Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4203/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı “sol baldır sümüklərinin aşağı 1/3 nin oynaqdaxili yerdəyişmiş sınığı” diaqnozu qoyulmaqla, üzərində xx.xx.2021-ci il tarixində sol baldır sümüklərinin İlizarov üsulu ilə osteosintez əməliyyatı edilmiş, qısa anamnezində “xəstənin deməsinə görə evdə ayağına daş düşməsi nəticəsində xəsarət alması” qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manatın və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh şirkətdə 2021-ci ilin avqustsentyabr aylarında usta vəzifəsində çalışmış və 1 kv.m hörgünü 5 manata hörmüşdür. Gündəlik 100 manatlıq iş görmüşdür. Şirkət onu əmək müqaviləsi olmadan işlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:00-da yəni iş vaxtı ayaqaltından yıxılmış və nəticədə sol baldır sümüyündən zədə alaraq əmək qabiliyyətini itirmişdir. Əsa ilə gəzir. Pilləkənləri qalxa bilmir. Bu qəza istehsalatda baş vermiş hadisədir və işəgötürənin əməyin mühafizə qaydalarına əməl etməməsi nəticəsində baş vermişdir. Onun iş vaxtı xəsarət almasını şahidlər təsdiq edə bilərlər. Cavabdeh şirkət ona heç bir ödəniş həyata keçirməmişdir. Gündəlik 100 manat qazancı olduğu nəzərə alınsa, şirkətdə aldığı xəsarət nəticəsində 5 ay işləyə bilmədiyi üçün ümumilikdə 15000 manat pul tələb etmək hüququnu özündə saxlayır. Şirkət onunla maraqlanmamış, heç bir ödəniş həyata keçirməmiş, müalicəsinə köməklik etməmişdir.
5. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı iddiasını əsaslandıra və sübut edə bilməmişdir. Hazırlıq iclasında "xxxx" MMC-nin rəhbərinin kim olmasını, onu işə kimin qəbul etməsini, gördüyü işlər üçün ödənişin MMC tərəfindən ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyevin xx.xx.2019-cu il tarixli məktubundan da məlum olur ki, "xxxx" MMC-nin inşa etdiyi bina artıq başa çatmışdır və istismara verilməlidir. Lakin, iddiaçının təqdim etdiyi xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə (həmin vaxtda MMC fəaliyyət göstərməmişdir) xəsarət alaraq xəstəxanaya müraciət etmişdir. Yəni, MMC fəaliyyətdə olmadığı dövrdə işçi qəbul etməmişdir, inşaat işləri də görməmişdir. İnşa etdiyi yaşayış binasında isə 2019-cu ildə artıq tikinti-quraşdırma işlərini başa çatdırmış və bina istismara hazır olmuşdur. Onu da qeyd etmək istəmişdir ki, xəstəlik tarixindən çıxarışda iddiaçı istehsalat xəsarəti almasını deyil evdə ayağına daş düşməsi nəticəsində xəsarət almasını göstərmişdir. Bütün bu xüsusatlar onun iddiası ilə ziddiyyət təşkil etməklə, iddiasının əsassız olmasını təsdiq edir. Ona görə də hesab etmişdir ki, iddiaçının iddiasında irəli sürdüyü dəlillər tam əsassız olmasına görə iddia təmin olunmamalıdır.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Onunla birlikdə Xırdalan şəhərində yerləşən binada işləmişlərdir. Bina Cavabdeh MMC-yə məxsus olmuşdur. Hadisə 2021-ci ilin yay aylarında baş vermişdir. Atası hörgü hörərkən ayağı sürüşərək yıxılmış və sol baldır sümüyündən zədə almışdır. Atasını xəstəxanaya apararkən binanın nəzarətçisi Asəf Bayramov da onlarla olmuşdur. Atası 1 həftə-10 gün xəstəxanada qalmışdır. Hadisə ilə əlaqədar şirkət onlara köməklik göstərməmişdir. Sadəcə gördükləri iş müqabilində onlara 600 manat ödənilmişdir. Onlar tikintidə şirkətlə əmək müqaviləsi bağlamadan işləmişlər.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin inşa etdiyi tikilidə mişar daşı ilə hörgü işləri apararkən ayaqaltından yıxılmış və sol baldır sümüklərinin aşağı 1/3nin oynaq daxili yerdəyişmiş sınığı xəsarətini almış, onu işlədiyi "xxxx" MMC-in işçisi (briqadir və işə cavabdeh olan şəxs telefon ***-***-**-**) Asəf Bayramov Azərbaycan X3 və X4 Hüquqi Şəxsə aparmış, onu qeydiyyata alarkən hətta Asəf Bayramov öz telefon nömrəsini ***-***- **-** nömrəsini vermişdir. Bunun sübutu kimi birinci instansiya məhkəməsinə təqdim etdiyim TQS №027 X2 pasient haqqında məlumatlar bölməsinə nəzər salsaq qeyd olun telefon nömrəsini görmək olar. Bu onu sübut edir ki, mən həqiqətən cavabdeh təşkilatda onların sifarişi ilə hörgü işləri apararkən bu xəsarəti almışam ki, həmin firmanın nümayəndəsi (komendant Asəf Bayramov) məni Travmotologiya Xəstəxanasına gətirib qeydiyyata aldırıb. Bundan əlavə mənim şahid qismində məhkəməyə təqdim etdiyim X5 və digərləri də vediyi şahid ifadələri də mənim həqiqətən cavabdeh təşkilatda işləməyimi, iş prosesində yəni hörgü işləri görərkən xəsarət almağımı təsdiq etmişdir. Göründüyü kimi bir eçə dəlilin qarşılıqlı təhlili sübut edir ki, mən həqiqətən cavabdeh təşkilatda işləmişəm və həmin təşkilat üçün əmək fəaliyyəti həyata keçirmişəm. Lakin məhkəmə belə qənaətə gəlib ki, əgər mənim əmək müqaviləm və ya podrat müqaviləm yoxdursa, yəni işəgötürən qanunlara bu qədər məsuliyyətsiz yanaşaraq, əmək müqaviləsi bağlanması, əməyin mühafizə qaydalarına əməl olunması ilə bağlı üzərinə düşən vəzifələri icra etməməsinə əhəmiyyət vermədən məni günahlandırır ki, niyə görə əmək müqaviləsi bağlanılmasını tələb etməmisən, niyə görə podrat müqaviləsi bağlamamısan. Məhkəməyə cavab verirəm ki, cavabdeh təşkilat mənə qarşı cinayət məsuliyyətinə cəlb edilməməsinə necə arxeyindisə, eləcə də vergidən yayınmasına, əmək müqaviləsi bağlamamasına, əməyin mühafizə qaydalarını pozmasına görə onun məsuliyyətə cəlb olunmayacağına da əmin olduğundan, dövlət büdcəsinə vergi ödəməmək üçün mənimlə əmək müqaviləsi və ya podrat müqaviləsi bağlamamışdır. Bu davranışları ilə nəinki mənim, eləcə də dövlətə qarşı cavabdeh hüquq pozuntusuna yol vermişdir. Aldığım xəsarət dərəcəsi təyin olunmuş xəsarətdir və bu xəsarətə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təsadüfi deyil ki, bu cür xəsarətlər zamanı Xəstəxana Polis orqanlarına məlumat verməlidir. Xəstəxana Abşeron Rayon Polis idarəsinə məlumat verib, polis isə məsələyə səhlənkar yanaşaraq cavabdeh təşkilatın nümayəndəsi Asif Bayramovun (Xəstəni Xəstəxanaya qəbul olunarkən gətirmiş şəxs olduğu üçün) telefon nömrəsinə zəng edib, Asif Bayramov isə baş vermiş hadisə barədə ətraflı məlumat verməmiş, özünü xəsarət alan şəxs kimi təqdim edərək heç bir şikayətimin olmamasını bildirmiş, xəsarəti isə ayağının burxulması zamanı almasını bildirmişdir. Polisin araşdırması elə bu telefon zəngi ilə bitmişdir. Təəssüfər olsun ki, mən bundan çox gec xəbər tutdum, çünki xx.xx.2021-ci ildə mənim ayağımda əməliyyat icra olunmuş, xx.xx.2021-ci il tarixədək mən yataq xəstəsi kimi evdən bayıra çıxmamışam. Mən bütün bunlar barədə birinci instansiya məhkəməsinə məlumat versəm də, eləcə də, məhkəmə tərəfindən cavabdeh təşkilat tərəfindən vergidən yayınma, əmək qanunvericiliyinin və əməyin mühafizə olunması barədə qanunvericiliyin tələblərinin pozulması halının sübut edilməsinə baxmayaraq bununla bağlı məhkəmə üzərinə düşən vəzifələri icra etməmişdir. Belə ki, aparılmış tədqiqatın nəticəsində cinayət tərkibli qanunazidd davranışların aşkar olunması və əməldə cinayət tərkibi müəyyən ediləcəyi təqdirdə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Göründüyü kimi məhkəmə bu iş üzrə mühüm əhəmiyyət kəsb edən hala düzgün qiymət verməmiş, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən həmin Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
15. 3-cü maddəsində işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs kimi göstərilmişdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi göstərilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə sol baldır sümüyündən zədə almaqla klinikaya yerləşdirilmiş, onun üzərində əməliyyat aparılmışdır. Hazırki iddiasının əsasını təşkil edən pul məbləğini həmin hadisə ilə əlaqələndirməklə cavabdehdən 15000 manatın tutulmasını xahiş etmişdir. Lakin, iddiaçı iş materiallarına nə həmin məbləğdə pulun sərf edilməsi, nə də həmin zədənin istehsalatda baş verməsi barədə sübutlar əlavə etməmişdir. İddiaçı özü cavabdehlə aralarında əmək müqaviləsinin bağlanmadığını qeyd etmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən həmin Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs kimi göstərilmişdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi göstərilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmadığından, aralarında işçi və işəgötürən münasibətləri olmamaqla iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir.
30. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
32. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqavilə bağlanmadığından, iddiaçının xx.xx.2021-ci il tarixdə aldığı zədənin istehsalatda baş vermiş bədbəxt hadisənin nəticəsi səbəbindən alması kimi qiymətləndirilə bilməz. Bu səbəblə də iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə onun iddiası düzgün olaraq təmin edilməmişdir. Belə ki, hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
34. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi pul ilə bağlı olmaqla onun əsasını istehsalatda baş verən bədbəxt hadisə zamanı alınmış xəsarət təşkil etmişdir. Yuxarıda qeyd olunduğu kimi, baş verən hadisəyə əmək münasibətlərinin hüquqi tənzimlənməsi müstəvisində qiymət verilməsi tərəflər arasında rəsmi əmək münasibətləri olmadığı üçün mümkün deyil.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2024 nömrəli 13 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.