Məhkəmə qərarları › İş №2(103)-420/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-420/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-420/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qızına qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-172/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin MH seriyalı, 017229 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzili X3 xüsusi mülkiyyətindədir.

2. İş materiallarında olan 58 MKİS-nin 310 nömrəli arayışından görünür ki, A.İsgəndərov küçəsi 1 saylı evin 13 saylı mənzili xx.xx.2019-cu ildən X5 xüsusi mülkiyyətindədir. Qeydiyyatı yoxdur və hal-hazırda bu ünvanda yaşayır.

3. İş materiallarında olan 58 MKİS-nin 305 nömrəli arayışından görünür ki, X6 A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır və yaşayır.

4. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/215 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 13 saylı mənzilə baxış zamanı mənzilin sanitar qovşağının aşkarda olan boru birləşmələrində və sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su sızıntısı, boru birləşmələrində çatlar və s.) aşkar edilməmişdir. Belə olan halda su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan Səbail RPİ-nin 9-cu PB sahə inspektoru Y.Məmmədov, Səbail rayon 58 saylı MKİS-in sahə bələdçisi S.İsgəndərov və iş üzrə iddiaçı tərəf olan İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus mənzilə həmin ünvanda yerləşən 13 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 11 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinri işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1243 manat məbləğində müəyyən olunmuşdur. (aparılmış təhqiqatın dəyəri 50 manat).

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X7 qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 2500 manat maddi ziyanın və məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bir neçə ildir mənzilindən yuxarıda yaşayan vətəndaş X9 dəfələrlə müraciətinə baxmayaraq mənzilinə daima su axıntısının qarşısını almır və təmir aparmaqdan imtina edir. Növbəti müraciətinə kobud cavab verdikdə məcbur olub 58 saylı MKİS və Səbail RPİ-nin 9-cu polis şöbəsinə müraciət etmişdir. Hər iki təşkilatdan nümayəndələr gəlib baxış keçirərək akt tərtib etmişdirlər. Dəvət etdiyi mütəxəssislər Nəsirova Rima ona məxsus mənzildə su və kanalizasiya sistemini təmir etmiş olsa təmirə 2500 manat vəsait tələb olunduğunu bildirmişlər.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-172/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 107, 119.1, 217.3, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akt və ekspert rəyi qiymətləndirilmədən saxlanmışdır. İş üçün mühüm əhəmiyyət daşıyan digər hallar araşdırılmadan saxlanmışdır. İddiaçı iddia edir ki, onun yaşadığı mənzil qonşusunun, X5 mənzilindən axan su ilə yaşayış üçün yararsız hala düşməsini MKS-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktla təsdiq edilir. Hakim belə bir faktı kənara atıb cavabdehin absurd izahatları əsasında qətnamə çıxarması qonşular arasında olan qarşılıqlı münasibətlərə uyğun olmayan qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda iddiaçı qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-172/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 vurulmuş maddi ziyana görə 1241,00 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. İş materiallarına əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu, A.İsgəndərov küçəsi 1 saylı evin 11 saylı mənzilində yaşayır. İddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzilində müxtəlif həcmdə qüsurlar yaranmışdır.

29. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/215 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 13 saylı mənzilə baxış zamanı mənzilin sanitar qovşağının aşkarda olan boru birləşmələrində və sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su sızıntısı, boru birləşmələrində çatlar və s.) aşkar edilməmişdir. Belə olan halda su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan Səbail RPİ-nin 9-cu PB sahə inspektoru Y.Məmmədov, Səbail rayon 58 saylı MKİS-in sahə bələdçisi S.İsgəndərov və iş üzrə iddiaçı tərəf olan İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən ünvan 1 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus mənzilə həmin ünvanda yerləşən 13 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 11 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinri işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1243 manat məbləğində müəyyən olunmuşdur. (aparılmış təhqiqatın dəyəri 50 manat)

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6091/2023 nömrəli, 01 noyabr 2023cü il tarixli qərardadı ilə iş üzrə mühəndis-texniki еkspеrtizаsı təyin edilmişdir.

31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9381 nömrəli, 20 iyun 2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu Aqil İsgəndərov küçəsi ev 1 mənzil 11 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 11 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 13 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 11 saylı mənzilə su sızması 13 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 13 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 11 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin təqribi dəyəri 1241,0 manat məbləğində müəyyən olunmuşdur

32. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9381 nömrəli, 20 iyun 2024-cü il tarixli rəyi mötəbər sübut hesab olunmalıdır. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradacaq hər hansı hal yoxdur.

33. Kollegiya bildirir ki, ekspert rəyindən görünür ki, hazırkı mübahisənin əsası olan su sızma halı hər bir halda 13 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 13 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə nəticəsində yaranmışdır.

34. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə rədd etməklə düzgün olmayan nəticəyə gəldiyindən, qətnamə ləğv olunmalıdır.

36. Kollegiya dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona 2500 manat dəyərində maddi ziyan dəydiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmiş, mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən, dəymiş ziyan 1241 manat həcmində hesablanmışdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/215 saylı, xx.xx.2023-cü il tarixli və 3-16-16/2- 10/9381 nömrəli, 20 iyun 2024-cü il tarixli məktublarından görünür ki, ekspertiza tədqiqatlarının xərci birlikdə 150 (yüz əlli) manat təşkil edir.

39. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 150 (yüz əlli) manat cavabdeh X4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. BİK: CTREAZ 22) ödənilməlidir.

40. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

41. Beləliklə, kollegiya bildirir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-172/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 vurulmuş maddi ziyana görə 1241,00 manat İddiaçı ödənilməli və cavabdeh X4 Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertizalarının dəyəri olan 150 (yüz əlli) manat pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPMin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-172/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh X4 vurulmuş maddi ziyana görə 1241,00 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat cavabdeh X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. BİK: CTREAZ 22) ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 22,50 (iyirmi iki manat əlli qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar