Məhkəmə qərarları › İş №2(103)-4212/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4212/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4212/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC nümayəndəsi Kənan Əliyevin və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, kredit müqaviləsi və həmin müqavilə ilə bağlı razılaşmalar ləğv edilsin, əsas borc kimi 40.342,66 ABŞ dolları, faiz borcu kimi 7.399,62 ABŞ dolları kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddiaçının xeyrinə tutulsun və tutma Cavabdeh3 məxsus ipoteka predmetinə - Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev № 1B-də yerləşən 78 №-li mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 160.000 manat müəyyən edilsin və mənzil satıldıqdan 1 ay sonra orada yaşayan şəxslər mənzildən çıxarılmaqla mənzil boşaldılsın. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə əsas və faiz borcuna aid hissədə, habelə ipoteka premetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilərək yeni qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC nümayəndəsi Kənan Əliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayəti verən Cavabdeh3 iş üzrə zamin və ipoteka qoyandır. Onunla iddiaçının arasında zaminlik və ipoteka müqaviləsi bağlanıb. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əsas və faiz borcunun məbləği, o cümlədən ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməyib. Göründüyü kimi, apellyasiya şikaytində qətnamıənin bir hissəsi – əsas və faiz borcunun məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi mübahisələndirilib. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı 2 dəfə məhkəmə-mühasibat ekspertizası keçirilib. Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il tarixli 9/5550 №-li ekspert rəyi və xx.xx.2023-cü il tarixli 9/172 №-li ekspert rəyi verib. Qətnamədə əsas və faiz borcunun məbləği həmin rəylərə uyğun müəyyən edilib. Ekspert rəyləri kifayət qədər əsaslandırılıb, təkrar və ya əlavə mühasibat ekspertizasının keçirilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 472, 739 və 741-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, əsas və faiz borcunun məbləğinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı qiymətləndirilmə keçirilib. "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 153 №-li hesabata görə, ipoteka predmetinin likvid qiyməti 160.000 manat təşkil edir. Hesabat kifayət qədər əsaslandırılıb, yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə “İpoteka haqqında” Qanunun 1.0.9 və 39.3.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə iştirak edən digər şəxslər apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar