Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4196/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (iş № 2(001)-3034/2022) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşağın - xx.xx.2012-ci il təvəllüdlü Tuncayın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay cavabdehdən onun xeyrinə tutulan 193 manat sabit pul məbləğində alimentin artırılaraq 235 manat və uşağın müalicəsi üçün hər ay cavabdehdən onun xeyrinə tutulan 50 manat pul vəsaitinin artırılaraq 100 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 193 manat məbləğində aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. Uşaq böyüdükcə qayğıları və xərcləri də artır. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir. Hazırda cavabdehin maddi durumu normaldır. Uşağın yaşayış minimumu nəzərə alınaraq alimentin miqdarı 235 manat müəyyən edilməlidir. Bundan başqa, uşaq anadangəlmə eşitmə qüsurludur və əqli geriliyi vardır. Uşağın bu yaşda müayinə və müalicəsinə ciddi yanaşılmadıqda böyüdükcə vəziyyətinin daha da pisləşəcəyi gözlənilir. İddiaçı, X2 uşağa tibbi xidmət göstərilməsi üçün 2 ay ərzində 816 manat ödəniş etmişdir. Bu səbəbdən uşağın müalicəsi üçün tutulan 50 manat vəsaitin də miqdarı artırılaraq 100 manat müəyyən edilməlidir.
b) tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlar barədə məlumat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, uşağın müalicəsinə 2 yaşından başlanılıb, tez-tez uşağı həkim qəbuluna aparır. Sonuncu dəfə həkim qəbuluna 50 manat və MRT-yə görə isə 150 manat ödəniş etmişdir, uşaq hazırlığa gedir, cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır, yalnız alimenti ödəməklə kifayətlənir. Onun valideynləri Şabranda yaşayır və cavabdehlə qonşudurlar. Cavabdeh həyətində özü üçün ikinci ev tikmişdir və dedikləri kimi kirayədə yaşamır. Getcontactda anasının mobil nömrəsində adı faizə pul verən şəxs kimi qeyd edilmişdir. Nikahda olan vaxt cavabdehin “Priora” avtomobili olmuş, hazırda avtomobilini yeniləmiş və anasının adına qeydiyyata aldırmışdır. O, uşağa görə 300 manat müavinət alsa da, həmin məbləğ uşağın müalicəsinə çatmır.
4. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də iddiaya yazılı qaydada etiraz təqdim etmiş və nümayəndə vasitəsilə təmsil edilmişdir.
5. Cavabdehin yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı artıq neçənci dəfədir ki, alimentin artırılması üçün məhkəməyə müraciət edir və hər dəfə heç bir sübut məhkəməyə təqdim etmədən əsassız yerə alimentin artırılmasını tələb edir. Hal-hazırda iddiaçı ondan uşaq üçün maksimum həddə, yəni 235 manat aylıq aliment və əlavə olaraq 100 manat miqdarında əlavə xərc tələb edir. İddiaçı ərizəsində onun maddi durumunun normal olduğunu, övladının yaşının və maddi tələbatlarının artıdığını və uşağa tibbi xidmət göstərildiyini əsas gətirir. Qeyd edir ki, onun digər nikahından xx.xx.2013-cü il təvəllüdlü Damla adlı qızı vardır ki, ona da hər ay 100 manat aliment ödəyir. Hal-hazırda Nümayəndə ilə ailəlidir və birgə nikahlarından 2 uşaqları vardır, xx.xx.2016-cı il təvəllüdlü Məlahət və xx.xx.2017-ci il təvəllüdlü Tunar. O, övladını saxlamaqdan imtina etmir, lakin tələb edilən məbləğdə alimenti ödəməyə imkanı çatmır. Belə ki, özü xəstədir, hal-hazırda müalicələr alır (diaqnozensefalopatiya). Heç bir yerdə işləmir, ailəsini güclə saxlayır və güclə hazırki alimentləri ödəyir. Həmçinin uşaqları saxlamaq bərabər şəkildə hər iki valideynin borcudur. İddiaçı ilə nikahdan doğulmuş Tuncay dövlətdən 300 manat pensiya alır. Bundan əlavə onun vəziyyətində yaxşılaşma ilə əlaqədar hər hansı dəyişiklik yoxdur. Əksinə iddiaçının özünün maddi vəziyyəti yaxşıdır, belə ki, iddiaçının gözəllik salonu var, nəqliyyat vasitəsi var.
6. Cavabdehin nümayəndəsi (arvadı) Nümayəndə Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, cavabdeh iki dəfə uğursuz ailə qurmuşdur. Belə ki, cavabdeh xəstə olduğu üçün keçmiş arvadları onunla yaşamamışdır. O, cavabdehin üçüncü nikahdan olan arvadıdır və onların 2 uşağı var. Onlar uşaqların geyimini çatdıra bilmir, cavabdeh hazırda işsizdir. Qaynanası, əri və uşaqları xəstədir. Onları həkimə aparmağa imkanları yoxdur. Cavabdeh ürək xəstəliyindən əziyyət çəkir və ev şəraitində müalicə alır. Cavabdehin hazırda heç bir aliment borcu yoxdur, belə ki, onun alimentini qayınanası işlədiyi dövrdə ödəmişdir, lakin hazırda qayınanası özünü idarə edə bilmir. O, qohumlarından cavabdehin tutulmaması üçün pul alıb alimenti ödəyir. Cavabdehin avtomobili yoxdur, ümumiyyətlə o xəstəliyi ilə ağlı avtomobil idarə edə bilmir.
7. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil məhkəmə iclasında iştirak etməsə də, iddiaya yazılı qaydada etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iddiaçı bundan əvvəl də analoji iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib və həmin məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilib. Həmin vaxtdan 1 il 6 ay keçdikdən sonra iddiaçı yenidən analoji iddia ilə müraciət edib və iddiasında tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməyibdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İkincisi: cavabdeh özü də xəstədir, ona ensefolopatiya diaqnozlu qoyulub. Özünün də müalicəyə ehtiyacı var. Lakin bunun üçün maddi imkanı çatmır. Üçüncüsü: cavabdehin bundan əvvəlki nikahından xx.xx.2013-cü il təvəllüdlü Damla adlı övladı vardır və hazırda onun saxlanması üçün həmin uşağa görə cavabdeh 100 manat aliment ödəyir (pul köçürmə sənədi əlavə olunur). Dördüncüsü: cavabdeh 3-cü dəfə Nümayəndə ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2 övladı var. Hazırda onun arvadı hamilədir və təxmini doğum tarixi 2024cü ilin sentyabr ayının əvvəlinə təsadüf olunur (müvafiq sənədlər əlavə olunur). Beşincisi: cavabdeh işsizdir və avtoçilingər xidməti göstərmək üçün özünüməşğulluq proqramına qoşulmuşdur. Onun aylıq gəliri 545 manat təşkil edir. Bu vəsaitlə alimentin artırılması mümkün deyildir. Altıncısı: cavabdehin verdiyi məlumata əsasən iddiaçı uşağı fərdi əməyə cəlb etmişdir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əvvəlki qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Tuncayın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılmasını və 235 manat sabit pul məbləğində müəyyən edilərək, cavabdehdən tutularaq iddiaçıya verilməsini, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını, iddianın qalan hissədə təmin edilməməsini, əvvəlki qətnamə ilə əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunmasının nəzərə alınmasını, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 30 manat məbləğində vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır və o qənaətə gəlir ki, ölkə üzrə yaşayış minimumunun artması dolayı olaraq əvvəlki illərə görə müəyyən edilmiş məbləğin cari il üçün uşağın minimal xərclərinin ödənilməsinə kifayət etmədiyi əsasından qaynaqlanır. Bundan əlavə uşağın yaşı ilə mütənasib olaraq onun xərclərinin artması hamıya bəlli olan haldır və bu faktın hər hansı sübutla təsdiq olunmasına ehtiyac yoxdur. Yəni yaşayış minimumunun cari il üçün artması əvvəlki dövrə görə müəyyən edilən həddə ödənilən vəsaitin uşağın minimal ehtiyaclarını qarşılamadığı hüquqi nəticəsini doğurur və bu hal nəticə etibarı ilə uşaq yanında qalan valideynin maddi vəziyyətini dəyişdirir. Bu səbəbdən də məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022ci ildən uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalı və hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin anasının adına olan avtomobilləri və cavabdehin etibarnamə ilə avtomobili idarə etdiyini nəzərə alaraq, hansı ki, cavabdehin məhkəmə islasında iştirak edən nümayəndəsi bunu qəti şəkildə inkar etmişdir, cavabdehin maddi vəziyyəti ilə bağlı etirazının dəlillərini inandırıcı hesab etmir. Eyni zamanda cavabdehin üç dəfə nikaha daxil olması və həmin nikahlardan da uşaqlarının olması onun valideyn olaraq uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda onun xəstəliyi əmək qabiliyyətliliyini istisna etmir və uşaqların maraqları bütün digər mənafelərdən üstün olaraq qəbul edilir. Məhkəmə iddianı digər hissədə ona görə əsaslı hesab etmir ki, əvvəla uşağın müalicəsi ilə bağlı iddiaçıya dövlət tərəfindən 300 manat yardım göstərilir və cavabdehdən də bundan əlavə 50 manat vəsait tutulur. Eyni zamanda uşağın saxlanılması və digər maraqlarının təmin edilməsi hər iki valideynin borcudur və hazırki halda iddiaçının göstərdiyi dəlillər tərəflərin bütün diqqətəlayiq maraqları nəzərə alınmaqla əlavə xərcə görə alimentin artırılmasına əsas vermir.
d) apellyasiya şikayəti barədə məlumat
10. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın qismən təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak edən şəxsin izahatı barədə məlumat
12. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
13. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
c) apellyasiya baxışının hədləri barədə məlumat
14. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
15. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirir. O, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
16. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hesab etmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, həmçinin iddiaçının birgə nikahdan olan uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin müəyyən edilməsi xahişini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək əvvəlki qətnaməsi ilə tutulan 193 manat sabit pul məbləğində alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsini qət etmişdir
19. Cavabdeh isə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, onun aylıq gəliri az olduğundan iddia rədd edilməlidir.
20. İş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatları nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
22. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
23. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.).
25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.
26. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan alimentin miqdarının 235 manat müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.
27. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər cavabdehi uşağını saxlamaq vəzifəsindən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi barədə məlumat
28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Buna görə də, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.