Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4204/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: aldadılaraq alınmış pulun qaytarılması, qanunsuz faydalanmağa görə zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “etibardan sui-istifadə edilməklə ələ keçirilmiş pulun qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh 2019-cu ilin may ayında X2 vasitəçiliyi ilə tanış olmuş, tanışlıqdan sonra Cavabdeh İddiaçı kənd təsərrüfatı krediti verilməsi üçün (Cavabdeh bildirməsinə görə şərikli istixana təsərrüfatı qurmaq üçün) vasitəçilik təklif etmiş, cavabdeh bu məqsədlə müxtəlif vaxtlarda iddiaçıdan cəmi 7250 manat pul almışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Pulun alınma səbəbini şərikli istixana təsərrüfatı qurmaq niyyəti ilə izah edən Cavabdeh Polis İdarəsində verdiyi izahatında göstərmişdir ki, İddiaçı ona verdiyi 7250 manatın 5050 manatına 130 kiloqram toxum almış, qalan pul ona borc kimi verilmiş, sonradan aralarında narazılıq yarandığından İddiaçı pulunu tələb etməyə başlamışdır.
2. Şükürov X1 Anar Çingiz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7250 manat əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla vurduğu maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 manatın, yəni cəmi 12 250 manat pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, yaxın vaxtlara kimi kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmuş, 2019-cu ilin may ayının ortalarında “Royal Holdinq”də çalışan dostu X5 ilə söhbət zamanı ona bildirmişdir ki, aşağı faizlə kənd təsərrüfatına yardım fondundan iş görmək üçün kredit götürmək istəyir. Cahid demişdir ki, bu məsələni həll edə biləcək Cavabdeh adlı şəxslə yaxın münasibətdədir, Anar kənd təsərrüfatına yardım fondunda hüquqşünas vəzifəsində işləyir. Cahidlə söhbətindən bir gün sonra, yəni 2019-cu ilin may ayının təqribən 16-17-də o, Cahid və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının çıxışı yaxınlığında yerləşən çayxanada görüşmüş, görüş zamanı Cavabdeh bildirmişdir ki, o “Asiya” Fondunun Bakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir, onun xahişi barəsində Cahid onu məlumatlandırmışdır, ona Fonddan 200 000 (iki yüz min) ABŞ dolları məbləğində pul ayrılmasına kömək edəcəkdir. Anardan xahiş etmişdir ki, 200 000 (iki yüz min) ABŞ dollarının hansı şərtlərlə ona veriləcəyini izah etsin. Anar Cahidin iştirakı ilə ona bildirmişdir ki, qeyd etdiyi miqdarda pul məbləğini almaq üçün ilkin olaraq Fonda üzv olmalı, bunun üçün əvvəlcə 100 (yüz) manat üzvlük haqqı ödəməli, sonra isə 2-3 günə 5000 (beş min) manat verməli, bundan sonra biznes planı və digər sənədləri düzəltməlidir. 100 manat pulu dərhal Anara vermiş, Anar bildirmişdir ki, Fondun Türkiyə filialının rəhbəri Beniamin müəllimdir, o, məsələdən halidir. Bundan sonra onlar ayrılmış, ayrıldıqları zaman Anar bir daha təkidlə bildirmişdir ki, 5000 manatı vaxtında çatdırsın. Anardan ayrıldıqdan sonra 5000 manat əldə etmək üçün bir neçə tanışına müraciət etmiş, ancaq Anar dediyi 2-3 günə həmin məbləği əldə edə bilməmişdir. Anar ona görə demək olar hər gün zəng etmişdir ki, təcili həmin məbləğdə pulu ona çatdırsın. 2019-cu ilin may ayının sonunda 5000 manat pulu əldə etmiş və bu barədə Anara xəbər vermiş, Anar bildirmişdir ki, əvvəl görüşdükləri çayxanaya gəlsin. 5000 manat pulla həmin çayxanaya gəlmiş, Anarla görüşmüş, 5000 manatı çayxanada, masa arxasında ona vermişdir. Anar pulu ondan aldıqdan sonra bildirmişdir ki, “Benyamin müəllim hazırda Türkiyədədir. Onun yanına getməlidir ki, məsələni tez həll etsin. Ona görə də ona əlavə 300 (üç yüz) manat yol pulu verməlidir”. Anara əlavə olaraq 300 manat da vermiş, Anar bildirmişdir ki, avtobusla Türkiyəyə gedəcəkdir. Pulu verdikdən 3-4 gün sonra, yəni iyun ayının əvvəllərində Anar zəng edərək bildirmişdir ki, “artıq Türkiyədən qayıdıb, hazırda Bakıdadır, ona ayrılacaq 200 000 (iki yüz min) ABŞ dollarına dair sənədlər ondadır, sənədləri götürmək üçün ona əlavə 2000 (iki min) manat verməlidir, həmin məbləği ofisin rəhbəri Lalə xanıma çatdıracaq, Lalə xanım həmin pulun bir hissəsini özünə götürəcək, bir hissəsini isə tabeçiliyində olan olan iki inspektora verəcəkdir”. Anarla söhbətdən sonra çox çətinliklə 1000 manat məbləğində pul əldə etmiş və əvvəllər görüşdükləri yerdə Anara vermişdir. Anar bildirmişdir ki, “qalan 1000 manatı yeznəsindən alacaq, o, həmin pulu ona verəndən sonra yeznəsindən aldığı 1000 manat borcu qaytaracaq”. Təqribən 6-7 gün sonra 850 manat məbləğində pul əldə etmiş və yenə də həmin çayxanada pulu Anara vermiş, bundan bir neçə gün sonra - 2019-cu ilin iyun ayının təqribən 20-də Anar ona zəng edərək bildirmişdir ki, “sənədlər Türkiyədə təsdiqlənib və Bakıya gətirilib, ona 200 000 ABŞ dolları məbləğində pul ayrılıb, ancaq sənədlərin üzərinə Maliyyə və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən viza qoyulmalıdır və bunun üçün hər nazirliyə 10 000 manat verilməlidir. Anara demişdir ki, “danışıqları belə olmamışdır, sən hər dəfə məndən əlavə pul tələb edirsən, mən sənə artıq 7250 manat vermişəm və hələ ortada heç nə yoxdur”. Həmin pulu tapmaq üçün dostlarına müraciət etmiş, dostları məsləhət görmüşlər ki, Anara pul verməsin. Bundan sonra Anarın onu aldatdığına əmin olmuş, Anar onun telefon zənglərinə cavab verməmiş, Anarın “Asiya” adlandırdığı Fondun mövcud olmadığını öyrənmişdir. Anarın dələduzluq cinayəti törətməsi faktına görə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizəsi ilə müraciət etmiş, Anar müstəntiqə verdiyi izahatında onun 7250 manat pulunu ələ keçirməsini təsdiq etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə eyni zamanda xüsusi qərardad çıxarmış, Cavabdeh kənd təsərrüfatı krediti almaq üçün vasitəçilik etmə vədi ilə İddiaçı 7250 manat məbləğində pul alması və əməlində dələduzluq cinayətinin əlamətlərinin olması barədə araşdırma aparılması üçün Bakı şəhəri Nizami rayon prokuroruna göndərmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh polisə verdiyi izahatda yalnız şərikli istixana təsərrüfatı qurmaq üçün iddiaçı ilə ünsiyyətdə olduğunu, ondan yalnız bu məqsədlə pul aldığını bildirib ona hansısa kredit verilməsi üçün vasitəçilik vəd etdiyini inkar etsə də, hər iki tərəfin hadisələrin şahidi kimi təsvir etdikləri X5 polisə verdiyi izahatda göstərmişdir ki, Anarın Mirəkbərə kənd təsərrüfatı üçün kredit düzəldə biləcəyini və Mirəkbərə olan 7250 manat məbləğində borcunu qaytarmayacağını dediyinə şahid olmuşdur...Göründüyü kimi Cavabdeh hadisələrin şahidi kimi təsvir etdiyi şəxs izahatında onun İddiaçı kredit verilməsi üçün vasitəçilik vəd etməsi, ondan bu məqsədlə sənədləşmə adı ilə pul tələb etməsi, onun İddiaçı 7250 manat pul borclu olması, lakin borcunu qaytarmaqdan qəsdən yayınması ilə bağlı iddiaçının qeyd etdiklərini təsdiqləmişdir. Həmçinin, Cavabdeh hər nə qədər kredit məsələsi ilə bağlı qeyd edilənləri inkar edib pulun şərikli istisxana təsərrüfatı qurulması üçün, bir hissəsinin isə borc kimi alındığını bildirsə də, polisdə verdiyi izahatda pulun qaytarılmasına görə bütün məsuliyyəti öz üzərinə götürərək pulu qaytaracağına söz vermişdir. Göründüyü kimi Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 7250 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır və cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur.
7. Məhkəmə iddiaçının digər tələbi ilə bağlı qeyd etmişdir ki, qanunla əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Yəni, bunun üçün iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən ona müvafiq məbləğdə maddi zərər vurulmasa idi o, adi mülki dövriyyə şəraitində hansısa məbləğdə gəlir əldə edəcəkdi. Hazırkı işdə isə bu hal müəyyən edilməmiş, iddiaçı yalnız formal olaraq iddianın tələb hissəsində əldən çıxmış faydanı tələb etməklə kifayətlənmişdir.
8. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 14.2.7-ci, 21-ci, 385.1-ci, 386.1-ci, 1091-ci, 1092-ci maddələrinə istinad etmişdir.
9. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və Cavabdeh iddiaçının xeyrinə 2200 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə cavabdehin iştirakı olmadan baxıldığı, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, tərəflər arasında şərikli istixana təsərrüfatı qurmaq üçün münasibət yarandığını, İddiaçı Cavabdeh verdiyi 7250 manat pulun 5050 manatına 130 kiloqram toxum alındığını, yalnız qalan 2200 manatın borc kimi verildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
10. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1092.1-ci maddələri işin hallarına düzgün tətbiq olunmamış, məhkəmə borcla bağlı normaları tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, cavabdeh tərəfindən hər hansı varlanma halı baş verməmişdir. İddiaçı torpaq sahəsinin olduğunu və həmin sahədə istixana qura biləcəklərini, sadəcə Anardan toxum almasına və təsərrüfatı idarə edə bilməsinə köməklik etməsini istəmiş, qeyd olunan məbləğə toxum alınmış, həmin toxumu da iddiaçının göstərdiyi torpaq üçün istifadə etməyi planlaşdırmışlar. Lakin iddiaçı tərəfindən cavabdehə göstərilən əkinçilik üçün istifadə edilməsi nəzərdə tutulan torpaq sahəsi də iddiaçının yalan vəd verməsi səbəbindən istifadə olunmamışdır. Qeyd edilənlər X3 toplanmış materiallarda olan Cavabdeh tərəfindən verilmiş ifadədə əksini tapır. Cavabdehin ifadəsindən də göründüyü kimi o, hər hansı əmlak əldə etməmiş, iddiaçı istixana təsərrüfatı qurması üçün 5050 manat toxuma pul vermiş və pulu batsa da bu işə daxil olmaq istədiyini demiş, cavabdeh yalnız qalan məbləği iddiaçıdan borc aldığını etiraf etmişdir. Məhkəmə isə yalnız iddiaçının izahatına əsaslanaraq əsassız varlanma barədə mülki qanunvericiliyin müddəalarını işin halına tətbiq etmiş, iddiaçının yalandan torpaq sahəsinin olduğunu deməsini və buna görə özünün könüllü iş qurmaq istəməsini, lakin onun dediyi kimi torpağın olmadığına görə toxumları istifadə edə bilməmələrini nəzərə almamış, cavabdehin 5050 manatı yox, qalan 2200 manatı borc aldığını etiraf etməsini və iddiaçının iddia tələbini təsdiq edən mötəbər dəlillərin olmamasına əhəmiyyət verməmişdir.
11. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının “cavabdehdən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla vurduğu maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 manatın xeyrinə tutulması” tələbi rədd olunsa da, o, qətnamədən şikayət verməmiş, Cavabdeh isə apellyasiya şikayətində qətnamənin iddianın təmin olunması ilə bağlı hissədə dəyişdirilməsini istəmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir:
29. İddiaçı müraciəti əsasında Nizami RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh 2019-cu ilin may ayında Cahid vasitəsilə tanış olduğu Mirəkbərin ona ortaq iş görməyi təklif etdiyini, istixana təsərrüfatı quracaqları, pulun Mirəkbər tərəfindən qoyulacağı barəsində razılaşdıqlarını, Mirəkbərin 5050 manatı toxum alınmaqsı üçün verdiyini, qalan pulları şərik kimi ondan borc aldığını, Mirəkbərin ona verdiyi 5050 manat pula ümumilikdə təxminən 130 kiloqram toxum aldıqlarını, Mirəkbər sənədi və şəraiti qurmaq üçün pulu düzəldə bilmədiyindən, habelə toxumların əkiləcəyi torpağın sahibi ona torpağı verə bilmədiyi üçün işin alınmadığını, bundan sonra Mirəkbərlə aralarında narazılıq yarandığını, Mirəkbərin ondan ümumilikdə çıxan 7250 manat xərcini tələb etməyə başladığını, pulu qaytarmağa söz verdiyini, bu məqsədlə hətta toxumu Tovuz rayonundan olan Məqsəd adlı şəxsə satdığını, lakin həmin rayonda su problemi olduğundan və məhsuldarlıq olmadığından toxum əvəzində 850 manat pul ala bildiyini, həmin pulun 680 manatını Bünyaminə toxumun pulundan qalıq qalmış hissəsinə görə verib borcu bağladığını, dollarla kreditinə görə borcu yarandığından Suraxanı Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu, nəticədə heç bir iş görə bilmədiyini, Mirəkbərin 7250 manatını tam olaraq qayataracağına söz verdiyini bildirmişdir.
30. Həmin araşdırma zamanı ifadəsi alınmış X5 göstərmişdir ki, ...Anarı hüquqşünas kimi tandığından Mirəkbərə hüquqşünas olaraq təqdim etmiş, onun yanında pul söhbəti olmamış, yalnız Anar Mirəkbərə kənd təsərrüfatı üçün kredit düzəldə biləcəyini bildirmişdir. Cavabdeh Mirəkbərə 7250 manat borcunun olduğunu boynuna alır, lakin Mirəkbərin onu dəfələrlə təhqir etdiyi üçün pulunu qaytarmaycağını bildirir.
31. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh pul vəsaitinin məhz sonuncunun ona kredit verilməsi üçün vasitəçilik vəd etməsi səbəbi ilə verilmiş olduğu qənaətinə gəlinməsi daha ağlabatandır; belə ki, Cavabdeh polisə verdiyi izahatda yalnız şərikli istixana təsərrüfatı qurmaq üçün iddiaçı ilə ünsiyyətdə olduğunu və ondan yalnız bu məqsədlə, habelə borc kimi pul aldığını iddia etsə də, bu arqumentinin əsaslı hesab olunmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir.
32. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh hər nə qədər kredit məsələsi ilə bağlı qeyd edilənləri inkar edib pulun şərikli istisxana təsərrüfatı qurulması üçün, bir hissəsinin isə borc kimi alındığını bildirsə də, polisdə verdiyi izahatda pulun qaytarılmasına görə bütün məsuliyyəti öz üzərinə götürərək pulu qaytaracağına söz vermişdir.
33. Beləliklə, İddiaçı Cavabdeh 7250 manatı sonradan həyata keçirilməmiş və ya aradan qalxmış əsasla vermişdir və bunun müəyyən edilməsi Cavabdeh üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur.
34. İddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilən izahatlardan (ifadələrdən) başqa sübut(lar) təqdim edilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
35. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
36. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
38. Oxşar mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
39. İşə iştirakı olmadan baxıldığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin göndərildiyi, bildirişlərdən birinin həmin ünvanda qəbul edildiyi aydın olur; qeydiyyatda olduğu ünvanda yaşamamasının məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1929/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manatın tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov