Məhkəmə qərarları › İş №2(103)-4201/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4201/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4201/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e- 2(008)-1390/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D-4452 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, Cavabdehnun 2022-ci ilin noyabr ayınadək 7303.96 manat məbləğində borcu var. xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017- ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlardan məlum olur ki, qeyd edilmiş aktlar Almaz Pənahova adına tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh Azərqaz İB-nə yazmış olduğu ərizəsinin məzmunundan müəyyən olunur ki, **********60000 saylı abonent koduna yazılmış aktların onun məzilinə aid olması bu səbəbdəndə həmin aktlar əsasında yazılmış cəriminənin ona hesablanmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlaran məlum olur ki, qeyd edilən aktlar sayğacın plasmas borusunun kənər təsir bəticəsində deşilməsi ilə əlaqədar tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3371,76 manat məbləğində zərərin, debitor borc üzrə 3932,20 manat və 93,04 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7397 (yeddi min üç yüz doxsan yeddi) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D-4452 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 564 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 76,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1054,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat, cəmi 3477 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 583,20 manat zərərdən 105,24 manat məbləğində ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 3371,76 manat məbləğində təşkil edir. Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin fevraldekabr ayları üzrə 1952,90 manat borcu və limitdən əlavə 67,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1647,80 manat borcu və limitdən əlavə 20,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-noyabr ayları üzrə 242,68 manat sərfiyyat borcu və limitdən əlavə 0,72 manat sərfiyyat borcu, cəmi 3932,20 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3932,20 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 7303,96 (yeddi min üç yüz üç manat 96 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(008)- 1390/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3826.96 (üç min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) manat debitor borcu, 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankında olan bank hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibət qeyd etmişdir ki, sözügedən aktlar cavabdehin deyildə başqa şəxsin adına tərtib edildiyindən iddia tələbi həmin aktlara münasibətdə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən yazılmış ərizəni əsas götürərək sözügedən aktlara əsasən cərimənin cavabdehdən tutulmasını tələb etsədə, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən yazılmış olduğu iddia edilən ərizədə hansı tarixli, hansı aktlarda əsasında yazılmış cərimənin cavabdehə aid olması müəyyən edilə bilmədiyindən iddia tələbi xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlara münasibətdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlara əsasən abonentə hesablanmış borcun tutulması hissəsində da hesab etmişdir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar sayğacda yaranan deşiklə əlaqədar olduğundan məhkəmə hesab etmişdir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin oluna bilməz Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2022-ci ilin sonu üçün hesablanmış 3932.2 manat pulun tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş saldodanda görünür ki, cavabdeh 2020-ci il sonu üçün 1952.9 manat sərfiyyat borcu, 67.70 manat isə yeni tarif keçidi ilə əlaqədar yaranmış borcu, 2021-ci ilin sonu üçün sərfiyyat borcu 1647.8 manat, 20.40 manat isə manat isə yeni tarif keçidi ilə əlaqədar yaranmış borc, 2022-ci ilin noyabr ayının sonu üçün sərfiyyat borcu 242.68 manat , 0.72 manat isə yeni tarif keçidi ilə əlaqədar yaranmış borcu mövcuddur. Cavabdehin bu illər ərzində hər hansı bir ödəniş etməmişdir. (1952.9+67.70+1647.8+20.40+242.68+0.72=3932.20) Beləliklə məlum olur ki, cavabdehin 2022-ci ilin noyabr ayının sonu üçün 3932.20 manat məbləğində debitor borcu mövcuddur. Lakin iddia ərizəsinin məzmumundanda görünür ki, cavabdeh tərəfindən 105.24 manat məbləğində əsassız olaraq yazılmış akt üzr ödənişi olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsasız yazılmış akt üzrə ödəniş cavabdehin debitor borcundan silinməli (3932.20-105.25=3826.96) yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9, 6.5-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarında yer almış və təqdim olunan sübutlar, xüsusilə də tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasını etiraf etməsinə dair cavabdehin İddiaçı İB-yə ünvanlanmış ərizəsi iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İddia tələbinin tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, eyni zamanda tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasını etiraf etməsinə dair cavabdehin İddiaçı İB-yə ünvanlanmış ərizəsinin olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələblərini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanun: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmiş, İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 564 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 76,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1054,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat, cəmi 3477 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibətdə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, sözügedən aktlar cavabdehin deyil, başqa şəxsin adına tərtib edilmişdir. İddiaçı cavabdeh tərəfindən yazılmış ərizəni əsas götürərək sözügedən aktlara əsasən cərimənin cavabdehdən tutulmasını tələb etsə də, cavabdeh tərəfindən yazılmış olduğu iddia edilən ərizədə hansı tarixli, hansı aktlarda əsasında yazılmış cərimənin cavabdehə aid olması müəyyən edilə bilmədiyindən iddia tələbi xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlara münasibətdə təmin edilə bilməz. Digər tərəfdən xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar sayğacda yaranan deşiklə əlaqədar tərtib edilmişdir və bu zaman sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddia tələbi bu hissəsədə də təmin oluna bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən iddiaçı Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş qeyd edilən aktlar iş materiallarında olsa da, iddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(008)- 1390/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar