Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4198/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Məhsəti Hüseynovanın, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində əsas borc kimi 18.244,49 ABŞ dolları, faiz borcu kimi 17.110,36 ABŞ dolları, cərimə kimi 11.517,72 ABŞ dolları, cəmi 46.872,57 ABŞ dolları tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 18.244,49 ABŞ dolları, faiz borcu kimi 11.207,03 ABŞ dolları, cərimə kimi 1.000 ABŞ dolları, cəmi 30.451 ABŞ dolları məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Məhsəti Hüseynova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə kredit münasibəti ilə bağlıdır, iddiaçı kreditverən, Cavabdeh1 kreditalan, digər cavabdehlər isə zaminlərdir. Kreditverən ilə kreditalanın arasında 06.02.2015-ci il tarixli, 014R********** nömrəli kredit razılaşması bağlanıb və kredit razılaşmasına sonradan bir neçə dəfə dəyişiklik edilib, bu barədə müvafiq sazişlər bağlanıb. Kredit verilib, hazırda kreditin, onun faizlərinin qaytarılması, habelə gecikməyə görə cərimə ödənilməsi tələb olunur. Öhdəliyin məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə məhkəmə-mühasibat ekspertizası keçirilib və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07.02.2020-ci il tarixli, 31416 nömrəli ekspert rəyi (iş v. 87) və 16.10.2015-ci il tarixli, 9/4063 nömrəli ekspert rəyi (iş v. 161) verilib. İkinci rəydə qeyd olunub ki, 25.06.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) əsas borcun məbləği 25.130,22 ABŞ dolları, faiz borcunun məbləği 11.207,03 ABŞ dolları təşkil edir. Ekspert rəyində əsas borcun məbləği 25.130,22 ABŞ dolları müəyyən edilsə də, iddiaçı əsas borc kimi 18.244,49 ABŞ dolları tələb edir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi məbləğdə əsas borcun tutulmasını qət edib. Bu, düzgün nəticədir, qətnamə əsas borcun məbləğinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspert rəyində faiz borcunun məbləği 11.207,03 ABŞ dolları müəyyən edilib. Faiz borcunun məbləği 25.06.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) müəyyən olunub, kredit müddəti isə 01.11.2018-ci il tarixdə bitib. Belə ki, 06.02.2015-ci il tarixli kredit razılaşmasına sonradan bir neçə dəfə dəyişiklik edilib, sonuncu dəyişiklik 16.11.2017-ci il tarixli sazişlə (iş v. 21) edilib. Həmin sazişə əlavə edilmiş ödəniş planından (iş v.22) görünür ki, kredit müddəti 01.11.2018-ci il tarixdə bitir. Kredit müqaviləsində göstərilən faiz (kreditdən istifadə haqqı) kredit müddəti üçün hesablana bilər. Ona görə də apellyasiya icraatı zamanı əlavə mühasibat ekspertizası təyin olunmuş, ekspertin qarşısında 01.11.2018-ci il tarixə olan faiz borcunun məbləği barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, 9/4289 nömrəli ekspert rəyinə görə 01.11.2018-ci il tarixə faiz bocunun məbləği 8.920,18 ABŞ dolları təşkil edir. Ona görə də qətnamə faiz borcunun məbləğinə aid olan hissədə dəyişdirilməli, faiz borcunun məbləği 8.920,18 ABŞ dolları müəyyən edilməlidir. Cərimə borcunun məbləğinə aid olan hissədə qətnamə dəyişdirilməli, cərimənin məbləği 200 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, kreditin dollarla verilməsi, manatın isə devalvasiyası nəzərə alınarsa 1.000 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Faiz və cərimə borcunun məbləği dəyişdiyinə görə qətnamə ümumi borcun məbləğinə aid olan hissədə də dəyişdirilməlidir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448, 467 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun məbləğinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalı, faiz, cərimə və ümumi borcun məbləğinə aid olan hissədə dəyişdirilməlidir Zaminlər apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi faiz, cərimə və ümumi borcun məbləğinə aid olan hissədə dəyişdirilsin. Faiz borcunun məbləği 8.920,18 (səkkiz min doqquz yüz iyirmi tam yüzdə on səkkiz) ABŞ dolları, cərimə borcunun məbləği 200 (iki yüz) ABŞ dolları, ümumi borcun məbləği 27.364,67 (iyirmi yeddi min üç yüz altmış dörd tam yüzdə altmış yeddi) ABŞ dolları müəyyən olunsun. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş mühasibat ekspertizasının xərci olan 50 manatın 25 manatı İddiaçı QSC-dən, 25 manatı isə Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4198/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4198/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver