Məhkəmə qərarları › İş №2(103)-4206/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4206/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4206/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun və ona hesablanmış faizin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğvi, kredit borcunun və ona hesablanmış faizin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun və ona hesablanmış faizin qaytarılması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəğd pul kredit müqaviləsinə əsasən, Bank Borcalana 24 ay müddətinə qaytarmaq şərtilə illik 25 faiz ödənilməklə 5000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 4840.78 manat, faiz borcu 291.32 manat və 77.92 manat cərimə borcu təşkil edir.

3. xx.xx.2023-cü il tarixli pretenziya məktublarına əsasən cavabdehin 4840.78 manat əsas borcu, 200.58 manat faiz borcu, 30.55 manat cərimə borcu vardır. Cavabdeh kredit müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kreditin borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00622-00/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 4840.78 manat əsas borc, 291.32 manat faiz borcu, 77.92 manat dəbbə borcu, ümumilikdə 5210.02 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 72.11 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00622-00/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 5000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4840.78 manat məbləğində əsas borc, 228.20 manat məbləğində faiz borcu, 77.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5146.90 manat pul və 71.47 manat dövlət rüsumunun tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borcunun məbləğlərinə diqqət yetirərək qeyd edir ki, iddia təıəbi əsas və cərimə borcu hissədində əsaslı olsa da, faiz borcu hissəsində qismən əsaslı hesab edilməlidir. Belə ki ekspertiza mərkəzinin vermiş olduğu rəydəndə müəyyən olunur ki, cavabdehin maliyyə arayışının verildiyi tarixə əsas borca hesablanmalı olan fazi borcun məbləği 228.20 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3917 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4840.78 (dörd min səkkiz yüz qırx manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 228.20 (iki yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat məbləğində faiz borcu, 77.92 (yetmiş yeddi manat, doxsan iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5146.90 (beş min bir yüz qırx altı manat, doxsan qəpik) manat pul u tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli krediti müqaviləsi ləğv edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 445, 448.1, 448.2, 449.4, 467, 739.1, 739.2, və Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2357/2023 15 avqust 2023-cü il tarixli qətnaməsini cərimə hissəsində ləğv edib, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki iş üzrə qətnamə qəbul edildikdən dörd ay sonra qətnamənin qəbul edilməsindən xəbəri olmuşdur. İddianın cərimə hissəsi mütənasibsiz yüksəkdir və iddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçı isə əsassız olaraq müqavilə şərtləri üzrə verdiyindən daha artıq məbləği ondan tələb edir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. İndiki halda isə hakim cərimə borcuna münasibətdə onun mövqeyini nəzərə almamış və ekspertizanın rəyini əsas götürmüşdür. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə cərimə məbləğinin tənasübsüz yüksək olmasını nəzərə almamışdır. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi həmin hissədə ləğv olunmalı və iş üzrə iddianın dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının tələbinin əsasının təşkil edən müqavilə üzrə nəzərdə tutulan cərimə məbləği məhkəmədə tam araşdırılmamışdır. İddiaçının qeyd etdiyi faiz məbləği azaldıldığı halda cərimə məbləğinin 77.92 manat pulun tutulmasını əsassız hesab edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin cərimə məbləğinin təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cərimə məbləğinin təmin edilmiş hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 77.92 manat məbləğində cərimə borcu tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilməlidir.

19. Belə ki, hazırkı iddiasında iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə 4840.78 manat əsas borc, 291.32 manat faiz borcu, 77.92 manat dəbbə borcu, ümumilikdə 5210.02 manat məbləğində borcun pulun tutulmasını xahiş edir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, müqavilənin ləğv edilməsi, Cavabdeh 4840.78 manat məbləğində əsas borc, 228.20 manat məbləğində faiz borcu, 77.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5146.90 manat məbləğində pulun tutulması qət edilmişdir.

21. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan cərimə borcunun məbləği hissəsində mübahisələndirilir.

22. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli nəğd pul kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan cərimə borcu 30.55 manat məbləğində müəyyən edilməlidir.

23. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”

24. "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi, əks halda müqavilə şərtinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbir görüləcəyi barədə 05 yanvar 2023-cü il tarixli, MXD-2023/015 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, FN-00622-00/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas qalıq borcu 4501,87 manat, gecikdirilmiş əsas qalıq borcu 338,91 manat, faiz borcu 15,65 manat, gecikdirilmiş faiz borcu 184,93 manat, gedikdirilmiş günlərə görə dəbbə borcu 30,55 manat təşkil edir.

25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC tərəfindən Cavabdeh 05 yanvar 2023-cü il tarixli bildiriş göndərilən tarixə hesablanmış 30,55 manat məbləğində dəbbə pulunun (cərimə borcu) tutulması qanunvericiliyin tələbinə uyğundur. Çünki, cərimə borcu müqavilədən irəli gələn borcdur. Yəni cərimə borcu müqavilə müddəti üçün hesablana bilər. Tərəflər arasında bağlanmış müqavilə isə "xxxx" ASC tərəfindən Cavabdeh 05 yanvar 2023-cü il tarixli, MXD-2023/015 nömrəli bildiriş göndərməklə ləğv olunmuşdur. Sadəcə məhkəmə müqavilənin ləğv edilməsi hissəsində iddianı təmin etməklə qeyd edilən müqavilənin ləğv olunmasını təsbit etmişdir.

26. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2357/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi “Cavabdeh 77.92 manat məbləğində cərimə borcu tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh 30.55 (otuz manat əlli beş qəpik) manat məbləğində cərimə borcu tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

27. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh 77.92 manat məbləğində cərimə borcu tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 30.55 (otuz manat əlli beş qəpik) manat məbləğində cərimə borcu tutularaq “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar