Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4210/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (atası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 noyabr 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı ödənilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının 193 manatdan hər ay hər uşaq üçün 350 manata, cəmi 700 manata artırılması və ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından 14 noyabr 2008ci il təvəllüdlü X4 və 23 sentyabr 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2023 nömrəli 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə 14 noyabr 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2015-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin hal-hazırda şəxsi aylıq qazancı 1200 manatdır. Ödənilən aliment miqdarı uşaqların maddi xərclərini ödənilməsinə yetmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(010)-165/2023 saylı qətnaməsi əsasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 14 noyabr 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması, həmçinin cavabdehdən 50 manat mediasiya xərcinin tutulması qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, uşaqların saxlanması və ehtiyaclarının qarşılanması üçün hər iki valideynin bərabər öhdəliklər daşısa da, cavabdehin öhdəliklərindən yayınması, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasına baxmayaraq, məhkəmənin qanunvericliyinin tələbinə əməl olunmaması, iddianın tam ətmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq - uşaqların hər ikisinin qız olduğunu, onların təhsili və digər xərclərinin qarşılanmasında, eləcə də gələcək təminatları üçün köməkliyə ehtiyacının olduğunu, cavabdehin rəsmi olaraq ofisant işləməsinə baxmayaraq, gəlirlinin yaxşı olduğunu, əlilliyinin saxta olduğunu, hər uşağa 200 manat alimentin az olduğunu, iddia tələbinin təmin olunmalı olduğunu bildirmiş, bu səbəbdən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində verdilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq iddiaçının bildirdiklərinin həqiqətə uyğun olmadığını, cavabdehin İİ qrup əlil olduğunu, ofisant işlədiyini və başqa gəlir mənbəyinin olmadığını, hazırkı aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini, iddiaçının onlara qarşı müxtəlif iddialar verdiyini, onları incitməsini, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və bu səbəbdən şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, tərəflər arasında 22 dekabr 2007-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan 2 yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə pozulması, uşaqların iddiaçının yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, nikah pozulan zamanı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 nömrəli Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndindəki mövqeyinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşdə olan sübutlardan (məhkəmə qərarı və s.) göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırki tələbində məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, hər bir uşaq üçün hər ay sabit pul miqdarında 350 manat müəyyən olunmasını xahiş etmişdir. AM-in 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin ikinci qrup əlil olmasını, ağır fiziki işlərdə çalışa bilməməsini və orta aylıq əmək haqqının 311 manat olmasını, əlilliyə görə 285 manat təqaüd almasını, eləcə də cavabdehin maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutların təqdim olunmamasına baxmayaraq, qanunla uşaqlar üçün 2023-cü ildə nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. İddiaçı isə apellyasiya şikayətində daha artıq məbləğdə alimentin müəyyən olunmalı olmasını göstərsə də, bu istiqamətində məhəkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, alimentin ilk dəfə müəyyən olunmasından sonra keçən kiçik bir zaman ərzində (iddiaçı cəmi 1 ay 19 gün sonra alimentin artırılması barədə hazırki iddianı vermişdir) cavabdehin ailə və maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iş materiallarına əsasən cavabdeh İİ qrup əlildir, iddiaçı cavabdehin əlillik dərəcəsinin saxta olmasını, onun maddi vəziyyətinin yaxşı olmasını bildirsə də, bununla da bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı alimentin miqdarının birinci instansiya məhkəməsinin qət etdiyi məbləğdən (hər uşaq üçün hər ay sabit pul miqdarında 200 manat) daha artıq müəyyən olunması istiqamətində hər hansı mötəbər sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, iddiaçı ümumtəhsil məktəbində müəllim vəzifəsində işləməklə əmək haqqısı 1399.87 manat təşkil edir. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4210/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4210/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver