Məhkəmə qərarları › İş №2(103)-42/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-42/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-42/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Zümrüd Alıyevanın, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-in cavabdehlər Cavabdeh3, Cavabdeh4 Talib qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3533/2017 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4 Talib qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixli 140316/119264 saylı kredit müqaviləsinin ləğv edilməsinə, kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada əsas borca görə 43886 ABŞ dolları, faiz borcuna görə 10811 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 55697 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulmasına, tutmanın Cavabdeh4 Talib qızının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 7d saylı evin, 39 saylı mənzilinə yönəldilməsinə, mənzilin açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, həmin mənzilin ən geci 1 ay ərzində boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3533/2017 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3533/2018, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 140316/119264 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4 Talib qızından, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli 140316/119264 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 43734.15 ABŞ dolları, faiz borcuna görə 4835.56 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla cəmi 48619,71 ABŞ dolları borc ödənişinin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın İddiaçı ASCnin xeyrinə tutulması, Cavabdeh3, Cavabdeh4 Talib qızından, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfınə tutulması, Cavabdeh3, Cavabdeh4 Talib qızından, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat “xxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh4 Talib qızının mülkiyyətində olan Bakı pəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 7d saylı evin, 39 saylı mənzilinin ilkin satış qiymətinin 102000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 48619.71 ABŞ dollarının borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın İddiaçı ASC-nin hesabına, 50 manat ekspertiza xərcinin dövlət nəfinə, 200 manatın “xxxx” MMC-nin hesabına keçirilməsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 7d saylı evin, 39 saylı mənzilinin açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-3066/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3533/2017 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-3066/2018 nömrəli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5934/2018 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 3066/2018 nömrəli qətnaməsi qismən - Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 7d saylı evin, 39 saylı mənzilinin ilkin satış qiymətinin 102000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, realizə edilmiş mənzilin dəyərinin tələbin ödənilməsinə kifayət edib-etməməsi məsələsinin hazırki mərhələdə müəyyən edilməsi qeyri-mümkündür. Belə ki, “İcra haqqında” və “İpoteka haqqında” Qanunların tələblərinə müvafiq olaraq ipoteka predmenti olan mənzil icra məmurunun müvafiq sifarişi əsasında qiymətləndirici tərəfindən qiymətləndirilir. Bundan sonra mənzilin açıq hərracda satılması üçün icra məmuru ixtisaslaşmış hərrac təşkilatına sifariş verir. Hərrac təşkilatında mənzilin satılması mümkün olmazsa bu halda ipoteka predmeti ipoteka saxlayana təklif olunur. İpoteka saxlayan təklifi qəbul etmədiyi təqdirdə ipotekaya xitam verilir. Göründüyü kimi, məhkəmə “realizə edilmiş mənzilin dəyəri tələbin ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi” qənaəti ilə əvvəlcədən icra prosesini qabaqlamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatorlara münasibətdə ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh3, ipoteka qoyan Cavabdeh4 Təbib qızı bağlanmış xx.xx.2016-cı il tarixli 140316/119264 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən borcalanın xx.xx.2016-cı il tarixli 140316/119264 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 7d saylı evin 39 saylı mənzilinin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndindən müəyyən olunur ki, ipoteka predmeti 70000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən cavabdehə məxsus olan Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 7d saylı evin 39 saylı mənzilin bazar qiyməti 70.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 343 saylı hesabfakturasında müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 7d saylı evin 39 saylı mənzilin bazar qiyməti 102000 manat təşkil edir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “X2” MMC-nin xx xxxxxx 2020-ci il tarixli ƏEM/N 96-683/20 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 7d saylı evin 39 saylı mənzilin likvid dəyəri 91.000 manat təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçı ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə istinad etmədiyindən və ipoteka predmetinin dəyərinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razı olduğundan, ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədə müvafiq deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5934/2018 nömrəli qərarında məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair göstərişini yerinə yetirərkən, göstərişə uyğun olaraq qiymətləndirməni Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə həvalə edilmişdir. Lakin, Komitə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi imtina edildiyindən, kollegiya tərəfindən ekspertiza tədqiqatının keçirilməsi “X4” MMC-yə həvalə edilmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh ipoteka predmetinin dəyərinin müəyyən edilən məbləğdən yüksək olmasına istinad etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq “X4” MMC-nin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq “X4” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3533/2017 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq “X4” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar