Məhkəmə qərarları › İş №2(103)-4207/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4207/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4207/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı ” işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“ipoteka müqaviləsinə xitam verilməsi ”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil Mürşüd oğlu, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Qəribov X4» Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsi üzrə cəmi 20380.87 manat məbləğində pul vəsaitinin təminatı olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1,217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmiş, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Halbuki, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir: "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslıdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2362/2023 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, "X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP nömrə-065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlərin əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli-ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir; -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3381/2023 saylı qərarına əsasən cavabdeh "Muğanbank” ASC tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-2362/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh LPO "xxxx" ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsnin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyinin tətbiqi məsələləri üzrə 2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadına ; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanun 48; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, ipoteka xitam verilməsinin əsaslarında hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi qeyd edilməyib, əsas öhdəlik mövcud olduğu halda ipotekaya xitam verilməsi ipoteka saxlayanın hüquqlarını pozur. Həmçinin xx.xx.2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə uyğun izahat verərək, hərracın nəticələrinin etibarsız hesab edilməsinin ipotekaya xitam verilməsi üçün əsas olmadığını, həmçinin şikayətində də qeyd etdiyi kimi əsas öhdəlik mövcud olduğu halda ipotekaya xitam verilməsinin ipoteka saxlayının hüquqlarını pozduğunu, ilkin hərrac keçirildikdən sonra əmlakı 30 gün müddətindən əldə etmələri ilə bağlı hərəkət etməmələrinin səbəbi kimi bildirişin onlara gec çatması ilə bağlı olduğunu, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, hərracın qanunun tələblərinə uyğun şəkildə keçirildiyini, lakin bank tərəfindən qanunla müəyyən edilmiş 30 gün müddətində əmlakın əldə edilməsi ilə bağlı hərəkət edilmədiyini, sonradan qanunvericiliyin tələblərinə zidd olaraq yenidən başqa bir hərrac təşkilatına müraciət edildiyini və ümumilikdə 4 dəfə hərrac keçirildiyini, yalnız 4-cü hərracdan sonra əmlakın qəbul edildiyini, bunun da nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlı artıq Ali Məhkəmə tərəfindən də dəyişdirilmədən saxlanılmış qərarının olduğunu, bunun da icraya yönəldiyini və əmlakın əvvəlki vəziyyətinə qaytarıldığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il tarixli qərarında da 2 dəfədən artıq hərrac keçirilməsinin yolverilməz olduğunu, keçirildiyi təqdirdə isə bunun etibarsız hesab edildiyi və ipotekanın ləğvi üçün əsas olduğunun qeyd edildiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadına əsasən: İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. 5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 11.İş materialları (məhkəmə aktları) ilə təsdiq edilir ki, birinci dəfə "X5” MMC tərəfindən 2017-ci ildə 2 dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Bundan sonra, Abşeron Rayon İcra və Probasiya Şöbəsi 28 oktyabr 2020-ci il tarixli məktubla yenidən, bu dəfə "X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi haqqında qanuna zidd sifariş göndərmiş və yenidən hərrac keçirilməsi xahiş edilmişdir. Bu hərrac təşkilatı tərəfindən də yuxarıda göstərilən tarixlərdə və vaxtda 2 dəfə hərrac keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetinin əldə edilməsi banka təklif edilmiş və tələbkar bank tərəfindən 4-cü dəfə keçirilən hərracın baş tutması nəticəsində fərdi yaşayış evi əldə edilmişdir ki, bu da qanuna zidd sayılaraq "X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP nömrə-065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilmiş və həmin sənədlərin əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli-ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilmişdir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmiş və ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etməkdə haqlı olmuşdur.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43, 48 ; Mülki Prosesual Məcəllənin 76, 77, 80 - 82 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti hüquqdan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdır. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2024 saylı işi üzrə 22.04. 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar