Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4205/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”mənzilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(006)- 423/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "mənzilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş 700 manat məbləğində maddi ziyanın, iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 53, mənzil 131 ünvanında yerləşən ev Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının evi 2-ci mərtəbədə yerləşir. İddiaçının evinin üstündə yerləşən üçüncü mərtəbədəki 134-cü mənzil isə cavabdehə məxsusdur və o, orada yaşayır. İddiaçı 05 dekabr 2019-cu il tarixində yuxarı mərtəbədən ona məxsus mənzilə suyun axmasını müşahidə etmiş, bundan sonra tərəfindən diaqnostika edilməsi üçün usta çağırılmış, həmin vaxtı 41 saylı MKİS-in əməkdaşı Yusif Musayev də iştirak etmişdir. Usta diaqnostika etdikdən sonra mənzilə yuxarı mərtəbədən üç yerdən - unitaz ilə kanalizasiya birləşən borudan, eyni zamanda suyun yığılması vanna ilə borunun birləşən yerindən və metlaxın arasından (stıklardan) su axdığını müəyyən etmişlər. Həmin suların axması nəticəsində iddiaçının evinə ziyan dəymişdir. Su axıntısı nəticəsində hamamın tavan və divarı, həmçinin sanitar qovşağın tavan və divarı tam yararsız vəziyyətə düşmüşdür. İddiaçı cavabdehə bir neçə dəfə dəymiş maddi ziyanı ödəməsi üçün müraciət etsə də, sonuncu bundan imtina etmişdir. 41 saylı MKİS-in rəis əvəzi H.Əsədov və digər səlahiyyətli şəxsləri tərəfindən 23 sentyabr 2021-ci il tarixində akt tərtib edilərək cavabdehə məxsus 134 saylı mənzildən su axması səbəbindən iddiaçıya məxsus mənzilin yararsız vəziyyətə düşməsi və ona maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(006)- 423/2022 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 700 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən iddiaçıya məxsus mənzilə su sızmanın yaranması səbəbinin həqiqətən də onun evindən olması yoxsa onlardan yuxarıda 4-cü mərtəbədə yaşayan qonşunun evindən su sızma nəticəsində olmasının araşdırılmaması, onun öz mənzilinə ondan yuxarıda yaşayan qonşudan su sızması, onun birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından xəbərinin olmaması, çəkişmə prinsipinə riayət olunmaması, ekspertizanın keçirilməsindən xəbərinin olmaması, ekspert onun evinə və ondan yuxarıda (4-cü mərtəbədə) yaşayan qonşunun evinə baxış keçirməməsi, iddiaçının evinə dəymiş ziyanın ondan yuxarı mərtəbədə yaşayan qonşunun evindən su sızma nəticəsində olub-olmamasının müəyyən olunmalı olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 53, mənzil 131 ünvanında, cavabdehin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzilində, yəni 134 saylı mənzildə qeydiyyatda olmaqla yaşaması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan 41 saylı MKİS-in rəis əvəzi H.Əsədov, sahə nəzarətçiləri N.İsmayılov, Ş.Şahsevənov tərəfindən 23 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçının ərizəsinə əsasən Fizuli küçəsi, ev 53 ünvanında yerləşən 131 saylı mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilin sanitar qovşağı və hamam otağının tavan hissəsində su axıntısı aşkarlanmış, məlum olmuşdur ki, su qonşu Cavabdeh məxsus 134 saylı mənzilindən axmışdır. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6163 nömrəli, 11 yanvar 2021-ci il tarixli rəyi) rəyindən görünür ki, tədqiqat zamanı Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 53, mənzil 131-ə həmin mənzilin üst mərtəbəsində yerləşən 134 saylı mənzildən su axıdıldığı və nəticədə 131 saylı mənzilin hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Mənzillərin planlı yerləşməsi, 131 saylı mənzilin hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 53 ünvanında yerləşən 131 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 846 manat məbləğində müəyyən edilmişdir (ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 134 saylı mənzildən su axması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Ekspert rəyində 131 saylı mənzilə 846 manat məbləğində ziyan vurulması göstərilsə də, iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 700 manat tələb edilmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə, yəni 700 manat məbləğində zərərin əvəzinin tutulması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini müəyyən edərkən işdə olan sübutlara, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki işin hallarından və araşdırılmış sübutlardan isə qeyd edilən halların mövcudluğu müəyyən olunmuşdur. Belə olan halda isə cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərəri ödəmək öhdəliyi yaranmışdır. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi, fotoşəkillər və s.) iddiaçıya aid yaşayış sahəsinə su axıdılması nəticəsində mənzilin hamam və ayaqyolu tikililərinə ziyan vurulması aşkar edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan ekspertiza rəyindən görünür ki, cavabdehin təqsiri üzündən susızma nəticəsində, iddiaçıya məxsus mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 846 manat məbləğində müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını, susızmanın onun mənzilindən deyil, 4-cü mərtəbədə yaşayan qonşudan olmasını göstərsə də, rəyin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ekspertiza rəyindən isə görünür ki, ekspert iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində ziyan dəymiş hissələri ətraflı göstərmiş, çəkilən şəxslərin smetasını (mənzilin hamam, ayaqyolu tikilisində qüsurlar əmələ gəlmişdir və s.) hesablamışdır. Eyni zamanda, ekspertiza rəyi işdə olan digər sübutlarla da (daha əvvəl tərtib edilmiş akt, fotoşəkillər və s.) uyğunluq təşkil etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh isə bunun əksin sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə (ünvan 2 yeri və vaxtı barədə rəsmi qaydada bildirişlər göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində də eyni ünvanı həm qeydiyyat, həm də yaşayış ünvanı kimi göstərmişdir. MPM-nin 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (700 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ”mənzilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(006)- 423/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(006)- 423/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4205/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4205/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver