Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4195/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1976/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 70014043 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlinə əsasən, kreditor Cavabdeh şəxsi istehlak məqsədi üçün illik 28% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 413,71 manat olmaqla, 10.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2014-cü il, sonuncu ödəniş tarixi xx.xx.2017-ci il olaraq müəyyən edilmişdir.
2. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 10000 manat məbləğində kredit verilmişdir.
3. xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli, 70014043 saylı müqavilə üzrə kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.954,89 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin tərkibini 4.455,06 manat əsas borc, 1.273,26 manat faiz borcu və 226,5 manat cərimə borcu təşkil edir. Restrukzasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək təşkil edir.
4. Razılaşma üzrə təqdim edilən ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş məbləği 143,68 manat olmaqla, ilkin ödəniş tarixi xx.xx.2017-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir.
5. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixinə aid maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixinə müqavilə üzrə 4.099,08 manat əsas, 3.480,40 manat faiz, 3.471,91 manat cərimə, gecikdirilmiş vaxt üçün 603,06 manat faiz borcu olmaqla, ümumilikdə 11.654,45 manat borcu vardır.
6. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, borcluya kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış 4.099,08 manat əsas borcun, 3.480,4 manat faiz borcunun, 3.471,91 manat məbləğində cərimə borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 590,52 manat faiz borcunun, ümumilikdə 11.641,91 manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir.
7. Problemli Kreditlərin sorğulanmış məlumatlarından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-də olan kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və restrukturziasiya olunması təklif olunan məbləğ 4.099.08 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11.654,45 manat - bundan 4.099,08 manat əsas, 3.480,40 manat faiz, 3.471,91 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 603,06 AZN faiz borcu və iş üzrə ödənilmiş 124,96 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat idarəsi filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 70014043 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5.954,89 manat hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********359 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək göstərmişdir ki, iddiaçının iddia tələbi ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Belə ki, "xxxx" ASC ilə Cavabdeh ilə arasında xx.xx.2014-cü il tarixində, 70014043 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində nəzərdə tutulmuşdur ki, kredit öhdəlikləri xx.xx.2017-ci il tarixinə qədər icra olunmalıdır. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5.954,89 manat hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, kredit üzrə cavabdeh tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istəyir ki, sazişin bağlanması müqaviləni əvəz etmir. Belə ki, iddiaçı sazişin müqaviləni əvəz edəcəyini düşünmüşdür. Lakin qanunvericilikdə sazişlə əlaqədar konkret anlayış ifadə olunmamışdır. Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Plenum Qərarına əsasən kredit müqaviləsində iddia müddəti tərəflər arasında bağlanmış müqavilə əsasında tənzimlənir və sazişlə əlaqədar heç bir mövqe yoxdur. Bir nüansı nəzərə çatdırır ki, sazişin müqaviləni əvəz etməsi ilə bağlı nə Mülki Məcəllədə, nə də Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında heç bir mövqe mövcud deyildir. Ümumiyyətlə, Mülki Məcəlləyə diqqət etdikdə sazişlə bağlı hansısa anlayış belə yoxdur. Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, iddia müddəti üzrə mübahisə müqavilə münasibətlərindən yaranmış tələb olduğuna görə üç ilkin iddia müddəti tətbiq edilməlidir. Yəni, sonradan bağlanmış saziş müqaviləni əvəz edə bilməz. Buna görə də hesab edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Bununla əlaqədar olaraq iddiaçının cavabdehə qarşı sazişə əsaslanaraq 11.654,45 manat iddia tələbi ilə irəli sürdüyü "kredit borcunun qaytarılması"na dair iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır.
11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1976/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4.099,08 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində 44 manatın tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. 24. İşin mübahisələndirilən halı isə cavabdehdən həm əsas, həm cərimə, həm faiz, həm də gecikdirilmiş faiz borcunun tələb edilməsi ilə bağlıdır.
13. Belə olan halda, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür amma bununla bağlı cavabdehə yeni müqavilə bağlanılması barədə təklif göndərilməmişdir. Göndərilmişsə belə iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinin əsaslandırılmasında həmin halın mövcudluğuna münasibət bildirilməmişdir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31- də başa çatmışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
14. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il (illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.
15. Bu baxımdan məhkəmə o qənaətə gəlmişdir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
16. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin banka olan əsas kredit borcu məbləği iş materiallarında ola maliyyə arayışı ilə öz təsdiqini tapır.
17. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir və iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Hazırki müdahisədə isə məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.
18. İstinad edilən normalarda və formalaşan mövqedən göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Tərəflər arasında könüllü qaydada bağlanan xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddətinin son tarixi xx.xx.2017-ci il olaraq müəyyən edilsə də, xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə saziş ilə borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı restrukturizasiya edilməklə, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Hansı ki, tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə dəyişiklik edilməsi mümkündür və hazırki mübahisədə də tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlmişlər. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət edən zaman iddia müddətini ötürməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 399.1, 399.2, 399.3, 399.4, 427.3, 442, 443.1, 448.1, 739-cu maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5, 6, 8.9-cu bəndlərinə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1, 6.16-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmayaraq ədalətsiz qətnamə qəbul edilmişdir. Nəzərə çatdırır ki, iddiaçının iddia tələbi ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Qeyd etmək istəyir ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixində, 70014043 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində nəzərdə tutulmuşdur ki, kredit öhdəlikləri xx.xx.2017-ci il tarixinə qədər icra olunmalıdır. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən o, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5.954,89 manat hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, kredit üzrə cavabdeh tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməsi nəzərdə tutulmuşdur. Sazişin bağlanması müqaviləni əvəz etmir. Belə ki, iddiaçı sazişin müqaviləni əvəz edəcəyini düşünmüşdür. Lakin qanunvericilikdə sazişlə əlaqədar konkret anlayış ifadə olunmamışdır. Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarına əsasən kredit müqaviləsində iddia müddəti tərəflər arasında bağlanmış müqavilə əsasında tənzimlənir və sazişlə əlaqədar heç bir mövqe yoxdur. Qeyd edir ki, sazişin müqaviləni əvəz etməsi ilə bağlı nə Mülki Məcəllədə, nə də Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında heç bir mövqe mövcud deyildir. Ümumiyyətlə Mülki Məcəlləyə diqqət etdikdə sazişlə bağlı hansısa anlayış belə yoxdur. Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, iddia müddəti üzrə mübahisə müqavilə münasibətlərindən yaranmış tələb olduğuna görə üç il iddia müddəti tətbiq edilməlidir. Yəni, sonradan bağlanmış saziş müqaviləni əvəz edə bilməz. Buna görə də hesab edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Həmçinin bildirir ki, iddia müddətinin tətbiq edilməsinin mahiyyəti iddiaçını əsassız iddia tələblərindən qorumaqdan ibarətdir. Lakin məhkəmə həmin hallara düzgün hüquqi qiymət verməyərək iddia müddətinin ötürülübötürülməməsini aydınlaşdırmamışdır. Yəni, Sazişin Müqaviləni əvəz edə bilməsi ilə bağlı əsaslandırma edə bilməmişdir. Bu da onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hazırda Apelyasiya şikayəti verməyində əsas məqsədi məhz iddia müddətinin tətbiqi ilə bağlıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia qismən təmin edildiyindən və cavabdeh apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixində kredit müqaviləsi bağlanmış və "xxxx" ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 28% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir.
31. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən həmin müqavilə üzrə kredit, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 5.954,89 manat təşkil etməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin tərkibini 4455,06 manat əsas borc, 1273,26 manat faiz borcu və 226,5 manat cərimə borcunun təşkil etməsi və restrukzasiya edilmiş kreditin müddətinin xx.xx.2021-ci il tarixinədək təşkil etməsi şərtlərilə restrukturizasiya edilmişdir.
32. Borclu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
33. Birinci instansiya məhkəməsində araşdırma zamanı iş materialları ilə cavabdehin əsas borca görə 4099,08 manat borcunun olması müəyyən edilmiş və həmin hissədə iddia tələbi təmin edilmişdir.
34. Cavabdeh apellyasiya şikayətində sonradan bağlanmış sazişin müqaviləni əvəz etmədiyini bildirmiş və əsas borca münasibətdə üç illik iddia müddətinin keçməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 423.1-ci maddəsinin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanır.
36. İşdən göründüyü kimi, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci il tarixli yazılı sənəd tərtib etməklə öz aralarında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişikliklər etmiş, o cümlədən kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətini xx.xx.2021-ci il tarixinədək uzatmışlar. Beləliklə, tərtib edilmiş sənədin adının “saziş”, “razılaşma” və s. olmasından asılı olmayaraq, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə hər hansı başqa sənədlə əvəz edilməmişdir.
37. İşdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
39. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1976/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: