Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4194/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti ev 69, 110 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 87.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-643/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi üzrə “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi” və “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” tələbləri hissəsində icraata xitam verilmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 15576,66 manat, faiz borcuna görə 1357,84 manat, cərimə borcuna görə 1000 manat olmaqla, ümumilikdə 17934,5 (on yeddi min doqquz yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə 17934,5 manat məbləğində borcun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 75,18 kv.m ümumi, 48,08 kv.m yaşayış, 27,1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilə yönəldilməi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 75,18 kv.m ümumi, 48,08 kv.m yaşayış, 27,1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilin ilkin satış qiymətinin 89800 (səksən doqquz min səkkiz yüz) manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh1 ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 (yüz qırx bir) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, tərəfindən ödəniş cədvəlinə müvafiq olaraq bir necə ay ödəniş edildikdən sonra müflis olmağı ilə əlaqədar və işsizlik dövrünün başlanması, onun iş tapmaq üçün müxtəlif variantlara əl atmağı və s. amillər kredit məbləğini vaxtı-vaxtında ödəməyə imkan vermədi. Qətnamədən görünür ki, məhkəmə yalnız iddiaçı tərəfin əsassız mövqeyi ilə razılaşmışdır. Belə ki, o, kredit məbləğinin xeyli hissəsini ödəsə də, bu hal nəzərə alınmamışdır. Ekspert də başdansovdu və qərəzli rəy vermişdir. Əslində təkrar ekspertiza keçirilsə, aydın olar ki, o, borcun bir çox mislini ödəmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
7. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00270- 01 saylı krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 24 may 2021-ci il tarixli, 2021/00132-01 saylı kreditin restrukturizasiyası üçün 36 ay müddətinə, 17150 manat kredit vermişdir, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30 faizi təşkil etdiyi müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 17150 manat məbləğ Cavabdeh1 "xxxx" ASC-nin Universal filialında olan hesabına köçürülmüşdür.
9. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 2022/00270-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 24 may 2021-ci il tarixli 2021/00132-01 kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzildən ibarət olmuş və ipoteka predmetinin dəyəri 87000 manat məbləğində müəyyən edilmişdir.
11. Ödəniş qrafikinə əsasən borcalan kredit müqaviləsi üzrə hər ay 728.04 manat olmaqla 36 ay ödəniş etməli idi.
12. xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarış məlumatına əsasən borcalan tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş edilmişdir.
13. Kreditor tərəfindən borcalan və ipoteka qoyana ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manat tələb edilmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra İddiaçı BOKT ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir.
14. İddiaçı 21 sentyabr 2023-cü il tarixə tərtib edilmiş maliyyə arayışına əsasən borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15576.66 manat, faiz borcuna görə 2128.86 manat, dəbbə borcuna görə 1000 manat pul tələb edir.
15. Borcun məbləği borcalanın nümayəndəsi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli rəyinə əsasən borcalanın xx.xx.2023cü il tarixə olan borcunun əsas borc üzrə 16322.86 manat, faiz borcu üzrə 1517.13 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri isə 100 manat təşkil etmişdir.
16. Məhkəmənin təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün onun likvid dəyəri ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0116 saylı Hesabatına əsasən, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 89800 manat olduğu müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır
21. Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
23. Maddə 269. Girov və ipoteka hüququ anlayışı.
24. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
25. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir.
26. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
27. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası.
28. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
29. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir
30. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
35. Maddə 134.1.4. məhkəmə bildirişini;
36. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
37. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
40. 372.3.Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. 372.4.Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin borc məbləğinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Cavabdeh A.Hüseynovun apellyasiya şikayətinin əsas dəlili onun borcun çox hissəsini ödəməsi, ekspert rəyinin isə qərəzli olması, iş üzrə yenidən ekspertiza keçirilməli olması ilə bağlıdır.
51. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00270- 01 saylı krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 24 may 2021-ci il tarixli, 2021/00132-01 saylı kreditin restrukturizasiyası üçün 36 ay müddətinə, 17150 manat kredit vermişdir, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30 faizi təşkil etdiyi müəyyən edilmişdir.
52. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli rəyinə əsasən borcalanın xx.xx.2023-cü il tarixə olan borcunun əsas borc üzrə 16322.86 manat, faiz borcu üzrə 1517.13 manat olduğu müəyyən edilmişdir.
53. İddiaçı rayon məhkəməsinə təqdim etdiyi maliyyə arayışına görə isə borcalandan xx.xx.2023-cü il tarixinə hesablanan 15576.66 manat əsas, 2128.86 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 18705.52 manat məbləğində borcun ödənilməsini tələb etmişdir.
54. Rayon məhkəməsi əsas borcu maliyyə arayışına uyğun 15576.66 manat, faiz borcunu isə iddiaçının müqavilədən imtina etdiyi vaxta olan tutulmalı 1357.84 manat məbləğində müəyyən etmişdir.
55. Belə ki, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2023-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixinə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manatın ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
56. Rayon məhkəməsi faiz borcunun iddiaçının müqavilədən imtina etdiyi xx.xx.2023-cü il tarixli bildirişdə olan məbləğə əsasən müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
57. Göründüyü kimi, hazırkı tələb üzrə iddianı qismən təmin edən rayon məhkəməsinin mövqeyi ədalətli və əsaslı olmuşdur. Cavabdeh1 borcun məbləği ilə bağlı ekpert rəyini şübhə altına salaraq kredit məbləğinin xeyli hissəsini ödəməsinə və yenidən ekpertiza keçirilməli olmasına istinad etsə də, bununla bağlı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər hansı sübut təqdim etməmişdir ki, bu da onun dəlillərinin mülahizə xarakterli olması qənaətinə gəlməyə əsas verir. Nəticə:
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.