Məhkəmə qərarları › İş №2(103)-4204/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4204/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4204/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 iştrakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və X1 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(010)-63/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və X1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla xx.xx.2014-cü il tarixli İPK 01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 25748 ABŞ dolları əsas borcun, 8394,88 ABŞ dolları faiz borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönədilərək ilkin satış qiyməti 88000 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bankdan götürdüyü kreditin 14000 ABŞ dollarından artıq hissəsini ödəmişdir. Lakin devalvasiya nəticəsində maddi vəziyyətinin pisləşməsinə görə gecikmələr baş vermişdir. Dolların manata nisbətən məzənnəsinin qalxması ilə əlaqədar olaraq kredit ödənişini tam icra edə bilməmişdir. Bank faizləri əsassız olaraq artırmışdır. Buna baxmayaraq kreditin qalan hissəsini əvvəlki kursla ödəməkdən boyun qaçırmır. Bir neçə dəfə banka müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Faizlər yüksək olduğuna görə silinməlidir. Hesab edir ki, bank tərəfindən əlavə faizlərin hesablanması qanunsuzdur. Eyni zamanda ona məxsus evin qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabatı qeyri-obyektivdir və qiymətləndirilən obyektin həqiqi dəyərinə müvafiq deyildir. Müəyyən edilmiş 88000 manat, həmin evin hazırkı bazar dəyərinə uyğun gəlmir. Hal-hazırda ona məxsus evin bazar qiyməti qiymətləndiricinin müəyyən etdiyi qiymətdən xeyli çox, yəni təqribən 150000 manatdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdehlər mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx xxxx 2014-cü il tarixli, İPK01 nömrəli kredit müqaviləsinə əsasən Bank 36 ay müddətinə, illik 28 % şərtilə 29000 ABŞ dolları kredit vermiş, borc alan isə krediti və ona hesablanacaq faizləri geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borc alanın götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İM01 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 130.8 kv.m ümumi sahəsi, 53.4 kv.m yaşayış sahəsi, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən qeyd olunan fərdi yaşayış evinin qiyməti 88000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 24754 saylı rəyə əsasən xx.xx.2014-cü il tarixli, İPK01 saylı kredit müqaviləsi üzrə ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixinə əsas borc üzrə 25754,41 ABŞ dolları, faiz borcu üzrə 8394,88 ABŞ dolları, xx.xx.2017-ci il tarixinə əsas borc üzrə 25754,41 ABŞ dolları, faiz borcu üzrə isə 10177,65 ABŞ dolları təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270, 273,295,307,317.1,319.1, 385.1, 442, 443.1, 448.2, 472.1 və 472.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə hər hansı sübut təqdim edilməmişdir. İş üzrə rəylər kifayət qədər əsaslandırılmışdır, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-63/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar