevrindən iddiaçı başa düşmüşdür ki, həmin avtomobili idarə edən sürücü – cavabdeh onu avtomobilini görmür. Buna görə də, iddiaçı, öz avtomobilinin səs siqnalından istifadə etmişdir ki, cavabdeh onun avtomobilə fikir versin. Buna baxmayaraq cavabdehin idarə etdiyi avtomobil iddiaçının avtomobili ilə toqquşmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı X5 tərəfindən aparılmış araşdırmanın nəticə ilə müəyyən edilmişdir ki, hadisə cavabdehin təqsiri üzündən baş vermişdir və qəbul edilmiş qərarla cavabdeh inzibati qaydada cərimə olunmuşdur. Qəza nəticəsində iddiaçının sahibliyində olan avtomobil zədələnmişdir. İddiaçı, avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, bunun üçün isə həmin MMC-yə 200 manat məbləğində pul ödəmişdir. MMC-nin mütəxəssisləri avtomobilə baxış keçirərək, müəyyən etmişlər ki, hadisə nəticəsində avtomobildə yaranmış zədələrin aradan qaldırılması və avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.500 manat vəsait tələb olunur. Bu barədə MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “Qüsur aktı” verilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 manat, onun tərəfindən "xxxx" MMC-yə ödənilmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı hesab edir ki, bu xərcin əvəzi də cavabdehdən onun xeyrinə tutulmalıdır. b) iş üzrə tərəflərin iddiaya dair münasibəti
3. İddiaçı, məhkəmə baxışı iclasında iştirak edərək Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsindən sonra cavabdeh ilə bir neçə dəfə telefonla danışmış və iddiaçıya demişdir ki, avtomobilin təmiri üçün lazım olan ehtiyat hissələrini özü alacaq və iddiaçıya təklif etmişdir ki, iddiaçı yalnız ustaların pulunu ödəsin. Lakin iddiaçı onun təklifi ilə razılaşmamışdır. Ona məxsus avtomobilin orijinal farası hələ də, düzəldilməyib. Faranın qırıqları içindədir və hazırda avtomobili bu vəziyyətdə sürür. MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli “Qüsur aktında” qeyd edilib ki, elə təkcə faranın qiyməti 12.50 manatdır.
4. Cavabdehin nümayəndəsi (əri) X3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi onlar tərəfindən iddiaçıya bir neçə təklif verilmiş, lakin iddiaçı onların təklifləri ilə razılaşmamışdır. İddiaçıya hətta bildirmişdir ki, onun, avtomobillərin təmiri ilə məşğul olan şirkəti var və təklif etmişdir ki, iddiaçının avtomobilini həmin şirkətdə təmir etdirsin, amma iddiaçı bu təkliflə də razılaşmamışdır. Bildirir onun dostunun avtomobili iddiaçıya məxsus avtomobil modeli ilə eynidir. Dostunun avtomobilin farası vurulmuş və dostu 700 manata həmin faradan tapmışdır. Əslində isə faranı 320 manata da tapmaq olar. İddiaçının avtomobilinin təmiri üçün isə ustalara çəkilməli olan xərci isə 400-500 manatdan artıq deyildir.
5. Cavabdeh özü məhkəmə baxışı iclasında iştirak etməsə də, Rayon Məhkəməsinə göndərdiyi “iddiaya qarşı etirazda” onun nümayəndəsinin izahatında qeyd edilənlərdən başqa bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun barəsində Binəqədi Rayon Polis İdarəsinin X5 Şöbəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar məhkəmə qaydasında ləğv edilmişdir. Buna görə də, ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz. Tələb rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2.050 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iş üzrə yeni ekspertizanın keçirilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehin gəlməməsi işə baxılmasına mane olmur.
9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Bunu, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Çünki qeyd edilən prosessual normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Hazırkı apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X5 Şöbəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından görünür ki, iddia ərizəsində qeyd edilən tarixdə, saatda, ünvanda və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi cavabdehin ehtiyatsızlıqdan törətdiyi inzibati xəta nəticəsində baş vermişdir. Buna görə də, cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati qaydada 50 manat məbləğində cərimə olunur.
14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla hazırkı iş üzrə cavabdehin Binəqədi RPİ-nin DYPŞ-nin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətin qismən təmin edilməsi, Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin həmin DYPŞyə göndərilməsi qərara alınmışdır.
15. Binəqədi Rayon Məhkəməsinin 3(001)-3888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin DYPŞ-nin “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edildikdən sonra inzibati xəta haqqında iş üzrə DYPŞ tərəfindən əlavə araşdırma aparılmış və qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı qərarla hazırkı iş üzrə cavabdeh yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-nin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və inzibati qaydada 50 manat məbləğində cərimə olunması qərara alınmışdır. Cavabdeh, “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərardan da şikayət vermiş, onun şikayət təmin edilmiş, “inzibati tənbeh vermə haqqında” xx.xx.2024cü il tarixli qərar ləğv edilmiş, cavabdehin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.
16. Binəqədi RPİ-nin Binəqədi Rayon Məhkəməsinin 3(001)-3888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla (iş № 3(103)-1828/2025) şikayətin qismən təmin edilməsini, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, hazırkı iş üzrə cavabdehin Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətin qismən təmin edilməsini, Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli qərarın qismən, yəni hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib, onun həmin maddə ilə inzibati qaydada tənbeh edilməsi hissəsində ləğv edilməsini, cavabdehin barəsində İXM-nin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarın qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını, cavabdehin təqsirli bilindiyi İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsini qərara almışdır.
17. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsində Binəqədi RPİ-nin DYPŞnin xx.xx.2024-cü il tarixli qərarı apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarla qüvvədə saxlanılmışdır.
18. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi inzibati məsuliyyət yaradır və həmin inzibati xətanı törətmiş şəxs inzibati qaydada qırx manat məbləğində cərimə edilir.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş həmin qərar qüvvəyə mindiyindən mübahisəsiz olaraq qəbul edilməlidir ki, cavabdehin törətdiyi inzibati xəta nəticəsində iddiaçıya məxsus olan avtomobil zədələnmiş, istismara yararsız vəziyyətə düşmüş, bununla da, iddiaçıya maddi zərər dəymiş, yəni cavabdehin iddiaçıya münasibətdə delikt törətmişdir.
20. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
21. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, vurulmuş ziyana görə yüksək təhlükə mənbəyinin sahibi olan cavabdeh mülki məsuliyyət daşıyır.
22. Vurulmuş ziyanın məbləği ilə bağlı Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı, "xxxx" MMC tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktına” istinad edərək, hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 2.500 manat məbləğində pul tutulmalıdır.
23. "xxxx" MMC-nin verdiyi həmin “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus avtomobilin təmir edilib, istismara yararlı vəziyyətə gətirilməsi üçün avtomobilin arxa sağ farası alınmalı və zədələnmiş faranın yerinə quraşdırılmalıdır. Faranın qiyməti 1.100 manatdır. Avtomobilin zədələnmiş arxa sağ qadanın təmiri və alt hissəsinin dartılması işlərinin görülməsi üçün 600 manat, arxa sol qanad və arxa buferin rənglənmə işlərinin görülməsi üçün 650 manat, buferin sökülüb-taxılması, arxa işığın yenisi ilə əvəz edilməsi işlərinin görülməsi üçün 150 manat, cəmi isə 2.500 manat pul vəsaiti tələb olunur.
24. Cavabdeh tərəfin isə mövqeyi ondan ibarətdir ki, həmin məbləğ real deyil, şişirdilmişdir.
25. İşə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinin obyektiv müəyyən edilməsi məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirmənin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir.
26. "xxxx" MMC iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli, 0052 saylı “Qiymətləndirmə hesabatında” qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilin təmir edilib, istismara yararlı vəziyyətə gətirilməsi üçün avtomobilin arxa farası alınmalı və zədələnmiş faranın yerinə quraşdırılmalıdır. Faranın qiyməti 320 manatdır. Avtomobilin zədələnmiş arxa sağ qadanın təmiri və alt hissəsinin dartılması işlərinin görülməsi üçün 450 manat, arxa sol qanad və arxa buferin rənglənmə işlərinin görülməsi üçün 350 manat, buferin sökülüb-taxılması, arxa işığın yenisi ilə əvəz edilməsi işlərinin görülməsi üçün 150 manat, cəmi isə 1.270 manat pul vəsaiti tələb olunur.
27. "xxxx" MMC-nin verdiyi “Qüsur aktında” və "xxxx" MMC-nin verdiyi “Qiymətləndirmə hesabatında” göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, avtomobilin sıradan çıxmış farasının yenisi ilə əvəz edilməsi ilə bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ "xxxx" MMC-nin verdiyi “Qüsur aktında” qeyd edildiyi kimi 1.100 manat müəyyən edilməlidir. Çünki həmin qiymət orijinal faranın qiymətidir. Amma iddiaçıya məxsus avtomobil ilə bağlı görülməli olan təmir-bərpa işlərinin görülməsi ilə bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ "xxxx" MMC-nin verdiyi “Qiymətləndirmə hesabatında” qeyd edildiyi kimi 950 manat müəyyən edilməlidir. Çünki avtomobil ilə bağlı görülməli olan təmir-bərpa işlərinin "xxxx" MMC-nin verdiyi “Qüsur aktında” qeyd edildiyi kimi 1.400 manata deyil, daha aşağı qiymətə həyata keçirilməsi mümkündür.
28. Bu nəticəyə gəlmiş Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə (1.100 + 950=) 2.050 manat məbləğində pul tutulmalıdır.
29. Qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh tərəf qeyd edir ki, Rayon Məhkəməsi iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğini düzgün müəyyən etməmişdir. Çünki həmin avtomobil üçün faranın 320 manata da tapmaq olar. Avtomobilin təmiri üçün usta xərci isə 400-500 manatdan artıq deyildir.
30. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinin obyektiv müəyyən edilməsi məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndiricinin “Qiymətləndirmə hesabatını” almış, həmin hesabatın və iddiaçının təqdim etdiyi “Qüsur aktının” əsaslılığını qarşılıqlı olaraq araşdırmış, onlara hüquqi qiymət vermiş, onların hansı hissəsinin əsaslı, hansı hissəsinin isə əsassız olmasını müəyyən etmişdir.
31. Apellyasiya şikayətində, Rayon Məhkəməsinin, ona təqdim edilmiş sübutlara düzgün qiymət vermədiyi bildirilsə də, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına ala biləcək sübutlar (məsələn: başqa qiymətləndirici tərəfindən verilmiş “Qiymətləndirmə hesabatını”) Məhkəməyə təqdim edilməmişdir.
32. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayəti əsassızdır. İşə baxmış rayon Məhkəməsi iş yuxarıda qeyd edilən və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakter daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Buna görə də, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.